.....

.....

Dünyanın ən qərib Adamı – Sevil Ülvinin məqaləsi

Dünyanın ən qərib Adamı – Sevil Ülvinin məqaləsi

Dünyanın ən qərib Adamı.

Hər ömrün bir hekayəsi var.
Kimi özü yazar öz hekayəsini, kimi də öz hekayəsini başqalarının yazdıqlarından oxuyar.
O həm özü yazdı öz hekayəsini, həm də başqalarının onun haqqında yazdıqlarını oxudu.

Şeir Tanrı və ruh arasında bir ünsiyyət vasitəsidir.
Şeir ürəyin döyüntüsü, ruhun həyacanı, Tanrının pıçıltısıdır.
Və bu pıçıltını yalnız seçilmiş insanlar eşidə bilirlər.

Şairi şair edən iztirab və dərdləridir.
Yazılan hər söz, hər şeir içindən çıxdığı qəlbin qiyafəsini içində daşıyır.
Şair Rüstəm Behrudinin də yazdıqlarına baxsaq qəlbinin içindəki iztirabı, dərdi, kədəri, ağrı-acının ağırlığını görərik.

Dünyanın ən qərib Adamı – Rüstəm Behrudi…

…dərviş tək hər şeyə könülsüzəm mən?
Qələmlə, kağızdır olar-olmazım.
Dünyanın ən qərib adamı mənəm,
Oturum kədərli bir şeir yazım.

Mələklərin tanıdığı Şair…

…mən sonbahar yarpağıyam,
Küləklər tanıyır məni.
Tanrıya gedib-gəlirəm,
Mələklər tanıyır məni.

Ən çox çırpındığı yer – Sözün içi…

…Ey ruhum ayağa dur,
Düşdüyüm tilsimi qır!
Zaman məndə çırpınır,
Mən bir sözün içində.

Görüş yeri – Yer üzü…

…Yer üzü görüş yeridi!
Gəlmişik görüşək, gedək…
Bu qatar bizi aparmaz,
Bizsiz getsin düşək, gedək.

Azadlıq- “Azadlıq” Bakıda soyunan bir qadın heykəlidi!

Bu nə cür şəhərdi, Tanrım?!
…şairləri yox
küləkləri dəlidi!
…sevənləri yox,
çiçəkləri dəlidi!
Azadlıq,”Azadlıq” Bakıda soyunan bir qadın heykəlidi!

Məzar yeri – Göy üzü…

…mən qərib, kimsəsiz, didərgin ruham;
Göylərdə bilinməz qəbrim var mənim!
…ölsəm, tabutumu mələklər tutar,
yasımı Allahlar saxlayar mənim.

Uşüdüyü nəsnə – Yalnızlıq…

…Mövsüm nə olur, olsun,
Fərqi yox, yoxdu, məncə.
Avqustda da üşüyür
adam yalnız qalınca.

Gücünün yetmədiyi – Sözü…

Mən hardayam, görəsən…
Səsim özümə çatmır.
Dualarım Tanrıya
gücüm sözümə çatmır.

Gecələr ən çox söhbət etdiyi – Tanrı…

…Gecə beşin yarısı!
Bu vaxtı kimdi oyaq?
Tanrım, mənə söz denən,
Bir kimsə duymayacaq.

Əfv dilədiyi – Yuvasını pozduğu quşlar…

…günahımı yuyarmı heç
gözümdən tökdüyüm yaşlar?
…əfv eləyin, uşaq vaxtı
yuvasın pozduğum quşlar.

Allahdan cavabını bilmək istədiyi sual – “Allah, sən kimin tərəfindəsən?!”

…ya öldür, ya yaşat, bitsin bu qovğa!
…tərəf ol, ya haqq, ya da şər ilə!
Sən hər bir oyunda başsan, ustasan …
Bəsdi, çox oynadın bu bəşər ilə!

Hər şeyin başlanğıcı – Ayrılıq…

…ağacdan üzülən yarpaq bil məni!
Sonradan istəsən, lap al-yaşıl gey…
Məni sözlərimə büküb dəfn elə,
bil ki, ayrılıqdan başlanır hər şey!

Dilindəki dua – “İlahi, bu milləti yox olmadan hifz elə!

…Ey mənə can verən kəs,
bağışla günahımı.
Şaman kimi sözlərdən
mən tale toxuyuram.
Ürəyimdə səksəkə,
ruhumda bir zəlzələ…
Hər gecə göy üzünə
Mən dua oxuyuram: –
İlahi, bu milləti
yox olmaqdan hifz elə!

Soruşmaq istədiyi – Görən niyə susub Allah?..

Vədə verib, sabah deyir,
Savab deyir, günah deyir,
Cümlə-aləm “Allah” deyir
Hanı? İzi-tozu yoxdu.

Ölümün nə olduğunu bilmək üçün ruhunu bədənindən qovan Şair…

Doyub daha bezmişəm mən,
Tövbə eylə deyən dindən.
Ruhum çıx get bədənimdən,
Ölüm görüm səndə nə var?!

Şükr etdiyi – Allah, Göy üzü…

Alçaldıb dizi-dizi,
Sürüyür şeytan bizi…
Nə yaxşı ki, göy üzü,
Nə yaxşı ki, Allah var.

Məktub yazdığı fəsil – Payız…

Bir məktub yaz son dəfə
Sözlərin gözü dolsun.
Yağış yağsın üstünə
İçində payız olsun.

Ayrılıqları ovutmağa Tanrının göndərdiyi qərib şair – Rüstəm Behrudi…

Heç bir kəs tanımaz məni dünyada,
Dərd deyil, qoy olsun, sən tanı, barı.
Bil ki, mən qəribi Tanrı göndərib,
Göndərib ovudam ayrılıqları.

Mən onun qədər Tanrıyla, ruhuyla söhbət edən ikinci bir Şair tanımıram.

Şair ömrü sözdə yaşar. Ömrünüz sözdə, yazdıqlarınızda yaşasın Ruhumun Şairi!
Doğum gününüz qutlu olsun!