Həyat sevgisi
Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əlləşən
Dostdan, aşinadan necə əl çəkim?
Dönmə bir şəbnəmə yaz səhərində,
Könül, günəş kimi parla yerində!
Göylərin lacivərd ətəklərində
Gedən bu qovğadan necə əl çəkim?
Baxınız, dan yeri sökülmüş kimi,
Dostlar bir cəbhəyə tökülmüş kimi.
Uzaqdan-uzağa xam gümüş kimi
Ağaran səhradan necə əl çəkim?
Təbiət varlıdır, təbiət xəsis,
İşlədərkən onu, sən ey mühəndis,
Mən də qart daşlara verdiyim bu hiss,
Bu incə mənadan necə əl çəkim?
Bir yanda tərlanlar, dumanlı dağlar,
Bir yanda kəkliklər, ayna bulaqlar,
Bir yanda bülbüllər, çiçəkli bağlar,
Mən bu tamaşadan necə əl çəkim?
Həyat dedikləri bu keçməkeşdən,
Qəlbimdə, qanımda yanan atəşdən,
Gecədən, gündüzdən, aydan, günəşdən,
Bu əngin fəzadan necə əl çəkim?
Qarşımda dalğalı dərin bir ümman,
Ümmanı sarsıdır bir acı tufan,
Bəyaz köpükləri bir çiçək yapan
Şeirdən, xülyadan necə əl çəkim?
Ulduzlar fikrimin çırağbanıdır,
Bulud xəyalımın karıvanıdır,
Səma ki, hissimin aşiyanıdır,
Böylə bir səmadan necə əl çəkim?
Xəzan acısına edib təhəmmül,
Gülün kölgəsində ötəndə bülbül,
– Həyat, həyat!- deyə çırpınır könül.
Könüldən, sevdadan necə əl çəkim?
Sən aldın aşını yeni hisslərdən,
Ey cavan qələmim, düşmə bəhərdən,
A dostlar, söyləyin, mən bu hünərdən,
Bu təbi valadan necə əl çəkim?
QURBAN OLDUĞUM
Bilməm, məni neçin atmış, unutmuş,
Cövri-cəfasına qurban olduğum?
Yoxsa özgəsinə üzünü tutmuş
Yeni sevdasına qurban olduğum?
Mən Dilbəri sordum gəlib-gedəndən,
Dedilər, barışmaz, küsmüşdür səndən,
Mən iltifat etdim, o qaçdı məndən,
Qaçqın ədasına qurban olduğum!
O mənim sevgilim, o mənim anam,
Onsuz üzüm gülməz, açılmaz aynam.
Bilməm harda qaldı o nazlı durnam,
O xoş sədasına qurban olduğum?
Ayrılıq oduna könül dayanmaz,
Eşq oduna yanan bir daha yanmaz,
Çəkdiyim nalədən neçin oyanmaz,
Şirin röyasına qurban olduğum?
MƏHƏBBƏT
Mən ki, bilməz idim nədir məhəbbət.
Bu sirri sən mənə anlatmadınmı?
Dünyaya sığmayan şair könlümü
Köksümdən çıxarıb oynatmadınmı?
Mən ki, nəğmə deyib bənövşələrdən
Peşəm zövq almaqdı bir şux dilbərdən.
Məndən uzaq gəzib,dolanıb hərdən,
Qəlbimi sıxmağa can atmadınmı?
Min hicran könlümü alanda ələ,
Zərrəcə halıma yanmadın belə.
Müşfiqin qəlbini tez alıb ələ,
Onu röyalardan oyatmadınmı?