.....

.....

Top – Mənsur Həsənzadənin hekayəsi

Top – Mənsur Həsənzadənin hekayəsi

Top

Səməd bir siqaret yandırıb doqqaza çıxdı. Köhnə kötüyün üstündə oturub qoltuq əsasını sazlamağa başladı. Qazi idi, müharibədə top komandiri olmuşdu, döyüşdə sağ ayağını itirmişdi.
Balaca oğlu Akif də yanında idi. Gah atasının Ağdamdan cibində gətirdiyi balaca rezin topla oynayır, gah da gəlib əsaya sığal çəkirdi. Arada atasından Qarabağda necə döyüşdüyünü danışmağını istəyirdi. Səməd də oğlunun gözlərinə baxıb gülümsəyirdi – MÜHARİBƏ BİTDİ, BALASI.
…Yeni qonşu maşını ilə həyətdən çıxdı. Məmur idi. Maşından düşdü, salam-kəlamsız gəvəzə bir tərz alıb aralıdan maşının sağına, soluna keçib süzməyə başladı.
Balaca Akif topu havaya atdı. Top maşının şüşəsinə toxundu. Məmurun üzü zəhrimara döndü. Üzünü Səmədə tutub bağırdı: “Əə, KÜÇÜYÜNÜ QIÇINA BAĞLA DƏƏ!”
Səməd ixtiyarsız olmayan ayağına baxdı, sonra balaca Akifin gözlərinə baxıb gülümsədi; MÜHARİBƏ BİTMƏYİB, BALASI!