.....

.....

Bir arzu kəsdim qurbanlığına – Şəlalə Adilqızının şeirləri

Bir arzu kəsdim qurbanlığına – Şəlalə Adilqızının şeirləri


***

Gedişin də möhtəşəmdi ürəyimdə;
Gedən sənsən…
Tufan qopur gözlərimdə;
Gedən sənsən…
İstəmirəm, söyləmə də
Gedişinin səbəbini…
Sus!
Səmtini də göstərmə mənə
Gedəcəyin uzaq yerin…
Baxmaram
Heç nəyə, heç kimə;
Mən də gedərəm səninlə.
Gedərəm…
“Sənsiz yaşamaram!” sözümə
Sahib çıxaram!
Dolayaram dikdabanıma dünyanı,
Çiynim üstdən arxaya ataram…
Və…
Və harda olsan,
Gəlib səni taparam!


***

Zirvələrə qar tez düşər,
Zirvələrdən qar gec düşər…
…Dərddi zirvə,
Dərddi qar bəzən…
Çəkir dağın sinəsinə cığır-cığır naxışlar…
…Çəkilir dərdlər,
Ağarır saçlar,
Bir-birinin başına sığal çəkmək üçün
Üst-üstə qalaqlanır yaşlar;
İnsan qocalır…
Ot basan cığırlar insan ömrünə dolandıqca
Dərd də candan bac alır;
Və bir gün, sadəcə,
Xatirəyə dönür insan…
Bir gün də onu xatırlayanların
Yaddaşında itir insan…


***

Gözlərimə mil çəkərəm;
Əksin görən olmasın…
Dilimdə tikan əkərəm;
Adını bilən olmasın…
…Külli-aləm nakam qalsın
Sevgimiz boyda sirdən…
Sus!
Sən də pıçıldama eşqimizi dənizə…
Büküb-bürmələyib əmanət etmişəm
Eşqimizi ömür düyünçəmizə…
Sus!
Adını dilimdən,
əksini gözlərimdən,
səni ürəyimdən oğurlayan
pisniyyət fələk oyanar birdən…


***

Adına şəhadət gətirdim,
Rəsminə tapındım sənin…
Bir ağac əkdim adına,
Bir arzu kəsdim qurbanlığına…
Belə sevdim səni, əzizim;
Belə aldandım sənə…
Üzgünəm…
Günahkaram,
Bidətçiyəm, bilirəm…
Səni gözəl sevdiyim üçün
Allah babadan üzr istəyirəm…


***

Qapımı açıq qoymuşam,
Pəncərəmdən qəfəsləri sökmüşəm…
Gözlədiyim oğrunun
Uğruna dua əkmişəm
Ovcumun çat yerində…
Oğru üçün “əl kitabı” da yazıb qoymuşam
Ömrümün bir küncündə…
Gülüşlərin divarların yaddaşında,
Addımların həyətimin hər daşında,
Baxışların əl güzgümdə,
Eşqin də ürəyimdədi…
…Bir heybə də tikmişəm oğru üçün,
Naxışları sənin “dərd” dediyindəndi…

Şəlalə Adilqızı