QLOBUS
– Atacan, bu qarpızdır?
– Yox, qızım, qlobusdur.
Bir bax, dənizlər, çaylar…
Qlobusun üstündə
Dünyamızın şəkli var.
– Şəkli varsa dünyanın,
Bizim evimiz hanı?
Bəs toplan,
Bəs məstan?
Yox, atacan, söylə ki,
Mən küsdüm qlobusdan…
BALACA MÜƏLLİMƏ
Hələ getmir məktəbə
Altı yaşlı Gülarə.
Dayəlik eləyir o,
İki yaşlı Gülərə.
Kitab alır əlinə,
Oxuya bilir guya.
Tanımır hərfləri,
Çox vaxt “b” deyir “a”ya.
Hərflərin adını
Nə olsun ki, tərs deyir.
Hamı evdən gedəndə
Bacısına dərs deyir.
NAĞIL DANIŞ
Evdə bekar durunca,
Nağıl danış Narınca.
Məlikməmməd de, necə
Divi pusdu gizlicə?
Necə endi quyuya?
Div gedəndə yuxuya
Necə aldatdı onu?
Hey danışdım, danışdım,
Gəldi nağılın sonu.
Göydən üç alma düşdü,
Kimə çatır almalar?
Nərgiz dedi: -Atacan,
Bunu bölməyə nə var?
Öz alma payımı da
Sənə bağışlayım mən,
Nə olar əvəzində
Nağıl danış yenidən…