“AVQUST LALƏSİ” şeirlər kitabı istedadlı qələm sahibi Fərqanə Səfərlinin ölkəmizdə çap olunmuş ikinci kitabıdır. Kitaba müəllifin seçmə şeirləri və təkbəndli şeirləri daxil edilmişdir.
MİSSİYASI RUH OXŞAYAN MİSRALAR
Fərqanə Səfərlini xeyli vaxtdır ki, tanıyıram. Əsl Azərbaycan qadınına xas saflıq, nəciblik kimi ülvi hisslərin daşıyıcısıdır. Çəkinə-çəkinə şeirlərini mənə göstərmişdi, fikrimi bilmək istəmişdi. Elə özünün xasiyyəti kimiydi şeirləri. Ülvi, nəcib duyğularla süslənmiş bu şeirlərin bir neçəsini doğma “Xudafərin” qəzetində çap etdim. Özünə də ürək- dirək verdim, uğurlu yol arzuladım. Gələcəkdə şeirlərinin kitab halında çıxmasını məsləhət bildim. Budur, Fərqanə Səfərli növbəti şeirlər kitabı ilə yenidən oxucuların görüşünə gəlir.
Özü qəlbən kövrək, həlim təbiətli olduğu kimi, yaradıcılığında da bu ovqat özünü göstərir.
Mənim ümidlərim nağıl kimidi,
Biri var olanda, biri yox olur.
Gözütox, könlütox ağıl kimidi,
Göyün üç alması ona çox olur.
– Beş bənddən ibarət olan və mənim ümidlərim anaforası ilə başlayan bu nümunədə o, ümidlərdən kövrək hisslərlə söz açır. O ümidlər ki, insanı ölməyə qoymur, insanda yaşamağa inam oyadır.
Gördüyünüz kimi, o bu ülvi duyğuları da poetik ovqat üstündə oxşayır, nağıla bənzədir. Axı nağıl da şirindir ümidlər kimi. Nağıllarımızın ənənəvi başlanğıc formalarında olan “biri var idi, biri yox” möcüzəsində dedildiyi kimi, onun ümidləri də utancaqdır sanki, boy göstərməyə, özünü biruzə verməyə ehtiyat edir elə bil. Ona görə də “Biri var olanda, biri yox olur” – deyir müəllif. Həm də burada bir həyati sirr də var: ümidini, arzusunu boğa bilməyəndə, istəyində inadlı və israrlı olanda bu ümidlər də cücərir, həyatda öz əksini tapır. Yalnız bu məqamda ümidi var olur, arzusu gerçəkləşir. Ancaq bəzi hallarda abrına, həyasına bükülüb istəyini, həvəsini içində boğduğu kimi, ümidini də öz içində gizlində saxlayıb qalır. Beləcə ümidi heç yerə gedib çatmır və bu arzu, xəyal olaraq qalan ümid mahiyyətcə yox olur. Buna görə də “Gözütox, könlütox ağıl kimidi bu ümidlər”- deyir. Çünki bir insan kimi özünün də gözü, könlü tox olan Fərqanə Səfərlinin ümidləri də bu mənada özünə bənzəyir. Əbəs deyil ki, bu şeiri aşağıdakı kimi yekunlaşdırır:
Mənim ümidlərim naxış kimidi,
Hörülür qəlbimin divarlarına.
Mən ona məhbusam, o mənə məhbus,
Öləndə azadlıq verəcəm ona.
– Diqqət edin, Fərqanə xanım ümidləri qəl- binin divarlarına hörülmüş naxışa bənzədir, çünki ümidlərin içində xoş duyğuları gəzdirir, həmin o xoş hisslər də əslində naxış, bəzək timsallıdır. Ülvi duyğulardan ibarət olan ümidlərini xalça naxışı kimi qəlbinə hörüb – bu mənada şair könlü, şair ürəyi həm də söz naxışları ilə hörülmüş xalıya bənzəyir. Eyni zamanda ürəkdəki bu xoş duyğuları, arzuları, ümidləri kim- səyə açıb bəyan etməyə həya etdiyindən onları içində məhbus kimi saxlayır, sonda isə “ Öləndə azadlıq verəcəm ona” – deyir. Deyir ki: “Bir ruh kimi ümidlərim də uçub gedəcək, dırnaqarası azadlığa qovuşacaq”. Yəni insan öləndə arzuları, ümidləri azad olur, insanla birgə onu tərk edir. Beləcə insan dünyadan köçəndə onun arzuları, ümidləri də sona yetir ki, Fərqanə Səfərli də bu həqiqəti bədii formada belə səciyyələndirir.
“Avqust laləsi” şeirində oxuyuruq:
Mən ləçəyin itirmiş Gül kimi sabahsızam.
Avqust laləsi qədər
Solğunam, günahsızam.
– Özünü ləçəyini itirmiş güllə müqayisə edəndə əslində itirilmiş ümidinə işarə edir, çünki hansısa bir ümidin qırılması ürəkdə tutduğun arzunun itirilməsi anlamına gəlir ki, şair də elə məhz bunu ləçəyi olmayan gülə bənzədir. Belə bir ümidsiz durumunu isə solğun avqust laləsi fonunda mənalandırır. “Avqust laləsi kimi günahsızam” – dedikdə isə gülün, lalənin günahsızlığı ilə insan dünyasının məsumluğu arasında metaforik oxşarlıq görür. İnsan abrına qısınıb içindəkini dilinə gətirməyəndə arzusu gül açmır, arzusu çiçəkləməyən insanın üzü gülmür, solğun görünür. Bu solğunluq həm də günahsızlıqla sıx bağlıdır. Beləcə, insanın məsumluğu ilə təbiətin təbiiliyi arasında bir harmoniya yaranmış olur.
Əziz oxucular, Fərqanə Səfərlinin poetik söz aləmi ilə baş-başa qalsanız, mənəvi auranız da ruh dincliyi tapar. Sizlər də bu poeziya çələngi ilə ruhunuzu oxşayın.
Şakir ALBALIYEV
Filologiya üzrə fəlsəfə doktoru, dosent