LAYLASINDAN SÜD İÇDİ
Sədaqətlə yazıbdır
Tarixlərə adını,
Namus, ismət rəmzidir
Azərbaycan qadını.
Qəlbinin istisiylə
Ocağını qızdırar.
Hər dərdi bir yol ilə
Yuvasından azdırar.
Ha qışqırım… Bir azdan
Səsim içimdə batar.
Onun pıçıltısı da
Gedib… Göylərə çatar.
Hər torpaq yetirmir ki,
Mübariztək aslanı.
Laylasından süd içdi
Böyük “Zəfər” dastanı.
Bir ananın sevinci
Çəkilməsin kaş dara.
Təkcə gözünün rəngi
Olursa… olsun qara.
BU, HƏLƏ HARASIDI?
Oynadığın bu hava
Bir sevgi havasıdı.
Eşqə təzə düşmüsən,
Bu, hələ harasıdı?
Eşqdən bəlli tək eşqdi,
Eşqdən sirli tək eşqdi.
Eşqdən dəli tək eşqdi,
Bu, hələ harasıdı?
Dünya sevgi acıdı,
Kim Məcnuna acıdı?
Bal yanında acıdı,
Bu, hələ harasıdı?
Tək ondan danışarsan,
Hər “işə” qarışarsan.
Küsərsən, barışarsan,
Bu, hələ harasıdı?
Sən dağ da yaracaqsan,
Sən bağ da salacaqsan.
Bir ömrü yoracaqsan,
Bu, hələ harasıdı?
DÜNYAYA SEVGİYLƏ BAX
Sevgisiz yaşayan da,
Sevgisi dəniz də var.
Dünyaya sevgiylə bax,
Sevgidən təmiz nə var?
Yaxşıdısa, yaxşı de,
Yaxşı, ömrə naxışdı!
Heca, sərbəst, yaxşıdı,
Amma ki, əruz da var.
Yaxşı, pis… çox şey gördüm,
Ömrü dərd ilə böldüm.
Bu yanda nə var, bildim,
O yanda mənsiz nə var?
Bəxtəvərdi hər gülən?
Bəxt verdi ömür verən?
Ana görmədim, görən
Vətəndən əziz olar?
İNDİ GÜNAHKAR MƏNƏM?
Unutmusan deyəsən,
Unutmusan niyə sən?
Yadında deyil yəni?
Gözündən göz yaşını
Silməyə gəlmişdim mən,
Silməyə qoymadın ki,
Nəyim vardı, səninlə
Bölməyə gəlmişdim mən,
Bölməyə qoymadın ki,
Gündə yüz yol başına
Dönməyə gəlmişdim mən,
Dönməyə qoymadın ki,
Bir sevginin yolunda
Ölməyə gəlmişdim mən,
Ölməyə qoymadın ki…
Eylədin gen dünyamı
Özün o vaxt dar mənə:
Olmadın sən yar mənə,
İndi günahkar mənəm?
LAP NAĞILA BƏNZƏDİ
Evlərin damı niyə
Biri qırdı, biri yox?
İki dostdan da məni
Biri qırdı, biri yox.
Uzaq tutdum haramı,
Bəyənmirlər haramı?
Salam – Allah salamı!
Biri aldı, biri yox!
Tez durdum duranlardan,
Yan qaçdım yalanlardan.
Üzümə duranlardan
Biri laldı, biri yox.
Hər ting üçün əsirdim,
Kölgəsi də bəs indi.
Bir bağın meyvəsidi,
Bir baldı, biri yox.
Şeir kimi bəzədim,
Bircə misram təzədi?
Lap nağıla bənzədi:
“Biri vardı, biri yox”.
SƏN QƏLBİMƏ DƏYƏNDƏ
Harda olsan,
Mən gəlməsəm,
Bil ki, mənim
Ya ayağım qırılıbdı,
Ya da qəlbim.
Aldatmasın səni külək,
Aldatmasın yağışlar…
Sən qəlbimə dəyəndə eh…
Hiss etmirsən.
Hiss etsəydin,
Deyərdin də:
”Qurban olum, bağışla!”
SEVDİYİNİ İNDİ DE
Get, aç ürəyini, de
Ürəyin dediyini.
Get, aç ürəyini, de
Nə qədər sevdiyini.
Get, aç,
Sonra gec olar.
Getməsən, qoyacaqsan
Bir sevgiyə başdaşı.
Qəlbində o olacaq,
Qolunda bir başqası.
XƏBƏRİN BELƏ YOXDUR
Xəbərin varmı sənin
Səni səndən çox sevir,
Gözünün önündə də
“Görmədiyin” bir adam?
Xəbərin varmı sənin,
Səni səndən çox sevir,
Sevmədiyin bir adam?
Bu sevgi hardan çıxdı?
Səhəri belə yoxdur.
Bu sevgi onu yıxdı,
Xəbərin belə yoxdur…
ƏYRİ YOLUN BƏLASI VAR
Sən meylini sal bağlara,
Bağların öz səfası var.
Çıx arabir şiş dağlara,
Dağların öz havası var.
Gör yağıbdı qar haraya?
Girib artıq qar araya.
Əyri baxma hər qaraya,
Gözünün də qarası var.
Nə deyim ovu qanlıya?
Ürəksizlər nə anlayar?
Rəhm eləyək hər canlıya,
Onların da balası var.
Gözlə sən hər şeydə arı,
Yurda yarı, elə yarı.
Çoxalıbdı hər cür arı,
İndi az bal arısı var.
Pislər bürüyüb çox yeri,
İnsan kimi otur, yeri.
Əyri yoldan qayıt geri,
Əyri yolun bəlası var.
BİR GÜN MƏNİ SEVƏCƏKSƏN
Beş gün, beş ay… Söylə, axı
Nə qədər “Yox!” deyəcəksən?
Bu gün məni sevməsən də,
Bir gün məni sevəcəksən.
Gözünün içinə baxdım,
Allah yazıb ki, bu baxtı!
Məni sevməmək günahdı,
Bir gün məni sevəcəksən.
İnanıram, nə sirdisə:
Bütün dünya məndən dönsə,
Bütün dünya səni sevsə,
Bir gün məni sevəcəksən.
GÖZDƏN TÖKÜLSƏ DƏ YAŞ
Min əyri var, düz hanı?
Gözün üstə qaş gəlir.
Qış o qədər uzanır,
Qışdan sonra… qış gəlir.
Bilmirəm, bu nə atdı?
Mənim arzum Qıratdı.
Yenə kim kimə atdı?
“Pəncərədən daş gəlir”.
Dərd həmişə ayaqda,
Dərd, tək dərdə dayaqdı.
Əl də yaxşı, ayaq da,
Amma başda baş gəlir.
Yükləmə dərdlə elə,
Bir gün gələcək dilə.
Gözdən tökülsə belə,
Məhz ürəkdən yaş gəlir.
LAZIM DEYİL
Yaşamaqçün sən demə
Bir az yaltaqlıq, bir az
Namərdlik bəs edirmiş,
Heç baş da lazım deyil.
Ölümdən qorxmamışam,
Qorxum öləndən sonra:
Üç-beş adam ağlayar,
Artıq xərc, artıq əzab…
Heç yas da lazım deyil,
Qurban olum, doğmalar!
Məzarım olsa mənim
Bir ağacın altında,
Heç daş da lazım deyil.
QURDA QUZU KƏSİRLƏR
Quzundan muğayət ol,
Quzu gəzirlər, quzu.
Qurdan betərlər qurda
Quzu kəsirlər, quzu.
Əlimi üzüm Yerdən?
Su içmir gözüm Yerdən.
Palazdı? Düzüm yerdə,
Düzü əzirlər, düzü.
Əkdiklərim bar verir?
Güvəndiyim qar verir.
Çörəyi Allah verir,
Duzu kəsirlər, duzu.
BİR SAMAN ÇÖPÜ ATMADI
Bir saman çöpü atdımı
Biri suda batan vaxtı?
Rahat necə yatır yatan
Vicdanı da yatan vaxtı?
Nə yeyir, de, yetim indi?
Dərd yeyir yetimi indi.
Bir barmağın yetimindi
Əlin bala batan vaxtı?
Yer neçə qat, Göy neçə qat?
Barı öz üzünü ağart.
İnadına bir inad qat
Uğur səni satan vaxtı.
Çatır vaxtı dəmirin də,
Şahın, xanın, əmirin də.
Sıx əlini ölümün də…
Ömür sona çatan vaxtı.
Rasif İMANOĞLU