.....

.....

Təşəkkür – Nazilə Rahibqızı (hekayə)

Təşəkkür – Nazilə Rahibqızı (hekayə)

Təşəkkür

  — Sür-priz!
  Bu səsi eşitcək balaca Fidan qapıya tərəf yüyürdü. Atasının səsində sürprizin nə olduğunu təxmin etmişdi artıq. O, çoxdan arzuladığı hədiyyəsini qəbul etməyə tələsirdi.
— Atacan!  Bilirəm, bilirəm nədir sürpriz! —

deyərək Fidan yerində sevincindən atılıb düşür, atasının onun düşündüklərini təsdiqləməyini gözləyirdi.
— Nədir? — deyə atası gülərək soruşdu.
Fidan:
— Bilet, bilet, ata!…Düzdür? Hə?
— Ay səni, şıltaq qızım mənim. Düzdür! Afərin sənə! Düz tapdın. Buyur, bu da səninçün sevdiyin “Qırmızı papaq” tamaşasına bilet! — deyə atası cibindən iki bilet çıxarıb Fidana uzatdı.
Fidan sevinərək biletləri alıb otağına qaçdı. Onun sevincinin həddi-hüdudu yox idi. Bu balaca qızcığaz ən çox sevdiyi nağılın tamaşasına gedəcəkdi axı.
Bir neçə gün sonra tamaşa vaxtı gəlib çatdı. Fidan atasıyla birgə teatra yollandı. Teatr binasının yaxınlığında köşk görən Fidan:
— Ata, mənə pop-korn alarsan?
— Alaram, qızım, teatrdan çıxanda alaram, yaxşımı?
— Ata,indi alsaq olmaz? Tamaşanı izləyərkən yeyərəm də. Mən evdə cizgi filminə baxanda da elə edirəm axı…
— Qızım, teatrda tamaşa vaxtı heç bir qida qəbul etmək olmaz. Bu etik hərəkət deyil. Sənin yeməyin ətrafdakı insanlara tamaşaya baxmaqda maneə yarada bilər. Həm də sən digər uşaqların da fikrini tamaşadan yayındıra bilərsən axı.
— Ata, axı mənim elə xoşuma gəlir.
— Qızım, unutma, insan həyatda təkcə özünü düşünməməlidir.Sənə xoş gələn hansısa bir şey bir başqası üçün xoşagəlməz ola bilər.
— Hmm… yaxşı, atacan…– deyə Fidan başını aşağı salaraq atanın əlindən tutdu və ata-bala yoluna davam etdi.
Onlar biletləri təqdim edib teatr binasına daxil oldular. Tamaşanın başlanmasına çox az zaman qalırdı. Ata qarderoba yaxınlaşıb üst geyimlərini ora təqdim etmək istəyərkən Fidan geri çəkildi:
— Ata, mən üst geyimlə otursam olmaz ki? Tamaşa zalında birdən soyuq olar, üşüyüb xəstələnərəm.
— Olmaz, qızım! Tamaşa zamanı üst geyimdə oturmaq etik normalara ziddir. Teatrın öz qayda- qanunları var axı.
Beləcə, Fidan atasının fikrilə razılaşdı və onlar üst geyimlərini qarderoba verib zala keçdilər. Tamaşaçıların yüksək alqış sədaları altında tamaşa başladı. Körpə balalar öz nağıl qəhrəmanlarını böyük sevgilə qarşıladılar.
Fidan çox həyəcanla tamaşanı seyr edirdi. Kukla Teatrının qanunlarına əsasən uşaqlar ön cərgədə , valideynlər isə arxa cərgələrdə yer almalı idi. Bu səbəbdən də Fidan digər uşaqlar kimi atasından ayrı oturmaq məcburiyyətində idi. O, tamaşa zamanı aradabir arxaya çevrilib atasına nəzər salır, sevincək halda əl yelləyir, həyəcanını, sevincini heç cürə gizlədə bilmirdi. Atası da ona təbəssümlü üz ifadələrilə burada olduğunu xatırladırdı. O, ailəsilə birgə yeni köçmüşdü Bakıya. Teatr haqqında çox eşitməyinə baxmayaraq 6 yaşlı Fidan ilk dəfə idi ki, teatra gəlirdi. Bu sevinc bəlkə də onun həyatının ən yaddaqalan anlarına çevriləcəkdi.
Artıq tamaşa sona yetmək üzrə idi.Nağıl qəhrəmanları öz işlərini peşəkarcasına yerinə yetirdilər. Onlar sonda səhnəyə yığışıb sağollaşmamış Fidan yerindən qalxıb tələsik atasına doğru yüyürdü:
— Ata, çox maraqlı idi,çox sağol ki, məni teatra gətirdin. Qalx gedək, tamaşa sona yetdi daha.
Ata:
— Qızım, sən nağıl qəhrəmanları ilə sağollaşdınmı?
Fidan:
— Yo, amma bitdi də tamaşa. Gedək daha.
Ata:
—Ağıllı qızım, sən bir düşün, tamaşaya baxan uşaqların hamısı sənin kimi belə tez qalxıb zalı tərk etsələr, bəs nağıl qəhrəmanlarına necə təsir edər? Hə?
Fidan atasının dediklərinə çox diqqətlə qulaq asdı. Ata isə sözünə davam etdi:
— Siz balacaların sevdiyi qəhrəmanları canlandırmaq üçün onlar gör nə qədər əziyyət çəkiblər və bu işi sevərək ediblər, sizə xoş olsun deyə. Biz tamaşaçıların onlara təşəkkür bildirməyi isə alqış sədalarıdır. Aktyorları, nağıl qəhrəmanlarını alqışlamadan, onlar səhnəni tərk etmədən, pərdələr bağlanmadan zalı tərk etmək tamaşaçı üçün əziyyət çəkən teatr işçilərinə ən böyük hörmətsizlikdir.
Ata bu sözləri deyərkən aktyorlar səhnəyə toplaşıb balaca dostları ilə sağollaşır, pərdələrsə bağlanmağa başlayırdı. Fidan atasının söylədiklərini dinləyər- dinləməz arxaya çevrildi, pərdələrin bağlandığını gördü və nə isə xatırlamış kimi tələsik onlara tərəf yüyürdü. Səhnənin önündə dayanıb kiçicik qollarını onlara tərəf açdı və var qüvvəsilə qışqırdı:
— Çox sağolun! Ço-o-ox sağolun!
Bütün qüvvəsilə səsləndiyi , aktyorlarla yanaşı, hamının nəzərini özünə cəlb edən bu söz, balaca Fidanın körpə qəlbindən aktyorlara ünvanlanan sevgidolu təşəkkür hayqırtısı idi.