.....

.....

“Səbr ən şirin meyvədir” – Vüsalə Vətənxan

“Səbr ən şirin meyvədir” – Vüsalə Vətənxan

“Səbr ən şirin meyvədir”

Hər bir çətinliklə birlikdə mütləq bir asanlıq var. İnşirah, ayə 5.

Bu həyatın enişi də var, yoxuşu da. Çətinliyi də, əyləncəsi də var. Xoş günləri, sevincli anları. Həyatın hər anını necə dəyərləndirəcəyin səndən asılıdır.

Nemət var ki, bəladan gələr, nemət var ki asanlıqla əldə edərsən. Lakin, nemətin ən şirini onu çətinliklə əldə etdiyin olar. Buna görə də hər bir çətin anda şükr etməyi, Allaha həmd etməyi bilməlisən. Unutma ki, nemətin gecikməsinə şükr etmək (baxın, nemətin gec gəldiyi üçün Allaha şükr etmək) onu daha da tezləşdirər və bərəkətli edər.

Səbr ən şirin meyvədir. Hz. Əli.
Dünyadakı hər bir çətinliyə səbr etmək güc tələb edir. Başına gələn bəlaya belə şükr etməyi bacarmalısan.

Çünki, Allah sevdiyi ilə dərdli ikən danışar.
Mənə dua edin, Sizə cavab verim. Gafir, 60.
Odur ki, hər bir halda Allahı zikr etmək, Ona dua etmək lazım.
Bəla da Ondan, səla da. Yar da Onun, yara da. Şəmsi Təbrizi.

Bacarırsansa bəlanı sev, bəlaya şükr et. Başına nə gələrsə gəlsin, əsla ruhdan düşmə, əsla yenilmə. İtirdiyin hər şeyə şükr et. Mal-mülk də, övlad da, sağlıq da Onun deyilmi? Məgər sənin olanımı itirirsən? Az bir müddətdə sənə pay verilənə şad deyilsənmi? Məgər itirdiyinə üzülməyin, Onun mərhəməti deyilmi? O verməsəydi, bu qədər sevərmiydin əlində olanı? Nədən itirdiyində sanki daim olacaqmış kimi davranırsan? Bu dünyada hər şey keçici deyilmi? Sən, varlığı itirərkən göz yaşı tökürsənsə, nədən yoxluğa şükr etməyəsən ki?

Unutma…
Sevirsənsə, heçliyi sev, heçi sev. Heçdə olanı sev. Çünki, heçdə olan var olandır. Allah hər şeyi heçdən yaratdı. Sən hər şeydən ehtiyacsız ol ki, hər şeyin var olsun. Əgər, indi boşluqdasansa üzülmə.
Sıfıra düşmək yüksəlişdir.
Yerin ən dərinliyindəki otu belə cücərdən Rəbbimiz var. Şükürlər olsun.

Yıxılma…
Fitri təfəkkürün ilə ayaqda qal.

Bütün səbəbləri sıfırla.
Bütün vasitələrdən uzaq ol.
Xarabalığı taxta çevir.
Və ya taxtı xarabalıqda qur.

Hər halınla şükr etməyi bil, şükrün Özü ol. Şükrə doy. Şükürlə doy daim.

Ya Rəbb, Sənə sonsuz şükürlər olsun.

Zülmət qəlblərdən günəşə baxmağı öyrəndim.
Onun varlığındakı işığı içimə çəkdim.
Nurla doldu içim.
Artıq gözlərim bu dünyaya kor olsa da Onu görəcəm.
Onu görən gözə zəval yoxdur.

Daha ağrı çəkmək yox, canım yandı demərəm…
Ruhun yandığı yerdə cismin ağrısı hiss edilməz.
Buna görə ruhumu sağ, diri tutacaq qədər cəsuram.

Ruhu ölü kəslər özlərini diri zənn etməsin, çünki ruh sağlığı üçün yaşamaq yaşamaqdır. Ruhun öldüyü zaman sən də ölərsən. İlk öncə ruhunla yaşamağa çalış. Ruhunla yaşa ki, varlığını hiss edəsən. Varlığını, var olduğunu, Özünü sevəsən. Özünü kəşf edəsən. Özünü, Özü kəşf etsən, bil ki, vüslətin astanasında yar ilə baxışdığını hiss edəcəksən. Özünə, Özə yaxşı bax…
Salam, dua ilə…

Müəllif; Vüsalə VƏTƏNXAN!
AYB üzvü.