OLURSAN
Elə sən boydadı, dünya dediyin,
Gözümdə-könlümdə hər an olursan.
Adın çəkiləndə dönərgəm dönür,
Adım çəkiləndə viran olursan.
Tanrı yazdığına neyniyəsiyəm,
Bu boyda saflığın divanəsiyəm.
Mən bu məhəbbətin azan səsiyəm,
And içmək istəsəm, Quran olursan.
Haqqın dərgahından keçdi, ələndi,
Canım bu sevdaya çoxdan bələndi.
Vədəsiz bu sevgi Haqdan gələndi,
Bəs niyə, sən mənə haram olursan…
TİFAĞIN DAĞILSIN SONUNCU GÖRÜŞ
Bir əldə yaraq var, bir əldə yara,
Bir üzdə qəzəb var, bir üzdə günah.
Həmişə görüşə gedərdik ora,
İndi ayrılmağa gedirik, Allah!
Oxşamaq istəyən əllərim höyüş,
İndi ruhumuzu zaman oxşayır.
Tifağın dağılsın sonuncu görüş,
Birinci görüşə yaman oxşayır.
Ayrıldıq o günü səssiz-səmirsiz,
Bilmirdik intizar, giley olacaq.
Hələ nə görmüşdük ayrılığı biz,
Dedik sevgi kimi bir şey olacaq.
Qatdı başımızı sevginin nəyi,
Yanmadım özgə bir diləyim üçün.
Gözlərim mənimçün qız bəyənmədi,
Təzə dərd yoğurdu ürəyim üçün.
Sonuncu görüş də uzandı bir az,
Ürək indi yolu hara başlayır…
Sevib atılanda sevgi qurtarmaz,
Sevgi atılandan sonra başlayır.
AXI
Pərişan sevgidir, dərdi ölümsüz,
Yetər bir ürəyə bütöv, bölümsüz.
Necə yaşayaram mən bu zülümsüz,
Öldürə-öldürə yaşadır, axı.
Qalan günlərimi həsrət dərdimi…
Dərdiylə sevirəm, olsun dərdi min.
Bir üzü torpağa baxan dərdimin,
Bir üzü dikələn daşadır, axı.
Bu boyda dünyaya tək bizmi yükük, –
Bir qərib taleynən, bir boynubükük.
Eybi yox, bu üzdə ayrı düşmüşük,
O üzdə yerimiz qoşadır, axı.
HƏR GECƏ BİR ŞEİR QIRILAN ÖMÜR
Bu da yol ayrıcı, o köhnə dalan,
Sənsiz viran olub yorulan ömür.
Hər səhər bir misra tökülüb qalan,
Hər gecə bir şeir qırılan ömür.
Çiçək ömrü kimi qırılır elə,
Kim deyir nəyisə itirmək asan…
Mənim itirdiyim bir yana hələ,
Sən bu ayrılıqdan nə qazanmısan…
Nə qəm ki, yuxuya bənzəyir eynən,
Fələk qapımızı daşlayan kimi…
Bir də baxıram ki, səni deyrəm,
Misranı sevgidən başlayan kimi.
Sən bu viran ömrün harasındasan,
Həsrətinin dadını kimdən dadmışam…
Sən adda möcüzə vardımı yerdə,
Yoxsa şeirlərnən mən yaratmışam.
Gerçək olduğunu mən belə bilməm,
Xəyal kimi sevdim, daha nə kimi…
Sonra danışarlar, fani dünyaya,
Səni saxlayıram əfsanə kimi.
Bu da yol ayrıcı, o köhnə dalan,
Sənsiz viran olub yorulan ömür.
Hər səhər bir misra tökülüb qalan,
Hər gecə bir şeir qırılan ömür.
HƏLƏ İNANIRAM DÖNƏCƏYİNƏ…
Hər şey elə-belə qurtara bilməz,
Nəsə gözləməyin vallah, yeri var…
Bəsdi, həsrət ilə yorduq misranı,
Bəlkə də sonunda vusal şeiri var –
Hələ inanıram dönəcəyinə…
Bəlkə ayrılığın döngəsindəsən,
Bəlkə də, başdasan o gündən bəri.
Hər gün yastığına sitəm eyləyən,
Qornan savaşdasan o gündən bəri –
Hələ inanıram dönəcəyinə…
Çox da ki əsər yox gün deyiləndən,
Çox da ki üstünə qaranlıq düşür.
Ömür qürubadır, bilmirəm nədən,
Hər addım başında viranlıq düşür –
Hələ inanıram dönəcəyinə…
Bəlkə də ayrılıq ayrılıq deyil,
Bəlkə də həsrətin sirri-sehri var.
Bu eşqin fərmanı İlahidəndir,
Bu eşqin sonunda Tanrı möhrü var –
Hələ inanıram dönəcəyinə…