.....

.....

Elçin Mirzəbəylinin şeirləri

Elçin Mirzəbəylinin şeirləri

Bircə kəlmə payız

Sən demə heç yoxmuş həsrətin sonu,
Sən elə tənhaydın, mən elə təkdim…
Nə çəkdin, nə çəkdim,
Bilirəm bunu –
Sən eşqi, mən eşqin şəklini çəkdim…

Sil mənim adımı,
Sil…
Yenidən sil…
Sevgi qatarının son biletindən.
Qəlbimdə ilməsiz bircə yer qalıb
Dur as gözümdəki portretindən…

Son sözüm nə oldu?
“Uzaqmı yollar?..
Bircə kəlmə… susma, burcə kəlmə yaz”.
Dilimin ucunda iki fəsil var –
Bircə kəlmə payız, bircə kəlmə yaz…

Sənə nə göndərim,
Payız, yoxsa yaz?..
Mənimçün fərqi yox, elə xəzandı!
Daha içimdəki ocaq alışmaz,
Sən öz gözündəki çırağı yandır.

…Düşdün ayrılıqlar köçünə, yenə
Yol deyil qayıdıb gələ biləsən…
Dərd deyil çəkəsən içinə, yenə…
Yurd deyil…
Uğrunda ölə biləsən…

Sənsizlik

Gəl, gülüm…
Yetimdi bu qapı sənsiz…
Ayaq səslərinə təşnə dəhlizim.
Bəlkə bir an öncə getmisən, amma
Mən yenə sənsizəm…
Yenə sənsizəm.

Mən yenə sənsizəm…
Bu sənsizliyin
əvvəli ayrılıq, sonu ayrılıq…
Bir sevda böyütdük göz yaşlarıyla –
Nəfəsi ayrılıq, qanı ayrılıq…

Azdıq bu sevdanın dolanbacında?
Sola hellənəndə
Sağa çıxmışiq.
Bir nəfəs çəkmişdik ah çıxarmağa
Demə…
çəkdiyimiz aha çıxmışıq…

Qoy olsun…
Sevgidən doğan bir ahsa
Təpədən dırnağa bu aha bataq.
Sevilmək gunahsa,
Sevmək günahsa
Gəl gülüm…
Birlikdə günaha bataq…

Pozma bu gecənin sənsizliyini,
Bura son mənzilim, dayanacağım.
İçimə çəkmişəm səssizliyimi –
Bu sükut sonuncu sığınacağım.

Bu sükut son dəfə açılan qapı…
Bəlkə son kəlmədi dodaqlarımda…
…Payızı gözləyən yarpaqlar kimi
Asılıb qalmışam budaqlarından.

Asılıb qalmışam, dodaqlarına
Süzülən bir kəlmə yaş kimi, Adam.
Köksünə, ovcuna, yanaqlarına
Basılan bir soyuq daş kimi, Adam,
Edam kötüyündə, dar ağacında
Ən xürrəm…
Ən xoşbəxt baş kimi, Adam…

İndi mənsizliyin qürub vaxtıdır
İndi mənsizliyin payız axşamı.
Məzarım üstündən xatirə kimi
Alıb götürdüyün o qırıq şamı
Yandır,
nəfəsinin hərarətinə
İsinən kölgəsi titrəsin bir az.
Dönüb tənhalığın siluetinə
Dəhlizdə, qapının astanasında…
Həzin yoxluğuma büdrəsin, bir az…

…Görsən dəhlizindən pozulur izim,
Görsən əvvəlki tək yaşanmır həyat –
Gündüzlər səsimə bürün, əzizim…
Gecələr kölgəmi qucaqlayıb yat.

***

Fəsillər yarpaq tökür ömrün yol ayrıcında…
Nə qışın oğlan çağı, nə də yayın istisi –
Fərqi yox,
sızmır daha kirpiyimin ucundan
Nə Günəşin şüası, nə ocağın tüstüsü…

Orda atəşfəşandır…
Göz oxşayır, nə gözəl!
Fərqi yox, alovlanır cəhənnəm atəşindən…
Fərqi yox, ovcumuzda ya yarpaqdı, ya xəzəl,
Fərqi yox bu günün də,
Fərqi yox keçmişin də…

Fərqi yox, sıx köksünə, dəli kimi qucaqla,
Ya da…
“Xain, qaniçən, yağı”, – de azadlığa.
Çək qaranlıq dəhlizə, kürəyindən bıçaqla,
Sonra göz yaşı axıt…
Ağı de azadlığa…

Nə umursan, ay Adam, nə umursan həyatdan?
Üz tutduğun ürəkdi – qəfəsində döyünür.
Gedəcək yerinmi var bu məchul kainatda?
Son mənzilin qapısı nəfəsində döyülür…

Döyülür və döyünür…
Ağrıdan doğur sabah,
Ağrıdan keçir gecə səhəri doğmaq üçün…
Hər səhər dan yerindən min əl uzanır, Allah,
Nəfəsini gəmirmək, ruhunu boğmaq üçün…

Vaxtımız ləngər vurur ağır-ağır saatda,
Əqrəblərin üstünə elə hey sual yağır:
İlahi, görən nə var bu sonsuz kainatda
Hər gün doğmaqdan çətin, hər gün batmaqdan ağır?…

***

İlahi, dualarım qara sevda kimidi
Göy üzündən asılsa
Ciyəsi də tapılmaz.
Sənin hər sualına minlərlə cavab çıxar,
Mənim min cavabımın yiyəsi də tapılmaz.

Nə vermisən – yoxuşdu,
Nə almısan – enişdi…
Endiyim pillələrdən geriyə sayım da yox..
Sənin boşluq içində bir kainat payın var,
Mənim boşluq içində bir Tanrı payım yox.

Yerin cazibəsi kor, göyün cazibəsi lal,
Ömür sükut meydanı –
Sükutu duman kimi.
Bir ömür ömrümüzdən,
bircə yol qəbrimizdən
Süzülür vaxtın qanı –
Qapqara, qətran kimi…

Qaç vaxtın dərgahından, qurtul əsarətindən
Kibrit əqrəbləriylə yandırıb saatları!
Xilas ol tanrıların muzdlu ədalətindən –
Atıb ayaq altına…
Sındırıb saatları…

Bir nəfəs ver, İlahi, bir nəfəs al mənim tək…
Bircə udum hava da bu canda əzab çəkir.
İlahi Yer üzündə mələk də qəribsəyir,
İlahi, göy üzündə seytan da əzab çəkir…