***
Yaddaşımda gedişin,
Ayrılarkən baxışın qalıb.
Cismimdə cismin,
Yastığımda ətrin,
Güzgüdə gülüşün qalıb.
Şeirlərimdə adın,
Damağımda dadın,
Qulağımda səsin qalıb.
Üzümdə hüzün,
Gedərkən nəmli gözün
qalıb.
Çiynimdə başın,
Gözlərimdə yaşın
qalıb.
Hər şeyin məndə qalıb.
Təkcə sən yoxsan…
Nə zaman
Nə zaman yağış yağsa bu şəhərə,
Bir fincan dəmli çayın
həsrətini çəkirəm,
bir də sənin.
Sonra
bir torpaq qoxusu yayılır ətrafa ki,
heç soruşma…
Təkcə onun qoxusuna “yox” demərəm,
bir də sənin.
Sonra
çıxıb küçələrə ataram özümü.
Dəlisi olaram islanmış səkilərin,
bir də sənin.
Sənsə çoxdan unutmusan məni,
bilirəm…
Nə zaman yağış yağsa bu şəhərə
islanıram, kədərlənirəm.
Amma
əsirin oluram sənin.
Bir də ki, çaya
öz rəngindən pay verən gözlərinin…
Neçə dəfə
İnsan neçə dəfə yaşayır?
Siz heç yaşadınızmı?
Mən bir dəfə yaşadım.
Onu ilk gördüyüm
isti bir yay axşamında,
ilk baxışda,
ilk görüşdə,
ilk dəfə
əlini tutduğum an,
onunla birlikdə
nəfəs aldığım zaman
yaşadım.
İnsan neçə dəfə ölür?
Siz heç öldünüzmü?
Mən bir dəfə öldüm…
Onun
məzara sığmayan nəşinə
kürək-kürək sevgi ataraq,
torpağı
göz yaşımla isladaraq
öldüm.
8 fevral 2017-ci ildə vəfat edən həyat yoldaşımı rəhmət və sonsuz həsrətlə yad edirəm.
Əzizim, mən yaxşıyam.
Narahat olma.
O tanış qağayı təlaşı
hələ də içimdədir.
Əgər dərdimi soruşsan,
o heç yox olmadı ki…
Bir də yanımda
ayrı yaşaya bilmədiyim
kədər var…
Qoy, qalsın bir tərəfdə.
Heç ayrılmasın məndən.
Bir də sən…
Digər tərəfimsən.
Ruhumu qidalandıran,
şeirimə ilham verən olan,
ən uzaqdakı
ən yaxınımsan.
Sən canımın
digər yarısısan.
Eynən şairin dediyi kimi
bu gün də
yaddaşıma həkk olmusan…
Azərbaycan türkcəsinə uyğunlaşdıran: Rəsmiyyə SABİR