.....

.....

TÜRK DÜNYASI SEVDALISI – ŞƏMSƏDDİN KUZƏÇİ.

TÜRK DÜNYASI SEVDALISI – ŞƏMSƏDDİN KUZƏÇİ.

TÜRK DÜNYASI SEVDALISI – ŞƏMSƏDDİN KUZƏÇİ

Araşdırmaçı, jurnalist, şair, dr.Şəmsəddin Kuzəçi! – Bu ad Azərbaycan oxucularına heç də yad deyil. İllərlə ədəbiyyata, ümumən mədəniyyətə verdiyi xidmətlər qədirbilən oxucularımıza yaxşı tanışdır.

Şəmsəddin Kuzəçinin indiyə kimi elmi, ictimai, ədəbi, mədəni sahələrə aid 31 kitabı gün üzü görüb. Uluslararası aləmdə düzənlənən onlarca konqres, qurultay, konfrans və başqa tədbirlərdə İraqlı soydaşlarımızı layiqincə təmsil edən, çoxsaylı təltiflərə layiq görülən görkəmli ədibin adı çəkilincə, əksəriyyətin ağlına ilk olaraq Kərkük gəlir; Şəmsəddin Kuzəçi və Kərkük aldlarını həmişə qoşa işlədirik. Sanki bu iki sözü bir-birindən ayrıd etmək mümkün deyil. Bax, bu, bir insanın taleyinin xalqın, yurdun taleyinə çevrilməsinin bir örnəyidir!…

Onun İraqlı soydaşlarımızın üzüntülərinin çözümü ilə bağlı çalışmaları xüsusilə diqqətəlayiqdir. Zaman-zaman İraqlı soydaşlarımızın yaşadığı sıxıntılar, məruz qaldıqları ayrımçılıq siyasəti Şəmsəddin Kuzəçi və onun əqidə yoldaşlarını öz haqlarının müdafiəsinə qaldırıb. O, böyük bir entuziazmla İraq türkmanlarınınhüquqlarının müdafiəsi ilə mübarizənin ön sıralarında olub və bugün də önsıralardadır: sözü ilə, qələmi ilə, əsərləri ilə!..

***

Şəmsəddin Kuzəçi ilə ilk tanışlığım Türk Dünyası Gənclik Günləri və Qurultayında olmuşdu. Qurultay günlərində bütün tədbirlərdə çox fəal çıxış edir, bir dəqiqə boş dayanmırdı. İstər-istəməz hamı onun enerjisinə, çalışmalarına biganə qala bilmirdi. Sonra o, bizim Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) başqan yardımçısı – uluslararası koordinator seçildi.

DGTYB-nin tanıtdırılmasında, kitab nəşrində, ədəbi-mədəni tədbirlərin keçirilməsində Şəmsəddin Kuzəçinin əvəzsiz xidmətləri olub. Və o bu xidmətləri böyük sevgi ilə, özü də, usanmadan edib. Bax, özlüyündə belə bir çalışma Şəmsəddin Kuzəçinin xarakterini, inamını və ona inamı şəkilləndirən hadisədir, deyərdim. 

***

Şəmsəddin Kuzəçinin 2017-ci ildə Ankarada yayımlanınan “Sarmaşıq duyğular” adlı şeirlər kitabının Azərbaycan türkcəsinə uyğunlaşdırmaq, yaxud bu əsasda yeni kitabını hazırlamaq ideyası, adıçəkilən kitabın 2017-ci ildə Bakıda keçirilən təqdimat törənində yarandı. Və mən də, öz növbəmdə bu işi sevə-sevəetdim.

***

Şəmsəddin Kuzəçinin yaradıcılığında İraq Türkman ədəbiyyatının incilərindən sayılan Horyatların özəl yeri var. Horyatlar – yazarı, söyləyəni bilinsə də, bilinməsə də, ruhumuza həmişə dad verib. Kuzəçi qardaşım deyir:

***

Ağlaram öz içimdə, 
Yanaram, köz içimdə.
İstəmirəm danışım, 
Qoy qalsın söz içimdə.

***

Hər dosta bel bağlama,
Xain yarçün ağlama,
Dünya kimsəyə qalmaz,
Ürəyini dağlama…

Onsuz da bir çoxunu əzbər bildiyim şeirləri Azərbaycan türkcəsinə uyğunlaşdırarkən hər misrada yurd yanğısının nə qədər böyük olduğuna bir daha şahid oldum. Kərkükdən iraq düşən şairin şeirlərinin çoxu həsrət, hicran qoxuyur:

Yurdumdan köçəli elim yasdadır,
Eşitdim, anamın halı xəstədir;
Deyirlər,“tez qayıt, son nəfəsdədir”;
Dostlarım, yerimə anamı görün.
Oxşayın könlünü, halını sorun…

Və ya

Mən Kərkükəm, Çanaqqala!
Zorla məni anamdan qopardılar.
Yardan uzaqlara apardılar.
Zaman-zaman 
qırıq könlümü alardılar.
Mən Kərkükəm, Çanaqqala!
Dimdik ayaqdayam, 
yaşayıram hələ…

Hətta poeziya üçün gələnəksəl mövzulardan biri olan SEVGİdən yazarkən də, şair yenə Kərküyün həsrətini yada salır, Kərkük hicranını ifadə edir. Bu məqamda şairin sevgisinin VƏTƏNi ilə bir vəhdət təşkil etdiyini görürsən və istər-istəməz təsirlənirsən: 

Sən yoxkən
oldum dərbədər.
Kərkükün yoxluğundan.
Ağlım, fikrim oldu hədər…
Səninçün darıxmışam.
Kərkükçün darıxdığım qədər.
Gözlərin, 
Gürgürbaba kimi
məni isidir…

Şeirlərinin birində o, Kərkükdən uzaq düşənləri doğma torpağa geri dönməyə səsləyir: 

Qayıt, dostum, qayıt!
Qayıt yurduna!..
Bir bax!
Qan damalayan
Kərkükün tablosuna!
Şəhidlərin rəsminə.
Bir də bax!
Şeirlərimizin gözəlliyinə.
HORYATlarımızın incəliyinə.
Qayıt, qayıt!…

Belə misraların sayını nə qədər istəsən artırmaq olar. Çünki şair təpədən-dırnağa qədər Yurd sevdalısıdır. 

Lakin mən bu şeir kitabını oxuyarkən dərd-kədərlə yanaşı, nədənsə Günəş sevgisi gördüm, onun hərarətini hiss etdim. 

Bülbülə yazığım gəlir,
Qəfəsdə olur…
Balığa yazığım gəlir,
Dənizsiz ölür…
Yalnız  Günəşi sevirəm:
Günəşi sevən
nə qəfəsdə,
nə də dənizdə 
yaşaya bilir…

Bu sevginin içində daha bir sevgi yer alır ki, onu da qeyd etməyə bilmirəm:

Bir həyat istəyirəm:
Sən, mən, Aybəniz!..
Bir də gəldi 
                             Yunis…
Damlalar oldu dəniz.
Biz artıq okeanıq.

Mənə elə gəlir ki, bütün bu sevgilər Şəmsəddin Kuzəçinin gələcəyə, azadlığa olan sevgisidir: 

Ürəyimi dağlayın,
ağlımı alın, 
didərgin salın.
Yenə mən varam!..
Çünki mən
millətimin keçmişi, 
bugünü və gələcəyiyəm.
Mən bir xurma ağacıyam.

Milləti, milli ruhu onun üçün mübarizə aparanlar yaşadır və gələcək nəsillərə ötürür. Üzümü, daha doğrusu, sözümü İraqlı soydaşlarımıza tutub demək istərdim ki, həqiqətən də, bütün məşəqqətlərə baxmayaraq, SİZLƏR VARSINIZ və hər zaman HAQLI DAVAnın ən ön sıralarında olacaqsız!

Tanrı bu yolda sizə yar olsun!

Rəsmiyyə SABİR