Yuxusu üşüyən körpə
Yurd uğrunda şəhid olub atası
Bu körpənin yuxusuna qar yağır.
Açılmayan dili üstə, ilahi,
” Ata” sözün qoxusuna qar yağır.
Vətən qədər tarixi var, yaşı var,
Bax üstündə uyuduğu mundirin.
Başqa dili anlamaz o, bilməz o,
Bu körpəni yurd dilində dindirin.
Böyüdükcə böyüyəcək dərdi də,
Ürəyindən ağrı-acı yığışmaz.
Öz ömründən asar ata şəklini,
Şəhid adı çərçivəyə sığışmaz.
Ta oxşamaz bu körpənin boyunu,
Döyüşdədir atasının qolları.
Bu körpənin xatirinə yol gəlir,
Uzaqlardan qələbənin yolları.
Anama məktub
Yuxuma gəlmisən bu qış gecəsi,
Qayğılı qəlbinə qurbanam, ana.
Dünyanın ən böyük müqəddəsliyi,
“İncil”im, “Tövrat”ım, “Quran”ım, ana.
Yuxuma gəlmisən bu qış gecəsi,
Yastığım bələnib sənin ətrinə.
Yenə də səpilir layla qoxusu
Ömür kitabının hər bir sətrinə.
Yuxuma gəlmisən bu qış gecəsi,
Ömrü çiçəkləyib yuxularımın.
Sənin gəlişinlə həyat qapısı
Bağlanıb üzünə qorxularımın.
Yuxuma gəlmisən bu qış gecəsi,
Köz düşüb üstünə xatirələrin,
Yuxunu yorğantək çəkir üstümə
Sənin nəvazişli kövrək əllərin.
Günah nağılı
Gözlərinin gözlərimə yazdığı
O məktubun gözlərindən gen düşək.
Duyğuların əlifbası gizlidir,
Gəl bu gizli əlifbada görüşək.
Al ovcuna əllərimi şeirtək,
Xatirələr heca-heca oxunsun.
Sevgi-sevgi çiçəkləyən dodaqlar,
Bir meh kimi yanağıma toxunsun.
Əl eyləyək ötüb gedən anlara,
Çıxarmasın bu sevgini yadından.
Bircə misra məktub yazaq Allaha,
Bu bir anlıq xoşbəxtliyin adından.
Günahına qurban olum, ay Allah,
Bu günahım oğurlayıb ağılı.
Bələnibdir taleyimin ətrinə,
Sevgi dolu bu günahın nağılı.
Məni unut demişdin
Dəniz gözlüm, “məni unut” demişdin,
Gözün aydın, sətir-sətir unutdum.
Gördüm, səni unutmağa tabı yox.
Ürəyimi sənə xətir unutdum.
Sevgi mehi öpməz daha üzündən,
Dadı qaçıb ömür adlı bu yolun.
Götür mənim göz yaşımı, nə olar,
Öz əlinlə göz yaşını yu yolun.
Çatılıbdır qaşı sənli günlərin,
Xatirələr üzün tutub qəhərdən.
Bütün dünya ayrılığa yoluxub,
Sevgi köçüb sən yaşayan şəhərdən.
Vaxtın olsa, bu yaralı misramın
Könlün alib, göz yaşını silərsən.
Dəniz gözlüm, “məni unut” demişdin,
Sevmək özü unutmaqdır biləsən.
Gülümsə, qadın
Sən həyatın sevgi fəslisən,
Hər səhər alnından öpür mələklər,
Diksinir
içindəki xatirələr…
Dodağında bir öpüş,
Gözlərində unudulmaq
qorxusu üşüyür.
Qar altında gülümsəyən
bənövşə kimisən bir az,
Ətrinə,məsumluğuna can atar
ruhunda səni gəzdirənlər
və səni fəth etmək istəyənlər…
Bir ömür
canında balıq kimi çırpınar
fəth olunmaq arzusu,
Utanarsan
işğal olunmuş arzulardan.
Sənin adına
hopub Tanrı qoxusu,
Sən bütün duyğuların
and yerisən, qadın.
Baxma ayrılıqlara,
vüsal sənin özünsən,
Qoy fələk səni
qoxlamasın,
Özündən-özünə sarı
yeri sən, qadın
Adın çiçəkləyən yerdə
Tanrı gülümsəyir
hər gün, qadın.
Sən də gülümsə,
bəxti açılsın tənhalığın…
Üzü gülsün
daraqsız saçların,
duvaqsız acıların.
Gülümsə, qadın
Tanrı üşüyür…
Sən də məni unutdun
Sənə sarı qanad açan ürəyim,
Köynək geyib gözlərimin yaşından.
Hər gün mənə məktub yazır ümidlər,
Gəlib çatmır dünyanın o başından.
Sən də məni hamı kimi unutdun,
Gedib durdun ayrılığın yanında.
Xatirələr üzün yuyur hər səhər,
Yazmadığım misraların qanında.
Yığışdırıb aparmısan səbrimi,
Sözüm yoxdur daha sənə deməyə.
Gözlərimdə bir ev tikib həsrətin,
Əlim qalxmır qapısını döyməyə.
Asta oxu gözlərinə dolacaq,
Varaqdakı bu misralar külümdür.
Son qürurum dodağımı dişləyir,
Deyəmmirəm, sənsiz qalmaq zülumdür.
Urəyimdə dəfn elədim yenə də,
Eşq qoxulu qərib-qərib sözləri.
Məktub-məktub göy uzündə ağlayır,
Yetim qalan bu sevginin gözləri.