***
qağayılar təlaşla baş vurur dənizlərə,
külək süpürgə çəkir qumda qalan izlərə,
baxıram qabığında qurumuş ilbizlərə,
əhvalım qarışıqdır..
qovuram gözlərimdən daş asan uyquları,
hürküdürəm fit çalıb qoşa üzən quları,
ütüləyib geyinib mavi qırçın suları,
dəniz gör necə şıqdır.
batıb -çıxır sularda Ay..
bu nə gözəl ovsun,
dağılıbdı sahilin saçları yosun-yosun,
çoxdan arzulamışdım belə bir evim olsun,
hər yanım sarmaşıqdır.
hara gedirəm belə, hara,
yolumu çaşıb,
bəlkə elə bu dəniz mənim gözümdən daşıb..
qəfil heç sezilmədən hava qaranlıqlaşıb,
içim amma, işıqdır.
durna qatarı kimi düzdüm sözləri səfə,
hardasan su pərisi boy göstər bircə dəfə,
gəl, çək “haqq-hesabını” çox yaxınam hədəfə,
qanım bircə qaşıqdır..
gecənin qulağından asılıb tana kimi,
bir saz səsi ağladı qəlbim yatana kimi,
öldüm-öldüm, dirildim gəlib çatana kimi,
bir mənəm bir aşıqdır..
Gələrsən..
Bu zəmini göz yaşımla suladım.
Sünbülündə dən olanda gələrsən.
Hələ tezdi,o səndəki yaralar,
Məndəkinə tən olanda gələrsən..
Ayrılıqdı əzdirən də,əzən də,
Çox aldanma nə yuxuya,nə zəndə,
Divarlardan tuta-tuta gəzəndə,
Gözlərimdə çən olanda gələrsən..
Susqunluğun qulağımı dəng edib..
Axtararsan ara-sıra zəng edib,
Gözləyirəm möhlətim var,sən gedib,
O qabaqkı sən olanda gələrsən.
Allah olsun,şeytan olsun köməyin,
Çox olubdu bu həsrətdə əməyin,
Çətin olsa sağlığımda gəlməyin,
Bir daş dönüb mən olanda gələrsən..