Hüznlü demokratiya
Səni ovcunun içində saxlaya bilməyən adam darıxır barmaqların bu tayında.
Küləyin havasına oynayır həyətdəki ağaclar.
Mən də başımı qatıram,
Arada barmaqlarımdan yumruq hazırlamaq istyirəm,
Qayıdıb özümə dəyir beşbarmaq kimi.
Yeriniz yamanca görünür.
Anam hər gün yerinizi yığır alnının qırışlarında…
Əqrəblər gecə saat 12-ni sancan kimi
Öldürür dünəni, zəhərləyir bu günü.
Evdə hüznlü demokratiyadı,
Kədərin ürəyə girişi sərbəstdi.
Deyəsən, çoxdan yoxsuz-
Allah Adəmi unudan gündən…
Ehh!
Yer kürəsini sıxıb suyun çıxartmaq istəyirəm,
Arxanızca atmaq üçün.
Silahların ağzından üflüyüb mərmiləri
beşində boğmaq istəyirəm.
Sonra özümə qayıtmaq!
Bir az əvvəl şəkillərinizə baxırdıq.
Sınıxmısız.
Şərf də düşüb yalvarır ayaqlarınıza.
Vallah dəbsiz geyinmisiz,
Sizə burdan “QAYITMAQ”göndərirəm,
Geyinin, elə bil, biçilib əyninizə, boyunuza.
***
Bir otaqda üç otağı böyütmuşdük.
Həyətimiz böyük idi evimizdən.
Üç-dörd dənə tut ağacı qurumuşdu
Üzümüzü qaraltmaqdan, döyülməkdən, çırpılmaqdan…
Üç-dörd dənə nar ağacı qızarmışdı üzümüzü turşutmaqdan,
Ağzımızda turş dadmaqdan.
Bir otaqda üç otağı böyütmüşdük,
Girişdəcə buxarlanmışdı mətbəx,
Həyat qapını üzümüzə çırpmışdı,
Ağzımızın dadı qaçıb getmişdi evdən…
“Pis günümüz belə olsun”- deyə-deyə
Atamın qara əllərində yuyulub getmişdi yaxşı günlərimiz.
Anamın gətirdiyi cehizlərin içində bircə
“Xoşbəxtlik” gəlməmişdi ata evindən…
Bir otaqda üç otağı böyütmək,
Bir otaqda üç uşağı böyütməkdən çətinmiş.
Saralmış divar kağızlarının altında payızı qarşılamaq,
Yağışdan çıxıb yağmura düşməkdi.