.....

.....

Ənvər Nəzərlinin qəzəlləri

Ənvər Nəzərlinin qəzəlləri

***

Günümü qarə edən zalım, üzün ağ olsun,
Qoydun ağlar məni, keyfin-damağın çağ olsun.

Bir zaman vardı özümdən də yaxındın mənə sən,
Qoy peşəm indi uzaqdan sənə baxmaq olsun.

Sən vəfasız ki, deyildin, niyə bəs döndü üzün,
Səni məndən edənin sinəsi dağ-dağ olsun.

Bütün aləm gül aça, könlüm açılmaz sənsiz,
İstəyir dörd tərəfim güllü çəmən, bağ olsun.

Məni ağlatma fəraqında, a zalım, bu qədər,
Gəl, rəva görmə dönüb göz yaşım ırmaq olsun.

O qədər Ənvəri incitdin, əlindən axır
Tərk edib getdi bu dünyanı, başın sağ olsun.

***

Sən mənim candan şirin, istəkli yarımsan, Vətən,
Eşqim, amalım, qürurum, iftixarımsan, Vətən.

Ər igidlər yurdusan, ölməz dühalar məskəni,
İzzətim, şə’nim, cəlalım, iqtidarımsan, Vətən.

Mehriban qoynunda boy atdım, ucaldım sərvtək,
Laləzarım, gülşənim, bağım, baharımsan, Vətən.

Sən elə gülzarsan ki, solmaz əsla güllərin,
Canfədalar yurdusan, azad diyarımsan, Vətən.

Vəsf edərsəm hüsnünü min dillə həm azdır yenə,
Ən müqəddəs andım, ən ülvi şüarımsan, Vətən.

Lazım olsa, nakəsəm uğrunda candan keçməsəm,
Qeyrətim, heysiyyətim, namusum, arımsan, Vətən.

Tutiya torpağın olmuş səcdəgahı Ənvərin,
Ta sağam sən məskənim, ölsəm məzarımsan, Vətən.

***

Həsrətin çəkmədəyəm indi ötən günlərimin,
Bəxtəvərliklə keçən nəş’əli, şən günlərimin.

Sabahım şehli, günüm nurlu, gecəm ulduzlu…
Yoxdu üstündə nə çiskin, nə də çən günlərimin.

Nə gözəl günlər idi nəş’əsi çox, qüssəsi yox,
Bilmədim qədrini, çox heyf ki, mən günlərimin.

Hər birin can kimi qəlbimdə əziz saxlayıram,
Bir nağıltək həmişə yada düşən günlərimin.

Tapmamışdım onu tale’ mənə bəxş etmiş idi,
Yazıram xatirəsin indi itən günlərimin.

Bəxtimin pir kimi Ənvər dolanardım başına,
Bir anın qaytara bilsəydim həmən günlərimin.

***

Çəkə bilsəydim əgər mən bütün aləm qəmini,
Qurtarardım qəm əlindən bu bəşər aləmini.

İstərəm dərdlilərin göz yaşı dolsun gözümə,
Qurudum ahım odunda bu kədər şəbnəmini.

Hər kimin sinəsinə hicr oxu vurmuşsa yara,
Çəkərəm yarəsinə öz yaramın məlhəmini.

Cümlə nakam ölən aşiqləri ehya edərəm,
Mənə bəxş etsə İlahi əgər İsa dəmini.

Eşqsiz ömr bəla bəhridir aşiqlər üçün,
Çək səfa sahilinə bəhri-bəladan gəmini.

Verərəm yerdə qalan ömrümü, gər qaytaralar
Aşinalarla keçən günlərimin bir dəmini.

Ənvərin könlü fərəhdən yenə pərvaz eləyər,
Tapa bilsə əgər aləmdə könül həmdəmini.

***

Sənə aşiq olub könlüm binadan, Ya Rəsulallah,
Ölüncə dönmərəm sidqü vəfadan, Ya Rəsulallah.

Səmimi aşiqəm, fəxrim-vüqarımdır sənin eşqin,
Uzaqdır bu sevən könlüm riyadan, Ya Rəsulallah.

Nə xoşbəxtəm ki, dünyada sənintək sevgilim vardır,
Neçin qorxum qiyamətdə cəzadan, Ya Rəsulallah.

Dönərsəm səndən, ey istəkli sultanım, üzüm dönsün,
Canım qurtarmasın cövrü cəfadan, Ya Rəsulallah.

İlahi bir ziya vermiş sənə öz zati-pakından,
Cahan nura boyanmış ol ziyadan, Ya Rəsulallah.

Bəlakeş ümmətinçin iltimas et dərgəhi-Həqdən,
Xilas olsun müsəlmanlar bəladan, Ya Rəsulallah.

Bütün dünyada İslamın şüarı bərqərar olsun,
Təmənna eyləyir Ənvər Xudadan, Ya Rəsulallah.

***

Ya Rəb, bu necə eşqdir ömrün bu çağında,
Can mülkümün atəş qalanıb hər bucağında.

Tüstüm göyə qalxır, geyinir qarə buludlar,
Yandıqca canım dəmbədəm eşqin ocağında.

Sevda qələmi yazmağı qəlbimdə edib məşq,
Can dəftərimin yar adı var hər varağında.

Kamil demək olmaz hələ o aşiqə, hərgah
Duymazsa vüsal zövqünü hicran qucağında.

Ağlar görüb eşq əhlini, cahil, nə gülürsən?
Aşiqlərin axtarma təbəssüm dodağında.

Göstər üzün, ey mah, cahan nura boyansın,
Çıxsın üzə vəslin yolu hüsnün çırağında.

Ənvər görəsən hardadı? -kim sorsa deyin ki,
Dünyanı dolanmaqdadı canan sorağında.

***

Çıxmır, ey gül, xatirimdən o gözəl əyyamlar,
Xoş keçən günlər, saatlar, sübhlər, axşamlar.

Hər baxanda naz ilə ruhum uçardı göylərə,
Mən sənə can bəxş edərdim, sən mənə ilhamlar.

Nuş edərdik şövq ilə şirin məhəbbət şərbətin,
Sınmış artıq kuzələr, dolmur boşalmış camlar.

Bir şirin rö’ya imiş sanki o sevda dəmləri,
Keçdi bir göz qırpımında,gözdə qaldı kamlar.

Olsun əğyarın evi viranə könlümtək görüm,
Eşq evin viranə qoydu atdığı eyhamlar.

Qanlı göz yaşımla əhvalım yazıb göndərmişəm
Yalvarıb badi-səbalarla sənə peyğamlar.

Ənvərəm,düşməz adın bir dəm dilimdən ta sağam,
Çıxmaz əsla xatirimdən o gözəl əyyamlar.

***

Səba, işdir, yolun düşsə, o yarə ərzi-halım de,
Dilin qurbanıyam, nolar unutma, dərdin alım de.

Denən könlüm açılmır gül üzündən ayrı bir dəm də,
O üzdən günbəgün artır qəmim, qüssəm, məlalım, de.

Əlim çatmır, ünüm yetmir özüm hali edim yarı,
Rəvadırmı qəmü möhnət içində bunca qalım, de.

Yağır leysan kimi göydən dəmadəm tə’nə daşları,
Bəlalı başıma bilməm ki, hansı daşı salım, de.

Canımda qalmayıb taqət daha hicranə dözməkçün,
Vüsalından səva yoxdur mənim fikrü xəyalım, de.

Ona həsrət qalıb məntək çəməndə qönçələr, güllər,
Dolansın eşq bağında gəlib kövrək nihalım, de.

Cəfakeş Ənvərin könlü buludtək yaş tökür onsuz,
Gülər, çıxsa buludlardan yenə tazə hilalım, de.

***

Görsək nə qədər cövrü cəfa sevgilimizdən,
Düşməz adı bir ləhzə də olsun dilimizdən.

Gövhər dolu bir sirrli dəryasıyıq eşqin,
Dürdanə yığar əhli-vəfa sahilimizdən.

Bir can varımızdır, o da cananə fədadır,
Bir qeyri xeyir iş gələ bilmir əlimizdən.

Pünhan eləyib dərdini hicranın ürəkdə,
Xoşhal oluruq, zövq alırıq müşkülümüzdən.

Cahil bizi rişxənd eləyir zahirimizçün,
Yoxdur xəbəri çünki onun daxilimizdən.

Saqi, yenə ver nuş eləyək eşq şərabın,
Peymanə düzəlmib nə qədər ki, gilimizdən.

Vahid kimi, Ənvər, alışıb atəşi-eşqə
Bir gün köçərik fani olan mənzilimizdən.

***

Az ver mənə hicran ilə işkəncə, ey afət,
Dağ-daş da dayanmaz bu qədər rəncə, ey afət.

Nolaydı görəydin ürəyim sinədə sənsiz
Biçarə yetimtək sığınıb küncə, ey afət.

Bir bunca rəva görməz idin aşiqə zülmü,
Olsaydı özüntək ürəyin incə, ey afət.

Könlümlə müdam oynadığın bu nə oyundur?
Eşq içrə nə hacət axı şətrəncə, ey afət.

Eşq atəşi bir nuri-İlahidir ürəkdə,
Sevdayi-məhəbbət deyil əyləncə, ey afət.

Bir gün düşəcək canına eşqin odu, onda
Məntək səni də qoymayacaq dincə, ey afət.

Sən tazə çiçəksən, mən isə bir quru yarpaq,
Baxmır bu məhəbbət qocaya, gəncə, ey afət.

Ənvər əlini üzməyəcək vəsl ümidindən,
Versən də ona yüz belə işkəncə, ey afət.

Müəllif Ənvər Nəzərli