Milli istiqlalımızın Bəxtiyar harayı…
Ötən əsrin 50-ci illərində Qırğızıstanda Çingiz Aytmatovun, Qazaxıstanda Oljas Süleymenovun nəsrində milli düşüncənin ədəbiyyata gətirilməsi ilə Mərkəzi Asiyada ilk dəfə vahid sovet ideoloji xəttinin qırılması və ədəbiyyatın mənəvi buxovlardan azad olunması yaranan əsərlərdə öz bədii ifadəsini tapmış oldu. Azərbaycan ədəbiyyatında Bəxtiyar Vahabzadənin adı ilə başlayan bu mərhələ elə Bəxtiyarın yaradıcılığı ilə də zirvə nöqtəsinə çatdı.
O zamanlar böyük Azərbaycan şairi Məmməd Arazın dillər əzbəri olan misraları bütövlükdə Bəxtiyar Vahabzadənin amalını, yaradıcılıq qayəsini, şəxsiyyətini və xarakterini özündə ehtiva edirdi:
Qalx ayağa, qoca vulkan, Səninləyəm!
Ayağa dur, Azərbaycan, Səninləyəm!
Bu, Şəhriyar harayıdır!
Bu, Bəxtiyar harayıdır!
– deyən Məmməd Araz sanki sözün çalarları ilə Bəxtiyarın emosional-bədii portretini yaradır və Onun ədəbi şəxsiyyətini Azərbaycan istiqlal ruhunun harayı, milli məfkurəmizin haqq səsi kimi mənalandırırdı. İnsanların ruhani azadlığını buxovlayan imperiyanın ideoloji-mənəvi qandallarını, Azərbaycanın Güneyində – Arazın o tayında qardaşı-qardaşı ayıran tikanlı məftilləri sözünün gücüylə söküb atan Bəxtiyar Vahabzadə görkəmli ictimai-siyasi xadim Süleyman Dəmirəlin söylədiyi kimi “Türk dünyasının ən böyük istiqal mücadiləçi şairi” idi.
“Göytürklər”, “Özümüzü kəsən qılınc”, Dar ağacı” əsərləri ilə türkçülük ruhu aşılayan ustad sənətkar “Gülüstan”, “İstiqlal”, “Köklər və budaqlar”, “Yollar və oğullar”, “Mərziyə” əsərləri ilə milli birlik, bütövlük, azərbaycançılıq məfkurəsinin ideoloji əsaslarını qələmə
almışdır.
Bəхtiyar Vahabzadənin istiqlal poеziyasının əhəmiyyətli bir qolunu ana dili mövzusu, Güney Azərbaycanda ana dilində təhsil məsələsi, Azərbaycanın Günеyi ilə bağlı qələmə aldığı poеtik örnəklər təşkil edir. Müəllif daim bu məsələyə diqqət yetirmiş, ayrı-ayrı yazılarında millətin kimliyi olan ana dilinin müxtəlif məqamlarını və aspektlərini qabartmağa çalışmışdır. Şairin qənaətincə, dil hər bir millətin varlığının ilkin təzahürlərindəndir; dilini qeyb edən bir toplumun öz mövcudluğunu qoruyub saxlaması mümkün deyildir.
Güney Azərbaycanda milli düşüncəyə qarşı repressiyanın səngimədiyindən daim narahatlıq keçirən şairin hayqırışları tarixin ədalətsizliyi ilə üz-üzə qalır. Cəmi yüz min sayı olan erməninin İran adlanan məmləkətdə öz dilində məktəbi varkən, sayı qırx beş milyondan artıq olan Azərbaycan türkünün ana dilində bir təhsil ocağının belə olmamasını sənətkar zamanın ən ağrılı imtahanı hesab edir:
Yüz min erməninin məktəbi varkən
Yirmi milyon türkə onu qıymadın
Dinində, törəndə bizimlə birkən
Yasanda sən mənim haqqımı sildin
Dininə düşməni əzizləyirkən,
Sən öz dindaşına düşmən kəsildin.
Lakin bütün çətinliklərə rəğmən nikbinliyini və ümidini itirmir şair… Nikbinlik Bəxtiyar Vahabzadə şəxsiyyətinə xas mübarizlik xarakterindən doğur. Ən çətin anlarda belə millətinin haqq səsi olan ustad sənətkar inanır ki, “Bir elin ruhunu, dilini ancaq…Kağızlar üstündə bölmək asandır…”
Bu gün qismətimiz qəm-kədərdisə,
Dünənki birliyimiz heç unudulmaz.
Çayın altındakı torpaq birdirsə,
O tayı bu taydan ayırmaq olmaz.
Sovet siyasi rejimi dönəmində Azərbaycanın Quzeyində Güney mövzusunun aktuallıq qazanmasında Məhəmmədhüseyn Şəhriyarın doğma ana dilində qələmə aldığı «Heydərbabaya salam» poemasının xüsusi təsiri olmuşdur. B.Vahabzadə deyirdi ki, «Heydərbabanın» bütün Azərbaycanı fəth etməsinin səbəbi xalqın dərdlərini açıq, səmimi şəkildə, hər hansı ideologiyanın, rəhbər göstərişlərin diqtəsindən azad ifadə etməsi ilə bağlıdır.
Hələ yaradıcılığının ilk dövrlərindən başlayaraq, Güney Azərbaycan mövzusunda əsərlər yazması Bəxtiyar Vahabzadənin bütövlük amalına və istiqlal məfkurəsinə bağlılığından qaynaqlanır. Şairin qələminə məxsus «Cənublu bacıma», «Vətəndən Vətənə», «Şəhriyara» və digər şeirləri bu baxımdan maraq doğurmaqdadır.
Vətəndaş şair doğma Vətəninin ikiyə parçalanmasına, qədim tarixə malik olan millətinin ayrı-ayrı sərhədlər içərisində yaşamasına dözə bilmir. Xalqına qarşı yönələn bu haqsızlıq onu son dərəcə narahat edir. Müəllif öz dərdini Bağdadda yaşayan, qürbətdən Vətənə boylanan Füzuli ilə müqayisə edir. Lakin Füzulidən fərqli olaraq, o, Vətəninə qürbətdən deyil, öz Vətənindən baxır:
Bu qəmim, bu dərdim dağlardan ağırdı,
Arazın suyuna qarışıb axıram.
Füzuli həsrətlə qürbətdən Vətənə baxırdı,
Mən isə… Vətəndən Vətənə baxıram.
Bəхtiyar Vahabzadənin 1959-cu ildə yazdığı «Gülüstan» poeması sovet siyasi rejimi dönəmində qələmə alınmış poetik örnəklərdən biri kimi diqqət cəlb etməkdədir. O zaman gənc olan şair özünün və ailə üzvlərinin həyatını təhlükə qarşısında qoyaraq bu poemanı çap etdirməyə təşəbbüs göstərmişdir. Lakin mərkəzi mətbuatda poemanı dərc etdirmək mümkün olmadığından bu əsəri çap etmək cəsarətini boynuna götürən «Şəki fəhləsi» qəzetinin redaktoru Məhyəddin Abbasova təqdim etmişdi. Əsər 1960-cı ildə qəzetin 23 və 26 oktyabr saylarında dərc olunmuş, həmin dövr üçün kifayət qədər böyük və indi də xatırlanan bir qalmaqal yaratmışdır. Poemada müəllif yüksək poetik formada Azərbaycanın parçalanması və müstəmləkəçilik tarixinə bədii ekskurs etmiş, imperiyaların əlilə xalqın sürükləndiyi bu faciənin canlı mənzərəsini yaratmışdır.
Azərbaycanın birliyi və istiqlalı uğrunda mübarizə aparmış Səttar xan, Şeyx Məhəmməd Xiyabani və Seyid Cəfər Pişəvərinin xatirəsinə ithaf edilmiş «Gülüstan» poeması Vətənimizin İran və Rusiya imperiyaları arasında parçalanması tarixinə həsr olunmuşdur. Burada qaldırılan problemlər son dərəcə əhəmiyyətli məsələlərdir. Təsadüfi deyildir ki, əsər dərc olunan kimi dərhal senzuranın diqqətini çəkmiş, qəzetin bütün tirajı müsadirə edilmişdi. Poemada Azərbaycanın parçalanması sovet dövrü tarixşünaslığının qeyd etdiyi şəkildə «ilhaq» kimi deyil, «işğal» kimi səciyyələndirilmişdir.
Öz sivri ucuyla bu lələk qələm,
Dəldi sinəsini Azərbaycanın.
Başını qaldırdı, ancaq dəmbədəm
Kəsdilər səsini Azərbaycanın.
Maraqlıdır ki, poemada müəllif Azərbaycanı ikiyə parçalayan bu işğalın təkcə tarixə deyil, bu günə də aid olduğunu israr edir. Başqa bir məqama da diqqət yetirmək lazımdır ki, məhz bu poemanın timsalında “milli birlik, Azərbaycanı vahid görmək ideyası” sovet dönəmində Bəxtiyar Vahabzadədən başlayır.
«Gülüstan» poemasının nəşrindən sonra Bəxtiyar Vahabzadə uzun illər təzyiq və təqiblərə məruz qalmışdı. Mərhum professor Şirməmməd Hüseynov “Milli haqq və ədalət uğrunda” məqaləsində bu məsələyə münasibət bildirərək yazırdı ki: «70-ci illərin əvvəlində universitetin iki professoru açıq imza ilə Mərkəzi Komitəyə 9 bənddən ibarət məktub göndərmişdi ki, Bəxtiyarı universitetdən uzaqlaşdırmaq lazımdır. O professorlardan biri dünyasını dəyişib, digəri isə sağdır. Mərkəzi Komitədən həmin məktubu tədbir görülməsi üçün universitetə göndərmişdilər. Mən də həmin o məktubda göstərilən bəndləri sənədlərlə təkzib edən dəlilləri toplayıb verdim Bəxtiyara. Çalışırdılar ki, onu auditoriyadan uzaqlaşdırsınlar. Amma biz buna imkan vermədik».
Göründüyü kimi, nə qədər çətinliklərlə üzləşməsinə rəğmən ədib yaradıcılığının sonrakı dövrlərində də bu mövzuya müraciət etmiş, qələmə aldığı ayrı-ayrı şeirlərində Güney Azərbaycanla bağlı məqamlara diqqət yetirmişdir. Bəxtiyar Vahabzadənin «Şəhriyara», «Ustad Şəhriyardan Süleyman Rüstəmə», «Səhəndə məktub», «Səhənd qardaşımıza», «Vüsalda hicran», «Sahirə cavab», «Eyni yaşdayıq», «Nə ondansan, nə bundan», «Bakıyla Təbrizin arasındayam», «Azəroğluna», «Tarixin qanunu», «Gözəl sözlər», «Ölümə gedəndə», «Qürbətdə görüş», «Yasəmən üçün», «Bıçaq-qələm», «Lal-kar» və bir çox digər şeirləri Güney Azərbaycan probleminə həsr olunmuşdur. Bu şeirlərdə müəllif bir vətəndaş yanğısı ilə doğma xalqının başına gətirilən faciələrə özünün poetik münasibətini bildirir. Şair Azərbaycan xalqının yaşadığı faciələri həm şəxsi, həm də ictimai müstəvidə dəyərləndirməyə çalışır.
Bəхtiyar Vahabzadənin sovet siyasi dönəmində qələmə aldığı «Mərziyə» (1984) poemasının mövzusu da Güney Azərbaycan xalqının həyatından alınmışdır. Poemada nakam taleli şairə Mərziyə Üskuyinin timsalında Azərbaycanın dərd və ağrıları orijinal bədii ifadəsini tapmışdır. Şairin fikrincə, hər bir millətin varlığı, şərəfi, ləyaqəti onun azadlığı, hürriyyəti, müstəqil dövlətçiliyi ilə bağlıdır. Mərziyə Üskuyinin İranda əsarət həyatı yaşayan Azərbaycan türklərinin dili, azadlığı uğrunda ciddi şəkildə mübarizə aparması və buna görə qətlə yetirilməsi şairi hiddətləndirir. Poema yazılan dövrdə Azərbaycanın Quzeyi də hələ istiqlaliyyətinə qovuşmamışdı. Bu səbəbdən əsər boyu şairin azadlıqla bağlı düşüncələri o taylı-bu taylı Azərbaycan xalqına ünvanlanmaqdadır.
Ümumiyyətlə, Bəxtiyar Vahabzadənin poetik yaradıcılığında Güney Azərbaycan mövzusunun əks olunduğu əsərlərdə vətəndaş şair doğma xalqının və Vətəninin ikiyə parçalanmasına etiraz səsini ucaltmaq məramını izləmişdir.
Bəxtiyar Vahabzadə Güney Azərbaycanda ana dilində məktəb olmaması ilə bağlı yazdığı «İftiraya cavab» adlı məqaləsində ana dili problemi ilə bağlı məsələyə münasibət bildirərək yazırdı: «Milli dildə məktəblərin və uşaq bağçalarının açılmasını tələb etmək hər bir xalqın ən adi və haqlı tələbi deyilmi? Əgər xalqın öz ana dilində tərbiyə almaq və oxumaq haqqı da yoxsa, o nə xalqdır?» Şair eyni zamanda, ana dili haqqında qənaətlərini ifadə edərkən ziyalıların mövqeyinə, dilin yaşadılması və inkişaf etdirilməsində onların roluna da münasibət bildirirdi: «Ziyalısı ana dilində danışmayan xalqın nəinki dili, özü də ölümə məhkumdur». Ədib 2002-ci ildə «Sandıqdan səslər» adı ilə nəşr etdirdiyi kitabına yazmış olduğu «Ön söz»də sovet siyasi rejimi dönəmində ana dili problemi ilə bağlı apardığı mübarizələrə münasibətini açıqlamışdır: «Mənim ən böyük mübarizəm sovet dövründə ayaqlar altında tapdanan, qapılar arxasında qalan ana dilimizin uğrunda həm əməli işimdə, həm də yaradıcılığımda ardıcıl mübarizə idi. Mən bu mövzuya onlarla məqalə, onlarla şeir və poema həsr etmişəm».
«Dili xalqın mənəvi dünyası, milli xüsusiyyətləri kimi dəyərləndirən və bu səbəbdən də dil ayrılığını ruh, psixologiya və mənəviyyat ayrılığı hesab edən» Bəxtiyar Vahabzadənin «Ana dili», «Oğluma», «Latın dili», «Mənim ana dilim», «Özümdən özümə şikayət», «Fəxriyyə», «Özgə», «Mənim anam», «Hara gedir sabahımız» və bir sıra başqa şeirlərində ana dilinin milli-mənəvi düşüncənin formalaşmasındakı yeri və əhəmiyyəti haqqında danışılır, doğma dilə xor baxanlar, biganə münasibət bəsləyənlər sərt şəkildə tənqid olunur.
Bəxtiyar Vahabzadənin «Özümdən özümə şikayət» (1993), «Ana dili» (1954) adlı şeirlərində hər bir xalqın, millətin taleyində doğma dilin son dərəcə mühüm əhəmiyyət daşıdığına diqqət yönəldərək, bununla bağlı poetik düşüncələrini qələmə almışdır:
Bu dil əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək.
Yaradıcılığının ilk dövrünün məhsulu olan bu şeirdə müəllif ana dilini «millətin ruhu, eşqi, canı» kimi dəyərləndirir, onun «babaların əqlindən, kamalından» süzülüb gəldiyini, «xalqın ilk nəfəsindən» yarandığını qeyd edir. Şair, həmçinin ana dilini «əcdadımızın bizə qoyub getdiyi» «ən qiymətli miras», sərvət hesab edir. Biz insanların ən böyük vəzifəsini isə bu dili göz bəbəyi kimi qoruyaraq gələcək «nəsillərə hədiyyə» verməkdə görür.
«Latın dili» (1967) adlı şeirində dünyanın qədim toplumlarından olan latın millətinin məhv olması, ancaq dilinin yaşamasına diqqəti çəkməklə müəllif dolayısı ilə heç bir xalqı əsarətdə saxlamaqla məhv etməyin mümkün olmadığını vurğulamışdır.
Latın dili!
Hər sözündə dünya boyda yük daşıyır,
Latın dili!
Millət ölüb, dil yaşayır.
«Latın dili» şeirində alim və həkimlərin istifadə etdiyi ölü dil olan latın dili ilə Atlantika sahilində imperialistlər tərəfindən yasaq edilmiş canlı dilləri müqayisə edən şair Latın dilini bu dillərdən üstün tutur. Çünki bu dillər millət varkən komalarda dustaq olub, ədəbiyyat və mədəniyyət dili kimi işlənmir. Latın dili isə uzun əsrlərdən keçib gəlib, xalqı olmasa da, elm və təbabət dili kimi işlənir». Şeirdə diqqəti çəkən məqamlardan biri müəllifin dolayısı ilə öz xalqının əsarət həyatına etirazını bildirməsi, sərt şəkildə bu ədalətsizliyə üsyan etməsidir. Belə ki, latın xalqının öldüyü halda, dilinin yaşaması faktı şairə özü yaşaya-yaşaya dilini qeyb edən millət və toplumlar haqqında mülahizə yürütmək imkanı verir. Başqa sözlə,
müəllif latın dilindən danışarkən Azərbaycanın güneyində qan qardaşlarımızın və ana dilinin mənəvi əsarətdə olduğuna diqqəti yönəldir.
Qeyd edək ki, Bəxtiyar Vahabzadə ana dilinin əhəmiyyətini, milli düşüncənin formalaşmasında rolunu ayrı-ayrı şeirlərində dönə-dönə canlandırmışdır. Şairin qənaətincə, hər bir millətin varlığı, mövcudluğu ana dilinin nə dərəcədə qorunub yaşadılması ilə bağlıdır.
Bəxtiyar Vahabzadənin Azərbaycanın Güneyində əsarət həyatı yaşayan soydaşlarımızın dil probleminə həsr olunmuş yazıları onun problemə daha geniş müstəvidə yanaşdığını, ana dilini milli istiqlal probleminin tərkib hissəsi kimi dərk etməsini şərtləndirir. Mütəfəkkir şair ikiyə parçalanmış Azərbaycan türklərinin İran- fars müstəmləkəçilik rejiminin basqıları altında ana dilində oxuyub-yazmaqdan məhrum edilməsinə dözə bilmir və bu haqsızlığa qarşı etiraz səsini ucaldır.
Ana dilinə bu qədər böyük dəyər verməsi B.Vahabzadənin bir vətəndaş olaraq öz xalqının taleyinə həssas münasibətinin göstəricisidir.
Şairin bütün yaradıcılığını izləyən milli-ideoloji məqamlar insanın qəlb və düşüncə aləmi, mənəvi-psixoloji və fəlsəfi-əxlaqi təbiəti ilə möhkəm bağlıdır. Bu poeziya bütün ruhunu folklor, klassik ədəbiyyat və bəşər bədii təfəkkürünün qaynaqlarından götürür. Bəxtiyar Vahabzadə poeziyası hissi idrakla məntiqi idrakın poeziyasıdır! Onun fikir və düşüncə fəlsəfəsi kifayət qədər intellektualdır. Bu baxımdan Bəxtiyar Vahabzadə poeziyasının anlayış, mühakimə və əqli nəticə deyilən hüdudsuz bədii imkanları vardır. Böyük şair poeziyamıza milli məfkurəyə söykənən intellektual yaradıcılıq üslubu gətirib və bu üslub bədii-fəlsəfi təzadların poeziyası kimi fərdilik qazanıb. Sənət məramına çatmaq təşnəsi ilə poetik axtarışlar aparan sənətkar hər dəfə nail olduğu yerdən – hər poetik mətndən yanğıyla nəfəs götürüb. Bəxtiyar Vahabzadə poeziyası sözün həqiqi mənasında, dinclik bilməyən, daim yürüşdə olan, duyğu dolu, ehtiraslı, əzəmətli, müəzzəm poeziyadır!
Bəxtiyar Vahabzadə poeziyasının üzü həmişə millətin tarix və mədəniyyətinə, bütövlük, milli kimlik məfkurəsinə, Azərbaycanın işıqlı gələcəyinə, onun mənəvi üfüqlərinə doğrudur. Şairin nəfəsini özündə yaşadan, ülviyyətdən yoğrulmuş bu poeziya ilahi eşqlə sevən, sevgisiylə kamilləşən insanın özünüdərk yolu, ucalıq və zirvə, vüsət və ləyaqət, məntiq və idrak, milli ruh və birlik deməkdir! Bəxtiyar Vahabzadə poeziyası milli istiqlalımızın harayı, vicdan səsidir!
Yüzillər ötsə də, bu səs hər bir Türkün ruhunda bir təlatüm, oyanış; ustad sənətkarın miras qoyduğu yol isə mənən kamilləşməyə doğru varan hər bir Türkün ruhuna işıq, düşüncələrinə aydınlıq olacaq…
Cavanşir Feyziyev
Fəlsəfə doktoru