Açılmadı alnımızın düyünü,
Açılmadı, pas bağlamış qıfıldı.
Xoşbəxtliyi böyüklərdən eşitdim,
inanmadım, ona görə nağıldı…
Ağrıların şiddətindən rəngim qaçdı, büküldüm,
Kiçiklərə yol verməyə öz yolumdan çəkildim.
Baş soxmağa özüm üçün bir daxmacıq tikirdim,
Onu da ki, külək əsdi, yağış yağdı, dağıldı.
Daş olmuşam, baş daşıyam, başdaşı,
mənim qədər tənha deyil başqası,
unutmuşam, uçub-gedib yaddaşım,
Nə durmusan?
öz ruhunu üfür, bəlkə dirildim?!
Eh, yanında xəcalətli qalmışam,
zəhmət çəkdin, mən onsuz da ölürdüm.
**
Qarğalar da oxuyur, nəğmə, elə nəğmədir,
Nə fərq edir, ya simdən, ya da quş boğazından?
Zövq ala bilmirsənsə, daşlama ən azından.
Bəyaz elə bəyazdır,
di gəl, süd bəyazlığı, qar bəyazlığı deyil.
Əllərim üşüyürsə, bu qan azlığı deyil.
Yarpaq qurularından tonqal düzəltmək olar,
yarpaq qurularından, yastıq düzəltmək olar.
İkisini eyni vaxtda etmək daha gözəldir.
Bir az darıxmaq var idi, o da gəldin, düzəldim.
**
Dağdan yıxılıb ölməyən,
kətildən yıxılır, ölür.
Yekə, cüssəli adamlar,
yığılır, yığılır ölür.
Səhərdən gözləyirəm,
gecə gəlsin, dincələk.
Sən allah kənar dayan,
ölən günü dinc ölək.
Bura susuz səhralıqdır,
burda ilan mələşir.
Sən də gül becərirsən,
bir qadın ovucunda.
Yerdən də, göydən də əlim üzüldü,
bir tilov, üç dənə arzu götürdüm.
Ümid tutacağım balığa qaldı.
Sən ey payız adam, xəzəl saçlı qız,
bizimki payızdı, yayı ötürək.
bir də görüşümüz soyuğa qaldı.
İndi də pis deyil qurbağa səsi,
indi də pis deyil yağış qoxusu.
İndi ən pis olan… gözüm ağrıyır,
bilirsən, şirindir yazın yuxusu.
Elə isə yatıram, gecən xeyrə!
***
Pəncərədən boylanırdı kölgələr,
Qarışqalar qənd gəzirdi masamda.
Mən səsimi köçürürdüm telefona
Ki, öləndə şeir deyim yasımda.
Hər tərəfdən tənha qalır yetimlər:
Danışmağa bir nəfərin yoxdusa,
Yaşadığın ömür belə yuxusa,
Bu yuxunun içində də yoxumsan.
Hər tərəfdən tənha qalan yetiməm.
Pəncərədən günəş dolar otağa,
Sən özünü bağlayarsan yatağa.
Tutunmağa bir nəfərin yoxdusa,
Nə fərqi var, yuxulusan, oyaqsan.
Nə fərqi var, ölmüsən, ya da sağsan.
Böyümədin, uşaqsan ey, uşaqsan..!
***
Əvvəl ağacların kölgəsi, sonra özləri yıxılır…
Əvvəl insanların özü, sonra kölgələri yox olur.
Soyuqqanlı adamam, soyuqqanlı.
Qanın damarında donar,
burax əllərimi.
Əvvəl bir küncə qısılır adam,
sonra ürəyi sıxılır.
Əvvəl xatirələr üst-üstə toplanır,
sonra ruh bədəndən çıxılır.
Mərhəmətsiz adamam, mərhəmətsiz.
Ağlayarsan deyə
ölməyəcəyimi düşünmə.
Burax əllərimi.