QƏZƏL
YaRəbb, mənim gözlədiyim, gəlmədi, getdi,
Onsuz nə qədər qəm çəkirəm, bilmədi, getdi.
Bir gül kimi soldurdu mənim ruhumu həsrət,
Qəlbimdə olan duyğularım, ölmədi, getdi.
Mən dərdimi çöhrəmdə təbəssümlə qurutdum,
Göz yaşımı zalım qayıdıb silmədi, getdi.
Allah mənə güc verdi, ayaq üstə dayandım,
Ömrümdə çoxaldıqca kədər, bölmədi, getdi.
Bir tale götürdüm, yolu möhnətlə uzanmış,
Ancaq bu əziyyətlərim əysilmədi, getdi.
Aləmdə çətinliklə gəlib zirvəyə çatdım,
Çən düşdü mənim ömrümə, seyrəlmədi, getdi.
Lilpar, bu payızdan qışa keçmək də çətindir,
Ömrün yazı, YaRəbb, üzümüz gülmədi, getdi.
QƏZƏL
Aləmdə döyüşdükcə zəfər çaldı ədalət,
Vicdanı olan bəndəyə ad-sandı ləyaqət.
Düz yolla gedib Tanrını sevsin gərək insan,
Aldatmasın aşiqləri, ey dil, bu cəhalət.
Peyğəmbərə göstərdi nə cür sadiq olubdur,
Mövlayə məhəbbət Əlidən qaldı əmanət.
Cənnət və cəhənnəm düşünən sərvətə uymaz,
Gəldikdə əcəl boş qalacaq tiksən imarət.
Dünya evi bir fanidi, dolduqca boşalmış,
İymanı olan bəndəyə qalmış tək ibadət.
Allah yaradıb bəndəni, can verdi cahanda,
Hər dəm bəni-adəm qazanıb ismi- şərafət.
Lilpar, bu qəzəl bağlı qalan çox düyün açmış,
Cahillərə bir dərs olacaqdır bu hekayət
QƏZƏL
Qan tutsa xəstə könlümü, loğmanın axtarar,
Dözməz bu dərdə, möhnətə, dərmanın axtarar.
Gəldim, qapında xəstəyəm, Allah, dayanmışam,
Bir qul verəndə canını, Sultanın axtarar.
YaRəb, mənim bu canımı həsrət yaman üzür,
İnsan, fələk, çətin günü Rəhmanın axtarar.
Dəryanı kim qurutdu, balıqlar susuz qalıb?
Sahildə can verən durub ümmanın axtarar.
Ulduz batanda zülmətə hər yolçu boylanar,
Bir can bədəndə olmasa, karvanın axtarar.
Bənna özül qoyar yerə, kərpiclə ev tikər,
Memar çəkəndə rəsmini səhmanın axtarar.
Dünya dönəndə tərsinə, Yer Göydə flrlanar,
Lilpar düşəndə zülmətə ünvanın axtarar.
QƏZƏL
Ay ürək, sən o vəfadarı könüldən sevdin,
Nə gözəl eşqə düşüb, Yarı könüldən sevdin.
Sənə bir fayda bu gün yoxdu cahan mülkündən,
Yenə Cənnət dediyin “varı” könüldən sevdin.
Elədin köksümün altında fəğan, bülbültək,
Gül açan bağü çəmənzarı könüldən sevdin.
O səməndər quşu aləmdə cəfalər çəkmiş,
Bu səbəbdənmi yanıb, narı könüldən sevdin?
Yaradıb aləmi hər canlıya bir can vermiş,
Gətirən aləmə Me’marı könüldən sevdin.
Uca dağlar kimi yüksəkdə durubsan, qəlbim,
Dayanıb zirvədə, sən, qarı könüldən sevdin.
Yaradan, var Sənə, könlümdə məhəbbət hər gün,
Bilirəm, Sən də bu Lilparı könüldən sevdin
QƏZƏL
Qəmə mübtəladı könlüm, gülə bilmirəm, İlahi,
Qarışıb sevincə həsrət, bölə bilmirəm, İlahi.
Məni çox yorubdu möhnət, bu qədər əziyyət olmaz,
Nə dedim, nələr gətirdim dilə, bilmirəm, İlahi.
Ayağım üzülsə yerdən, uçurar külək yuvamdan,
Çəkər öz əlin yaxamdan, çilə bilmirəm, İlahi?
Alışıb, yananda köksüm, yenə çırpınır bu qəlbim,
Məni gözləyir o Cənnət, gələ bilmirəm, İlahi.
Bu fəna cahanda hər dəm, mənə mərhəmət edibsən,
Necə şahı sevməyim mən kölə bilmirəm, İlahi.
Məni tərk edib cavanlıq, hələ yolda qar, boran var,
Nə zaman yağıbdı dən-dən telə, bilmirəm, İlahi.
Nə qədər ki, arzular var, yaşasın gərək bu Lilpar,
Yaşayan ümidlər ölməz, ölə bilmirəm, İlahi.