.....

.....

Əfsanə Rəvanın şeirləri

Əfsanə Rəvanın şeirləri

Səni unudub, atmaq
Məni də, sevmək çətin

Harda gözləyim səni,
Hansı yolda dayanım?
Gecəmi gələcəksən,
O başdanmı oyanım?

Bilirsən, hamı gülür
Səni gözləməyimə.
Dəymirlər atacanı,
Nəsə söz deməyimə.

Səbrimi Allah kəsib,
Sən ki bunu bilirsən.
Ürəyimə damıb ki,
Hardasansa gəlirsən.

Mən ömrümü, günümü,
Yollarına sərmişəm.
Səni dinim, imanım,
Səni Tanrım bilmişəm.

Yalvarır insafına,
Bu div boyda həsrətim.
Səni unudub, atmaq,
Məni də, sevmək çətin.

Məni ürəyində görməyəcəksən

Dərin bir ah çəkib, üşüyən zaman,
Yandırar ağappaq saçların səni.
Həsrətim göz açıb, sənə baxanda,
Başına döndüyüm, xatırla məni.

Darıx söyüd altda, yaz gecəsində,
Bir həzin meh olub əs, mənə sarı.
Bir yerdə, bir yuva qura bilmədik,
Barı, bir ötürək qaranquşları.

Əlləri çinarlım, başı buludlum,
Deyirəm qayıt, gəl, mənə gərəksən!
And olsun, bu dəfə gəlməsən əgər,
Məni ürəyində görməyəcəksən!

Olardım on yaşında

Cismimin ayrı yaşı,
Ruhun ayrı yaşı var.
Ömür harasa qaçır,
Qəribə təlaşı var.

Uzaqlaşır gözümdən,
Yaxınımda olanlar.
Hərdən ağrıdır məni,
Yaşadığım o anlar.

Kaş bu qara ömürün,
Ağ üzünü görəydim.
Mənə sevinc bəxş edən,
Gündüzünü görəydim.

Uşaq-uşaq xəyallar,
Dolanardı başımda.
Kaş ki, böyüməzdim heç,
Olardım on yaşında.