Səndən yazıram
Hələ ki, səbəb var
Səndən yazıram.
Arada payızdan,
Qışdan yazıram…
Ruhumu zəbt edib,
Ötən baxışdan
Dilnən demədiyim,
Sözdən yazıram…
Arada günəşdən,
Aydan yazıram
Ağacdan, yarpaqdan,
Güldən yazıram…
Səndən inciyəndə
Məndən yazıram.
Sözüm qurtaranda,
Dərddən yazıram…
Baxıram elə hey
Səndən yazıram.
2018
***
Ayrı, ayrı…
Uzanan yollarda
uzanan, sarılan
qollardan ayrı
seyr edən baxışdan,
gözlərdən ayrı…
Sən məndən,
mən səndən ayrı
düşünürük ayrılığı,
ayrı-ayrı…
Tamam desək
bir ayrı,
davam desək
bir ayrı
nə qədərdi fikirlər,
hərəsi ayrı-ayrı…
Təkcə onu bilirəm,
ayrılıq düşünəndə
daha çox bağlanıram,
bu da bir dərd,
bir ayrı…
Doğru olanı budur,
unudaq ayrılığı
hərəmiz ayrı-ayrı…
2018
***
Kiçik fincanda kofe,
yanında gün işığı
sanki o da yetmir
kimi,
bir şam da
yandırmışam…
Beynimdəki xəyalları
qurtum-qurtum
çəkir canım.
Xəyalların içində də
vardır mənə
doğmam, yadım…
Düşünürəm,
necə edim,
bir fincanlıq kofe kimi
onları da belə dadım…
Bir də gəlsin
ay işığı
qoxlasın,
həm sarsın məni.
Bir fincan da
onla içim,
yanında da
şam işığı…
2019