.....

.....

Soyuqladım sənsizliyə – Azər Ağayev (şeir)

Soyuqladım sənsizliyə – Azər Ağayev (şeir)

Eşq xəstəsi

Nə gözəl səni sevmək!
Qadın, şeir, söz kimi!
Gəl toxun, nəfəsində
Yandır məni köz kimi.

Eşqindən xəstə düşdüm,
Baxışların dərmandır.
Səndən özgə kimim var?
Canım sənə qurbandır.

Könlüm neçə dərd tapdı
Səndən ayrı gecələr.
Qəribsədi bu şəhər,
Sahil bağı, küçələr.

Ömür-gün dediyində
Beş hərf, iki heca.
Bir sənə əsir düşdüm,
Özüm bilmirəm necə?

Gözlərində açdığım
Sabahlar xeyir olur.
Bir gülsən yer üzünə,
Bu dünya şeir olur…

Fırtınadan öncəki səssizlik

Qadın, sən fırtınadan
öncəki səssizlik,
Barmaqlarının ucundan başlayır
bütün üsyanlar saçlarıma doğru…
Elə ki gülümsəyirsən sınıq könlümə,
and olsun saçlarında daranan gecələrə ki,
əllərinin sığalında dayanır hər ağrı.

Odlu baxışlarının kölgəsində
güzgülənir qadınlar,
Fəsillər gülüşlərində bir-birini əvəzləyir,
Tufanlar səndə qopur,
Küləklər səndə əsir.
Ruhumun əzalarında titrəyir
morfin öpüşlərin,
Nəfəsinin odu sükutumu pozur,
Dizlərimin təqatəni kəsir…

Bir gün
məndən çıxıb getsən,
ayaqlarımın altından boşalar dünya.
Səni sevmək – kainatı qucaqlamaqdır,
And olsun
gözlərində parlayan ulduzlara,
dodağında doğan günəşə,
köksündə batan aya…

Dalğalar həzin nəğməsini oxuyaraq
bu dənizin sahilində səni gözləyir.
Bir yarpaq pıçıltısı
kirpiklərində mehə dönür.
Başını qoyursan çiynimə,
Canımdan yorğunluq çıxır.
Gözlərindən tökülən incilər
ovuclarımda şehə dönür…

Sənsizliyin ağrısı

Yoxluğunun sabahında
Soyuqladım sənsizliyə.
Bir xatirə saxlamısan
Səni xatırlayım deyə.

O gecənin ayrılığı
Dodağımda uçuqladı.
Bu şəhərdə hara getsəm,
Xatirələr qucaqladı.

Gözündəki soyuq vida
Ürəyimdə buz bağladı.
Sonra yağış çiskinlədi,
Arxanca payız ağladı.

Küləklər tufan qopardı,
Yarpaqlar etdi intihar.
Bu dənizin sahilində
Təsəlli kimi ətrin var.

Əsir düşdüm gözlərinə,
Ürəyinə məhkum oldum.
Çıxıb getdin, səndən sonra
Bu şəhərdə yetim qaldım…

Ruhun fəryadı

Bir ah düşər gecənin ovuclarından,
Yuxusunu qaçırar ulduzların,
Ayın kölgəsinə it hürər,
Ürəyin saatın səsini dinləyər,
Divarlarda üşüyəndə baxışların
Yuxulu gözlərindən ağrılar keçər…

Sənin fikrini oğurlayanın
Əlləri rəqs edər gecələr uzunu
Kiminsə bədənində,
Dodaqları iz salar sinəsinə,
Barmaqları ucunda kimisə ovudar,
Saçlarını tökər çiyninə,
Yarı sərxoş gülümsəyər onun çöhrəsinə,
Sənə verdiyi sözləri unudar…
Kimsə öpüşlərindən od tutar,
Saçlarında dincələr yorğun ruhu,
Gözlərindən işıq alar…

Səninsə ərşə çəkilər yuxun,
Gecənin gözlərində
Dar ağacından asılar ruhun,
Ucalar fəryadı göyə…
Qarşılarsan sabahı
Taleyinə söyə-söyə…

Son şeir

Ulduzlu axşamları,
Günəşli sabahları
Məndən sonra gəl unut.
Ayaqların üstündə
Durmağı bir az öyrən,
Gözünün yaşın qurut.

Səni elə sevdim ki,
Ürəyinin içində
Ürəyim külə döndü.
Hər baxışın bir ağrı,
Hər gülüşün bir yalan,
Bu eşqin közü söndü…

Bircə sənə tutundum,
Qoruya da bilmədin
Nə məni, nə bu eşqi.
Sevin, gül, gözlərimin
Yaşından axıb getdi
Ömrün vaxtsız su eşqi.

Ürək oyuncaq deyil,
Dəcəl uşaqlar kimi
Salasan, sındırasan.
Bir xatirə qalmayıb
Hərdənbir hirslənəndə,
Küsəndə yandırasan.

Sən nə biləsən axı
Ayrılığın dözümü,
Ədəbi, qüruru var.
Tale qırış salanda
Gözləsən səhər-axşam,
Sənə çıxmaz bu yollar…

Azər Ağayev