Qarışdın dəli küləyə.
Gedişinlə əzab verdin,
Səni sevən bir mələyə
İzin-tozunla qarışdın,
Səmitsiz,dəli küləyə.
Necə qıydın ay insafsız,
Sevən qəlbimi sızlatdın.
Didərgin düşən sevdama,
Sevə-sevə qəm yaşatdın.
Şərəfinə yüz piyalə,
İçmişəm söz qəhərimi
Təbəssümlə bələmişəm,
Qövr eliyən dərd-sərimi.
Ümidlənib xoş sabaha,
Səbrim ilə ovunmuşam.
Vəfadan libas geyinib,
Qürurumla qorunmuşam.
Bağışlanmz günahlarla,
Uçurdun bəxt sarayımı
Hələ ki,sağır olmusan,
Bir gün duyarsan ahımı.
Öz vəfandan pay alanda,
Əl açıb,əhv umacaqsan.
Sazağında üşüdüyüm,
Ayrılığı dadacaqsan!
Gedişinlə əzab verdin,
Səni sevən bir mələyə
İzin-tozunla qarışdın,
Səmitsiz,dəli küləyə.
Xalidə Nuray.08.08.2024.
Bu kabusdan bizi qoru İlahi!
Quduzlaşıb insan,keflə baş kəsir,
Qan içməyə torpaq kölə,yer əsir,
Can ağzında həyat sona tələsir,
Sirr,kabusdan bizi qoru İlahi!
Yadlaşıbdı doğmaların yaddaşı,
Atılsa da,ağrı verməz yad daşı.
Yad əlilə qardaş vurur qardaşı,
Hər yalnışdan bizi qoru İlahi!
Kürsübazlar minbir dillə seçilir,
Qurda dönür xalqa qənim kəsilir,
Möhtaclara əl tutmağı ar bilir,
Kor nəf(i)sdən bizi qoru İlahi!
Haqqa yetmir məzlumların naləsi,
Öz səbrini didir,udur döz səsi,
İman tapmaz hər kafirin tövbəsi,
Sər,naqisdən bizi qoru İlahi!
Fitnə-fəsad yerdən göyə qovuşur,
Nahaqq qandan torpaq doyub qan qusur.
Yaranışdan xeyir-şərlə vuruşur,
Şər,xəbisdən bizi qoru İlahi!
Quduzlaşıb insan,keflə baş kəsir,
Qan içməyə torpaq kölə,yer əsir,
Can ağzında həyat sona tələsir,
Sirr,kabusdan bizi qoru İlahi.
Xalidə Nuray 03.07.23.
Bir ömrün son bəstəsiyəm.
Yerli-yersiz ümid olan,
Mərhəmətim əzir məni.
Susmayır, qəlb ağrılarım,
Lal ömrümdən üzür məni.
Günahlı tək məhbus olan,
Hisslərimə dar qəfəsəm.
Ayrılıq gülür üzümə,
Dodağı əsən nəfəsəm.
Duyarsızlar arasında,
Yalqız, insanlığa acam.
Könlüm inlər kaman kimi,
Ahu-fəğana möhtacam.
Qəlbində sözü hönkürən,
Bir şairin haqq səsiyəm.
Yana-yana şeirləşən,
Bir ömrün son bəstəsiyəm.
Xalidə Nuray 27.05.2024-cü il.
Şeir qadın!
Bir xatirə olsun sözüm,
Özü misra,şeir qadın.
Dodağında xoş təbəssüm
Güzgülənir, şair qadın!
Dərd önündə duruşuyla,
Qəm örpəkli gülüşüylə,
Naz-qəmzəli yerişiylə,
Boğçası dolu, sirr qadın!
Bu zirvəni pillə-pillə,
Hər əzabı bilə-bilə,
Qarşıladın gülə-gülə,
İsmətinə,əsir qadın.
Oldun bəxtin zər, incisi,
Gövhər libaslı qönçəsi.
Tanrı verib ləl külçəsi,
Sözünlə tik,qəsr qadın!
Qəmxar,sirdaş oldun hər an,
Xalidə Nurayı duyan.
Rəfiqəmdi mənə həyan,
Nur simalı, sehr qadın!
Yetmiş qönçəni üzmüsən,
Ləçək-ləçək üzülmüsən.
Qələmə borclu düşmüsən,
“Yüz yaşa”,yaz şeir qadın!
Xalidə Nuray.05.05.2024.
Xatirələrin üşüyür.
Ümidlərimi gözüyaşlı qoyub,
günahlarınla üzləşmədən,
xəyallarımı yıxıb getdin.
Yanağından şeh süzülən
talehimə acımadın.
Bəxtimin qapısını
üzümə çırpıb,getdin.
Ömür kitabımın
dağ çəkilmiş sinəsində
xatirələrin üşüyür.
Yollarda ayaq izlərin,
əyni yalın həsrətinin
qəddi əyilmiş kölgəsini,
arxasınca sürüyür.
Divarda intihara
qəribsəmiş şəkillərin,
məhkum libası geyinib,
asıldığı ümidindən üşənir.
İtirdiklərini axtarırmış kimi,
peşman olmuş baxışların
səba yeli,
saçlarıma toxunur.
Toxunuşu əzab verir
duyğularımın hənirinə.
Daha dözmək istəmirəm,
bu sevgisiz həyatın
dərdi-sərinə.
Yalanlarıyla bəslədiyi
məhəbbətdən,
əllərimi üzmüşəm.
Qadınlığın ismətinə qısılıb,
susmaqdan üzülmüşəm.
Nəhayət anladım ki…
İçimi göynədən tənhalığın
ulayan sazağında,
ovunduğum xatirələri
üşüdən,
sənin yoxluğun deyil…
Ruhumu udmuş yalqızlığın ağzında,
canı soyumuş nəfəsim imiş!
Xalidə Nuray.16.10.2023.