.....

.....

AZADLIĞIN QANDİ DÜSTURU – Vaqif Osmanov (Esse)

AZADLIĞIN QANDİ DÜSTURU – Vaqif Osmanov (Esse)

AZADLIĞIN QANDİ DÜSTURU
(esse)
Xalq çətin duruma düşəndə və xilaskar axtaranda Tanrı çatır imdadına. Tanrı azadlıqsevərləri heç vaxt darda qoymur. Xilaskarlar isə yeni, həm də əbədi və şərəfli tarix yaradırlar.
Dünya mədəniyyətinin, fəlsəfi fikrinin baniləri sırasında yuxarı başda olan hind xalqına da Tanrı bir mübarizə etalonu-lider göndərmişdi – Mohandas Karamçand Qandi (1869-1948).
Kim idi Qandi? Məşhur hind yazıçısı Rabindranat Taqor Hindistanın azadlıq və müstəqillik mücahidinə əbədi və uca titul vermişdi – “Mahatma”, yəni “ULU RUH”.
Qandinin qısa ömürlüyünü (avtobioqrafiya) cəmi üç cümlə ilə deyim. Hindistan azadlıq və müstəqillik hərəkatının siyasi və ruhani lideri (svarac), dünya tarixinin seçilmiş yüz azadlıq mübarizindən biri, nadir zəkalı, ulu ruhlu, sadə, təvəzökar, müdrik, və hazırcavab vətənsevər şəxsiyyət. 300 milyonluq hind xalqının (Qandinin yaşadığı dövrdə) azadlığı uğrunda canını fəda etməyi bacaran qazi və şəhid.
İyirminci yüzilliyin yeni fəlsəfi fikir – Mütləqə İnam öyrətisinin (təliminin) banisi Asif Atanın fikri dahiyanədir: “Qorxu ölümdən qabaqkı ölümdür”. Asif Ata fəlsəfi məktəbinin yetişdirdiyi çağdaş dövrümüzün ünlü filosofu Safruh iki deyimi ilə sanki Qandinin həyatına işıq salır: “Ölümdən qorxma, yalnız ölüyə ölüm yoxdur. Qorxu içimizdəki düşmənimizin müttəfiqidir”. Qandi “ölümün ölümü”nün (qazi şair Süleyman Abdulla) gözünün içinə dik baxan milli lider idi.
Qandi haqqında nə vaxt yazmışamsa İNSAN sözünü çox işlətmişəm. “İnsan olmaq – mübariz olmaq deməkdir (Höte). İnsan və mübarizə məncə sinonim sözlərdir. Köləlik, mütilik insanlığa yad anlayışlardır.
“Bir alim gecə yuxudan ayılıb mətbəxə keçir və təsadüfən görür ki, bir böcək divara dırmaşaraq tavanda oynayan pərvanələrə çatmaq istəyir. Tavana qədər qalxsa da, sonda yıxılaraq yerə düşür. Amma inadından dönmür, yenidən eyni hərəkəti təkrarlayır. Alim bu mənzərəni seyr etməkdən yorulur və yatmağa gedir. Amma səhər mətbəxə gələndə gözlərinə inana bilmir. Böcək tavanda pərvanələrlə oynayırmış (İlham Hüseyn “Azadlıq yolu”).
Məncə, yolundan dönməyən bu böcək kölə və müti insanlardan daha ali varlıqdır. “Həmişə əyilən başlı olmaqdansa, başsız olmaq daha şərəflidir” (Şeyx Şamil). Atatürkə görə, hər tərəqqinin və qurtuluşun anası azadlıqdır.
Qandi mübarizəsinin bir manifesti vardı – insanların bərabərliyi uğrunda mübarizə. Tez-tez həbs olunsa da əyilməz idi, sınmaz idi – poladdan möhkəm idi, hətta həbsxananı özünün evi sayırdı.
Müdrik və hazırcavab Qandi 1931-ci ildə İngiltərə kraliçası tərəfindən İngiltərəyə dəvət olunur. Həmin görüşdə bir jurnalistlə Qandi arasındakı dialoq həmişə xatırlanır Görüşə Qandi hind milli geyimində və sandalda gəlir. Bu zaman jurnalist ona söz atır ki, sizə elə gəlmirmi bu görüş üçün yetərli qədər paltar geyinməmisiniz? Bu suala Qandinin cavabı görüş iştirakçılarına əməlli-başlı tərs şillə kimi dəyir: “Görürsünüzmü, kraliçə həzrətlərinin üstündə ikimizə də yetəcək qədər paltar var”.
Bir dəfə Qandiyə “Siz nəyə görə üçüncü dərəcəli sərnişin nəqliyyatından istifadə edirsiniz?” sualını verirlər. Qandinin cavaı gözlənilməz, yığcam və müdrik olur: “Çünki dördüncü dərəcəli yoxdur”.
Qandi ədalət mücəssəməsiydi. “Ədalətsiz rejimi ədalətlə yıxın, alqışlar önünə qansız əllə çıxın”- deyirdi. Qandi üçün ən ümdə və yeganə fəzilət həqiqəti axtarmaqdır. Onun insanlıq qanunu çox sadə idi: “Sevgi insanlığın, şiddət heyvanlığın qanunudur. Bütün insanlar qardaşdırlar”.
Qandinin aforizmlərnin hər biri sadə və yddaqalan mənəvi xəzinədir:

​​​“Yalançı lap axırda özünü aldadır”.
​​​“Vicdanın səsi bütün qanunlardan üstündür”.

Qandi insanlarla ancaq səmimi ünsiyyət tərəfdarıydı, insanlarda yalnız yaxşılıq axtarırdı.
Qandi sadə və təvəzökar olduğu qədər də sərt idi: “Heç kimə kirli ayaqları ilə beynimdə gəzmək imkanı vermərəm” –“ultimatum”unu da üzünə deməyə cəsarəti çatırdı.
Əməkdaşlıq etməmək, şiddəti olnayan mübarizə Qandinin haqsızlığa qarşı ən güclü silahıydı.
Qandi gələcəkdən çox bu günü fikirləşən siyasi lider olduğundan onu bu gün daha çox narahat edirdi. Çünki gələcəyin uğurunun təməli bu gün qoyulur. Bu günün dəyəri odur ki, onun birinci yarısı dünəndir, ikinci yarısı sabah. Məncə üç şey geri qayıtmır: vaxt, söz və imkan. Qandi vaxtı qiymətləndirməyi bacaran, imkanı əldən verməyən, sözünün sanbalı olan mənəviyyat sahibiydi. Qandi elə bir lider idi ki, nə dünənindən, nə də gələcəyindən utanmayacaqdı. Bu günkü əməlləri onun başını uca etmişdi. O, deyirdi ki, Tanrı mənə gələcəkdə olacaqları idarə etmək bacarığı verməyib, hər xalq bu günü üçün yaşasa, bu günkü əməlləri ilə həqiqəti, ədaləti təmin edə bilsə, gələcək üçün narahat olmaz. Budur Qandi fəlsəfəsinin yetkinliyi.
A.İ.Gertsenə görə, həqiqətin hakimi ürək yox, ağıldır. Qandinin həqiqəti ürəklə ağılın birliyindəydi…
Qandi deyirdi ki, tam kamil, ideal insan yoxdur. Bu əslində ulu babamız Nəsiminin 650 il əvvəl söylədiyi “öz müdrikliyindən əmin olmaq müdriklik deyil” deyimindən qidalanmışdır. Qandi insanları özündənrazılıdan imtinaya çağırırdı.
Qandi kamilliyə can atan lider idi. Qandinin qənaətinə görə, liderlik xalqa xidmət deməkdir. O, “başqalarını xoşbəxt etmək üçün öz səadətini qurban verən adam xoşbəxtdir” nə qədər səmimi olduğunu əqidəsi, amalı ilə sübut etmişdir. Azərbaycanın böyük şairi M.Şəhriyar “həyat əqidədən və əqidə uğrunda mübarizədən ibarətdir” – deyirdi. Bu idi Qandinin məramı!
Qandinin azadlıq mübarizəsinin özünəməxsus cəhətlərindən birincisi mübarizənin Qərb modellərindən imtinadır. Millilik onun əsas meyarıydı. O, bu işdə önəmi yerli mədəni və mənəvi dəyərlərə verirdi. Ona görə də Qandiyə hind xalqının mənəviyyat mücəssəməsi deyirdilər. O, xalqının“ULU RUH”uydu..
“Yaşam hərəkətdir, mənim bütün vücudum həqiqəti axtarmağa yönəlmişdir”.
1948-ci ildə atəşə tutularaq öldürülən Qandi ölümündən beş ay qabaq Hindistana müstəqillik qazandırmış, həyatını qurban verdiyi xalqına azadlıq və müstəqillik şərbəti içirmişdi…
Qandi Tanrıya çatmaq uğrunda mübarizə aparırdı. Bu müqəddəs yol idi. Bu yol İNSANa xidmətdən keçirdi…
Bu Qandinin “ Azadlıq” elminin düsturuydu…

​​​​​​​​​​Oktyabr 2020