.....

.....

Gülbala Dadaşın şeirləri

Gülbala Dadaşın şeirləri

***

Birdən çaşıb öz qəlbini dünyaya verərsən,
Gər versən əgər ömrünü ifnaya verərsən!
                
Eşqi yaşasan, tez ucalarsan, sora bir-bir
Sən gördüyün hər surəti mənaya verərsən.
                 
Gördükdə xamam eşqidə Məcnun dedi səndə,
Bir gün özünü yanıma səhraya verərsən.
                
Səhraya gedib Məcnunu gördüm, qayıdanda
Bir namə yazıb verdi ki, Leylaya verərsən.
                  
Dil tapdı Dadaş, söz ilə sözdən yarananlar,
Qeyd et bu sözü sondakı misraya verərsən.
2006

***

Bahar idi, qışa çevrildi fəsil,
Qəlbim əsdikcə gözüm doldu qəfil!

Ayrılır yollarımız, təqsiri
Kimdədi?
Sən də deyil, mən də deyil!

Səni dəstəklədi ancaq şeytan,
Mənə Allahın özü durdu kəfil.

Qəlbimin gizli yerində böyüyür,
Mənə yadlaşmaq üçün doğma tifil!

Sən haçan olmamısan, Allahım?
Gətirim varlığına mən də dəlil.

Yazacaq yaddaşına yazdığımı,
Bu nəsil olmasa da başqa nəsil.

Çox yaxın keçmişimin parçasıdır,
Mənə məndən də əzizdir bu şəkil.

Darıxanda düşünə bilmək üçün,
Ey Dadaş, tək yaşadım bir neçə il.
2020

***

Sübhün açılmayır gözü, dan da sökülməyir,
Zülmət durub səma üzərində, çəkilməyir.

Allah abad edənləri bərbad olmayır,
Bərbad etdiyi isə heç vaxt tikilməyir.

Dünya ahılların nəzərində çox alçalır,
Heç bir kəsin beli qocalığdan bükulməyir.

Divanərə görüb məni səhrada söylədi:
Çıx-get, bu vadidə “yel əsib qoz tökülməyir!”

Qəlbdə açan gülün, Dadaş, ətiri ürək açır,
Çıxmır o gül nə dağda, nə bağda əkilməyir.
2022

“ALLAHIN OĞLU”

Zəncirləmə köpəyini,
Ver ona öz ürəyini.
Burax haqqın ətəyini,
Gedək cəhənnəmə doğru.

Nökər şahı mat aparır,
Cəsədini at aparır.
İblisə sovqat aparır,
Oğrudan oğrayan oğru.

Uydum şeytanın huyuna,
Keçdim yolun o tayına.
Salsın məni xaç suyuna
Hardadır “allahın” “oğlu”?

DAĞLARIN DUMANI

Bir dağların dumanı,
Bir də səhər küləyi.
Bir qatışqa yüküdür,
Bir göyərçin ürəyi.

Dan sökür qaranlığı,
Gecənin acığına.
Minlərlə göz tikilib,
Gözümün işiğına.

Sonsuz dərya gizlədib,
Özündə o adanı.
Alanda yox satasan,
Bir baxışa qadanı.

Gəzir dərin quyuda,
Ataların baxışı
Süd gölünü coşdurur,
Anaların qarğışı…

YUXU

Sonsuz bir cəngəlikdə itirdim,
son cümləsini yaşaya bilmədiyim taleyimi.
Bəlkə də, hər şeyimi…
Coşdu səma dənizində dalğalar,
kiçik bir qışlaqda ruhum qara göyərçinə çevrildi,
Toxunmadı cəsədimə qarğalar!
Yaşadığım bu şəhərdən,
Nə yaxındır, nə uzaq oralar,
Ən azından özüm qədər arası var…
2019

         GÖRDÜKLƏRİM

Bu sabah,
bir neçə günah,
mən və Allah görüşdük.
Ötdü aramızdan bir cüt qağayı,
yalnız mavi səmadakı göyərçinlərdən
Savayı,
kimsə görmədi bizi…
2014