.....

.....

“Ortaq Türk əlifbası Türk dünyasının inteqrasiyasında mühüm ideoloji addımlardandır”-Cavanşir Feyziyev

“Ortaq Türk əlifbası Türk dünyasının inteqrasiyasında mühüm ideoloji addımlardandır”-Cavanşir Feyziyev

“Ortaq Türk əlifbası Türk dünyasının inteqrasiyasında mühüm ideoloji addımlardandır”
Ümumi kökə və mədəniyyətə sahib olan türk xalqlarının bir-biri ilə sürətli inteqrasiya proseslərinin getdiyi müasir mərhələdə bu xalqların ortaq əlifba və imlaya sahib olmaqlarının müstəsna əhəmiyyəti var. Ortaq türk ədəbi dilinə aparan yolda vahid imla qaydaları və əlifbanın mövcudluğu ilkin şərtlərdəndir.
Elmi-təcrübi əsası Mirzə Fətəli Axundzadə tərəfindən hələ XIX əsrdə qoyulan yeni ortaq əlifba problemi 20-ci əsrin əvvəllərində bir daha aktuallaşdı və türk xalqları arasında birinci olaraq 1922-ci ildə Azərbaycanda ümumtürk səciyyəli latın əlifbasına keçid reallaşdı. Az sonra türkdilli xalqların böyük əksəriyyəti bu əlifbanı qəbul etdi. Hətta 1926-cı ildə I Türkoloji Qurultayda məsələ gündəmə gətirilsə də, siyasi səbəblərdən bu layihəni tam həyata keçirmək mümkün olmadı. Sovet liderlərinin repressiya siyasəti latın qrafikalı ortaq türk əlifbasına münasibətdə də özünü göstərdi. Heç 20 il keçməmiş sovetlər birliyinin daxilində yaşayan türk xalqlarının əlifbası məcburi surətdə rusların istifadə etdiyi kiril əlifbası ilə əvəz edildi. Sovet hakimiyyətinin mövcud olduğu bütün dövr ərzində ümumtürk əlifbası və imlası problemi öz aktuallığını saxlamaqda davam etdiyindən imperiya dağılan kimi bu ideya yenidən aktuallaşdı və bir çox türkdilli dövlətlərdə ortaq türk əlifbasına qayıdış baş tutdu. İftixarla deyə bilərik ki, bu ideyanı ilk dəfə gerçəkləşdirən Azərbaycan dövləti və xalqı oldu.
Keçmiş Sovetlər Birliyi tərkibində olan türkdilli respublikalar müstəqillik qazandıqdan sonra türk dillərinin orfoqrafik və orfoepik problemlərinin, fonetik, leksik-semantik və qrammatik qatlarının diaxron və sinxron planda, müqayisəli- tipoloji müstəvidə araşdırılmasına maraq artmış və bu sahədə bir sıra araşdırmalar aparılmışdır. Türk xalqları arasında ortaq əlifba ideyasının gerçəkləşməsi bu gün türkologiya elmi üçün olduqca önəmli siyasi-ictimai əhəmiyyət daşıyır. Ortaq əlifba

məsələsinin öz həllini tapması türk xalqları arasında ortaq ünsiyyət dili və ortaq imlanı yaratmaq istiqamətində cığırlar açmış olur.
Türk ədəbi dilləri daxili linqvistik strukturuna görə bir-birindən o qədər də ciddi şəkildə fərqlənmir. Həm genetik, tipoloji, həm də qrammatik quruluşları, əsas lüğət tərkiblərinin ümumilikləri onların bir dil ailəsində – türk dilləri ailəsində birləşməsinə səbəb olmuşdur. Məhz bu xüsusiyyətinə görə türk dilləri ailəsinə mənsub olan oğuz, qıpçaq, qarluq dil qruplarına daxil olan dillərin, demək olar ki, hamısı bir-birini elə bu ümumiliyə görə rahat şəkildə başa düşə bilirlər.
Türk ədəbi dillərinin qrammatik quruluşu çox uzun və zəngin bir inkişaf yolu keçmiş, zaman keçdikcə təkmilləşmiş, cilalanmış, həm qohum və həm də qeyri- qohum dillərin qarşılıqlı əlaqə və təsiri altında formalaşmışdır. Müasir türk dillərinin fonetik sistemində ümumi cəhətlərlə yanaşı, çoxlu fərdi xüsusiyyətlərin varlığı məhz bu tarixi inkişafın qanunauyğunluqlarının məhsuludur.
Uzun illər idi ki, türk dövlətləri arasında ortaq əlifbanın yaradılması məsələsi türkologiya elminin gündəmində idi. Hətta iki ildir ki, bu məsələ ilə ardıcıl və sistemli məşğul olan komissiya da yaradılmışdı.
Sentyabrın 9-dan 11-dək Bakıda Beynəlxalq Türk Akademiyası və Türk Dil Qurumu tərəfindən təşkil olunan “Türk Dünyası Ortaq Əlifba Komissiyası”nın iclası öz işini uğurla başa çatdırdı.
Türk Dövlətləri Təşkilatı tərəfindən təsis olunmuş Türk Dünyası Ortaq Əlifba Komissiyasının üzvlərinin iştirakı ilə keçirilən bu önəmli iclasın əsas məqsədi bu sahədə əldə edilən bilik və təcrübələrin paylaşılması və Komissiyanın ikiillik təcrübəsinə əsaslanaraq Türk dilləri üçün ortaq əlifba layihəsi üzərində işlərin yekunlaşdırılması idi.
İclasda öncə 1991-ci ildə alimlər tərəfindən təklif olunan latın əsaslı Ortaq Türk Əlifbası layihəsi hərtərəfli şəkildə nəzərdən keçirildi. Komissiya üzvləri geniş müzakirələr apararaq bu layihədə diqqət yetirilməsi gərəkli olan məqamları müəyyənləşdirdi.

Müzakirələr nəticəsində əlifbadakı hər bir hərfin Türk dillərində mövcud olan müxtəlif fonemləri əks etdirməsinə xüsusi diqqət edilməklə 34 hərfdən ibarət Ortaq Türk Əlifbası üzərində ümumi razılıq əldə olundu.
Qeyd edək ki, sözügedən iclasın işinin uğurla başa çatması tarixi məzmun və ideoloji məna daşımaqdadır. Ortaq Türk Əlifbasının yaradılması Türk xalqları arasında qarşılıqlı anlayış və əməkdaşlığı möhkəmləndirməklə yanaşı onların dillərinin qorunmasına da öz töhfəsini verəcəyinə inamımız tamdır.
Tarixə nəzər salsaq, XX əsrin əvvəllərində ortaq türk dili və ortaq türk əlifbası ideyalarının təbliğ olunması ilk növbədə bu dövrdə türkçülük hərəkatının böyük vüsət alması ilə bağlı idi. Həm Türkiyədə, həm də digər türk xalqları arasında milliyyətçi qüvvələr türkçülüyü böyük bir hərəkata çevirdilər. XX əsrin 90-cı illərində türkdilli xalqların ictimai-siyasi həyatında baş verən çox böyük tarixi dəyişikliklər bütövlükdə türk dünyasının daha da yaxınlaşması və milli təməllər uğrunda birləşməsinə zəmin yaratdı. 70 il davam ideoloji əsarətdən sonra müstəqillik dövründə ortaq türkçülük ideyalarının davamçıları bu hərəkatı daha da genişləndirərək əməli fəaliyyətə başladılar.
Hazırda türkoloji dilçilik elmini ayrı-ayrı türk dillərinə dair məsələlərlə yanaşı, bütün türkdilli xalqların vahid ünsiyyəti üçün ümumi olan problemlər daha çox maraqlandırır. Bunlardan biri də türklər arasında ortaq ünsiyyət dilinin yaradılmasıdır.
XIX əsrin sonları – XX əsrin əvvəllərində “dildə birlik, fikirdə birlik, işdə birlik” məfkurəsini həyat qayəsinə çevirən İsmayıl bəy Qaspıralı və onun nəşr etdirdiyi “Tərcüman” qəzeti ortaq türk ədəbi dili ideyasının yayılmasında müstəsna tarixi rol oynamışdır. Ümumiyyətlə, ortaq ədəbi dil mövzusu hər zaman türk dövlətləri və xalqları arasında gündəm olmuşdur.
Qohum xalqlar üçün ortaq ünsiyyət dili yaratmaq onların siyasi-ictimai həyatında xüsusi əhəmiyyət kəsb edir. Ortaq ədəbi dil elmi, mədəni, iqtisadi və siyasi əlaqələrin yaranıb genişlənməsində əvəzsiz vasitədir. Başqa xalqlar kimi, türk dünyasını təmsil

edən hər bir xalqın da tarixən öz doğma, zəngin ədəbi dili yaranıb formalaşmışdır. Bu çoxsaylı türk ədəbi dilləri, təbii olaraq, bir-birindən az-çox dərəcədə fərqlənir. Həmin fərqlər dillərin bütün komponentlərində xüsusilə də lüğət tərkibini təşkil edən dil vahidlərində özünü daha qabarıq şəkildə göstərir. Yaşadığımız dövrdə türk xalqları üçün ortaq türk ədəbi dilinin yaradılmasına böyük ehtiyac duyulur. Bu gün təməl daşları qoyulan ortaq türk əlifbasının bünövrəsi əsasında sağlam ideoloji dayaqlara söykənən ortaq ədəbi dil yaratmaq artıq zamanın tələbidir. Ümidvarıq ki, ortaq türk əlifbasının açacağı cığırlar yaxın gələcəkdə bizi ortaq türk dilinə aparan yola qovuşduracaq.

Cavanşir Feyziyev Milli Məclisin deputatı