.....

.....

Gözlərəm səni – Əzizə Ağahüseynqızının şeirləri

Gözlərəm səni – Əzizə Ağahüseynqızının şeirləri

SƏNSİZLİK TABLOSU

Sənsiz boş qalıbdr bu küçə, bu yol,
Küskün kücələri necə ovudum?
Boş qalmış izinin baxışlarından
Həsrəti, hicranı necə sovudum?

Gülən gözlərində həsrət havası,
Buludlar hönkürmək istəyir, nədir?
Ayrılıq havası oxudu bülbul,
Sinəmdə bağrımın başı göynədi.

Bu səssiz harayın ilmələrinə
Düzdüm, sətir-sətir şeir toxudum.
Düşüb qədəminə ləpirlərinin
Kövrələ-kövrələ nəğmə oxudum.

Sənsizlik qoxuyur indi bu şəhər,
Dilimdə bir dəstə kövrək bayatı.
Qayıt, sənsizliyə öyrətmə məni,
Qayıt, əzəlinə qaytar həyatı…

SƏNƏ

Əllərim çatmadı təbrik eləyəm,
Könlünü oxşayan ün dərdim sənə.
Yığdim, çiçəklərdən dəstə bağladım,
Bu taydan bənövşə göndərdim sənə.

Təbiət oyanıb güllər açanda,
Çiçəklər min cürə ətir saçanda,
Durnalar Təbrizə sarı uçanda,
Səfin qatarını döndərdim sənə.

Gör neçə arzu var şeir payında?!
Axsın, durulansın axar çayın da.
Ramazan ayında, sultan ayında,
Zikr etdim, dualar əndərdim sənə.

Həsrət obaları konlüm istədi,
Murazım o qərib yollar üstdədir.
Oxu şeirimi, kövrək bəstədir,
Ruhumu göylərdən endirdim sənə…

GEDƏK DAĞLARA

Yazın ətri gəlir, göyərir torpaq,
Cücərir budaqlar, açılır yarpaq.
Çıx kəndin yoluna, əl-ələ tutaq,
Gəl, bahar nəfəslim, gedək dağlara.

Təbəssüm gül açsın baxışlarında,
İslanaq buludun yağışlarında.
Bu yerin, bu göyün alqışlarında
Gəl, bahar nəfəslim, gedək dağlara.

Zirvəni yorğan bil, yamacı döşək,
Sirli dərələrdə dumana düşək,
Həsrətdən kövrələk, vüsaldan bişək,
Gəl, bahar nəfəslim, gedək dağlara.

Ana təbiətin seyrinə dalım,
Şeirəm, bahara bənzəyir halım.
Anama yalvarım, icazə alım,
Gəl, bahar nəfəslim, gedək dağlara.

Yemlik, quşəppəyin özəl taxtıdır,
Daşların üstündə “xına yaxdı”dır,
İndi bənövşənin açan vaxtıdır,
Gəl, bahar nəfəslim, gedək dağlara.

Unluca, əvəlik, nanə də yığaq,
Sevən könüllərin ruhuna sığaq,
Əbədi sevgitək göylərdən yağaq,
Gəl, bahar nəfəslim, gedək dağlara.

İgidlər düsmənə çəkdilər dağı,
Daha girov deyil vətən torpağı,
Çəkilib qınına o qansız yağı,
Gəl, bahar nəfəslim, gedək dağlara.

Yoxuşlar dizini yormasın sənin,
Gül açsın arzular, göyərsin dənin.
Hər yanı gözəldir ana vətənin,
Gəl, bahar nəfəslim, gedək dağlara.

GÖZLƏRƏM SƏNİ

İnadım taleyə qınaq, suçsa da,
Bu vüsal qismətdən kənar qaçsa da,
Xatirən sinəmdə cığır açsa da,
Hər ötən payızda gözlərəm səni.

Sarı don geyərəm xəzəllərimlə,
Bir payız bəzərəm öz əllərimlə,
Könlünü oxşaram qəzəllərimlə,
Hər ötən payızda gözlərəm səni.

Yağışda islansam, çətirim ol sən,
Nərgizim, süsənim, ətirim ol sən,
Hər vaxt xətirlənən xətirim ol sən,
Hər ötən payızda gözlərəm səni.

Dumana bürunsən, sezib taparam,
Dağları, daşları əzib taparam,
Yerin çuxurundan gəzib taparam,
Hər gələn payızda gözlərəm səni.

Sevgin günəşimdir, sevgin ayımdır,
Məhəbbət bulağım, sevgi çayımdır,
Tanrıdan verilən qismət, payımdır,
Hər gələn payızda gözlərəm səni..

Sevgimin yolunda talan ömrümü,
Məni dilə-dişə salan ömrümü,
Verib tufanlara qalan ömrümü,
Hər gələn payızda gözlərəm səni.

YENƏ SƏNƏ GƏLDİM
(Anama)

Qaşları çatılıb payız gününün,
Qaralıb bənizi oyulduğundan.
Büstünə qoyulmuş noyabr gülü
Utanır üstünə qoyulduğundan.

Neçə illər ötür son gedişindən,
Sənsiz günlərimi sayıram, ana.
Bir şirin nağıla dönüb getmisən,
Hicrinlə qəlbimi oyuram, ana.

Zaman kəhərini çapır yel kimi,
Hər anı ömürdə bir naxış qoyur.
O səni andıran məzar daşını
Aramsız hönkürən yağışlar yuyur.

Yenə sənə gəldim, dinim-imanım,
Qarşında muğama, qəzələ döndüm.
Səpdim göz yaşımı məzarın üstə,
Bir payız günündə xəzələ döndüm….