.....

.....

NƏ ONU SEVİR, NƏ DƏ… – Qərib Mehdi (esse)

NƏ ONU SEVİR, NƏ DƏ… – Qərib Mehdi (esse)

NƏ ONU SEVİR, NƏ DƏ…
(esse)

Sevgi ikitərəfli yola bənzəyir. O gah gerçəkdə peyda olur, gah da yuxuda. Yuxu sevgisi gerçək sevgidən daha ömürlüdür – ümid kimi. Həm də yuxu gerçək sevginin alternativ yoludur.
Ürək sevginin doğum evidir. O, doğulan kimi bütün hakimiyyəti əlinə toplayır. Ağlı kənara sıxışdırıb can sahibini özü bildiyi kimi idarə edir. Ömür yolunda baş verən sevələmələr, təlatümlər onun təbii məhsuludur. O, qurban verməyi də, qurban almağı da sevir. Nadir hallarda güzəştə razılıq verir.
Ayrılıq sevginin qayçısıdır. Bu qayçının işə düşməsi sevginin bitməsi anlamına gəlməməlidir. O, qarşı tərəfin həyatından gedəndə təmsilçiliyini zərbə alanın yuxularına tapşırıb vidalaşır. Bundan sonra qiyabi sevgi dövrü başlayır. Ötənlər bütün sevincləri, ağrıları ilə yuxuda yenidən canlanır. Belə həyatın davam etməsi ya təktərəfli, ya ikitərəfli qeybə çəkilmiş sevginin ömrünə yazılır. Son yuxu son ümid, son nəfəs alımıdır. Bundan o yana ikili – qoşa həyat yoxdur.
Sevginin də, anatomiyası var. Söylədiklərimin hamısını yaşadım. O, daha yuxuma gəlmir. Gerçək yolun alternativ variantı da bitib. Məhkəmə qurmaq, kimin haqlı olduğu barədə mühakimə yürütmək fikrində də deyiləm. Sadəcə o, yuxuma gəlmir. Səbəb aydındır. Daha nə onu sevmir, nə də ona nifrət etmirəm. Ürəyi, beyni bu iki haldan biri qıcıqlandıranda sevgi və ya nifrət obyektin qarşısına keçib şəklini çəkdirir.

Qərib MEHDİ.