Neçə gündür, kirpiyimə od yağır,
Gözlərinin yaş yerindən öpürəm.
Bircə damcı mənə rəhmi gəlməyən,
Ürəyinin daş yerindən öpürəm…
Nə eyləsəm… hər şey boşdur, bilirsən,
Fəsil yaydı, ömrüm qışdı, bilirsən.
Şairlər də bir az huşdu… bilirsən,
Yaddaşının huş yerindən öpürəm.
Könlüm uçdu bir çəpəki baxşa ki…
Saçlarımı əllərinlə oxşa ki…
Dünya fani, hər şey boşdu, yaxşı ki,
Bu dünyanın boş yerindən öpürəm.
***
Könlüm köksümü döyür,
Ay səmanın bağrını.
Zərrə- zərrə duyuram
Sənin bütün ağrını.
Məndəki sən adlı eşq
Ta Gilqameşdən öncə.
Savaşlardan lap əvvəl
Yaradılışdan öncə.
Bu eşq mənim soy-köküm,
Adımdı, e adımdı.
Sənə olan can bağım
Qədimdi e qədimdi.
Bircə sən bu tufanı,
ayazı keçmək istə.
Qovuşsun qoy yarımız ,
Arazı keçmək istə!
Hər gecə yuxularda
Əlim çatmır ağrına
Sənə gəlməmək üçün
Od basıram bağrıma..
Hardasa günəş çıxıb
Məndə dəli fırtına..
Hardasansa qayıt gəl,
Gəl də bu can qurtula.
***
Gözləri yuxulu göy qucağında,
Qızılı bir ulduz parlayır yenə.
Taxta evinizin pəncərəsinə
Yağışla bərabər qarlayır yenə.
Heç nə əvvəlkitək deyil, dəyişib
Qonşunun cır səsli iti sağ deyil.
Sağalıb gördüyün qara dayçanın,
Ağrıyan ayağı ta axsaq deyil.
Bildinmi o gün sən getdiyin yola,
Vələs yarpağını bərk ələmişdi.
Əlini əlimdən aldığın andan
Göylər buludunu silkələmişdi.
Bir ilmi, min ilmi aradan keçən?
Onda çiçəklərin ətri var idi.
Hər şeydən əlavə öz aramızda
Saman çöpünün də xətri var idi…
Min bir söz deyərdi bir təbəssümün,
Sükutun sözlərin itən yeriydi.
Sənin məhəbbətin mənim gözümdə
Bütün sevgilərin bitən yeriydi…
Sevgimlə yoxluğun bu illər boyu
Sənə özüm boyda qucaq açmışdı.
Bu gün görüşünə getdiyim bağda
Söyüdlər ilk dəfə qucaqlaşmışdı.
***
Sənin gözlərinə yuxu gedəndə
Başının ucunda oyaq olacam.
Nəyi atırsan at, onları atma!
Sənə məktublarım dayaq olacaq.
Götür və qoxla.
Ta fəth edən olmaz könül adanı.
Alan olmayanda dərdi-qadanı,
Bağrının başında mənim məqamım-
Bir ağrı, bir boşluq, oyuq olacaq.
Əlinlə saxla.
Dadı olmayacaq yağın, balın da.
Qardaş da bacı da kəndi halında.
Ən məsud ,əd kövrək, isti anında
Yatağın bir anlıq soyuq olacaq,
Doyunca ağla.
Yandırdın bağrımı, közün öldürdün,
İçimdə sevdalı sözü öldürdün.
Yunuslu Sevinci özün öldürdün
Etməsən el-aləm duyuq olacaq-
Gözünü bağla!
***
Göy üzü ənginiydi
Günəşi rənginiydi..
O bulud sən kimiydi
Gedirdi, alınmadı..
Tikanlı bir arıydın
Xınalıqda qarıydın.
Sonuncu siqarıydın
Bitirdim, alınmadı.
Gördüm dar ayağını
Yıxdım Avey dağını.
Ürəyimin yağını
Gətirdim, alınmadı.
Axdı üzümdən dəniz,
Soldu gözümdə filiz.
Bu sən,bu mən,bu da biz
İtirdin, alınmadı..
Su sızdıran damıydım.
Nə bitməz xatamıydın
Lənət bir adamıydım-
Bilirdin, alımadı.
Uzağa qaç dəlidən,
Söz aç Şaiq Vəlidən.
Əlini çək əlimdən
Tuturdun, alınmadı…
***
Yaman çətin olurmuş uzaqların həsrəti
Bu gecə ürəyimin bir sükut yuxusu var.
Bəs necə könlüm dözsün həsrətinə uzağın
Əllərimin əlinə qovuşmaq qorxusu var,
Qorxumu yıx gəl..
Dağıtdı hər şeyimi sevgimin tufan yeli,
Bütün keçmişi sıxdım bağrımın daş yerinə
Bir azca rəhmin olsun..insafını yarama
Əlini sarğı eylə gözümün yaş yerinə,
Bir axşam çıx, gəl.
Kim bilir hansı adda bir ruha hopacaqsan?..
Hər dəfə qaçışında özündən qopacaqsan.
Məni sorsan gözünün içində tapacaqsan,
Güzgüyə bax, gəl.