.....

.....

Rəssam Aytac – Cəvahir Tanrıverdi (Uşaq şeirləri)

Rəssam Aytac – Cəvahir Tanrıverdi (Uşaq şeirləri)

KÜR-ARAZ

O iki böyük dağdan
İki böyük çay axır.
Biri həsrət qoxulu,
Biri dəlisov axır.

Birindən ad daşıyır
Elimizdə oğullar.
Araz deyən ürəklər
Vüsala qərq olurlar.

Bu elin igidləri
Kür kimi coşub-daşır.
Cıdır düzündən keçib
Sıldırım qaya aşır.

Çaylar qol-qol ayrılır,
Axır düzə, otlağa.
Bərəkətə çevrilir
Dolub bostana, bağa.

O çaylardan su içcək
Bu yerlərdə göy otlar
Canlanıb çiçəklənib
Göylərə qanadlanar.

Ay mənim dəli Kürüm,
Ay mənim Xan Arazım,
Dəyərlisən ləl kimi
Gur suyum, selli yazım.

Siz vətənə iki göz,
İki qanad oldunuz.
Ən dəyərli iki söz,
İki həyat oldunuz.

Budur illərlə xalqın
Bu çaylara hörməti –
Birindən ad götürür,
Birindən dəyanəti.

Kürlə Araz birləşib
Can verir bu vətənə.
İki ürək bir olur
Töküləndə Xəzərə.

31.08.2024

RƏSSAM AYTAC

Dərsdən baş açılan kimi
Yenə fırça əlindədir.
Çəkdiyi əsgər ya dağda,
Ya da atın belindədir.

İt yanında pişik çəkir,
Pişiyin yanında siçan.
Deyir: “Ay ana, dostdurlar
Üçü birlikdə mehriban”.

Gah dənizdə bir dağ çəkir,
Suda batan dağa çıxsın.
Gah Aya pillələr çəkir,
Qoy uşaqlar Aya çıxsın.

Günəşin üzündə gülüş,
Deyir: “ Ana, günəş sənsən.
Hər yana işıq saçırsan,
Üşüsək, tez isidirsən”.

Rəssamımız vərəqdə yox,
Evdə divarlara çəkir.
Deyir: “Nə edim, ay ana,
Vərəqə sığışmır şəkil”.

19.04.2019

AĞACA BAX

Ağaca bax, ağaca,
Lap oxşayır adama.
Budaqları qollara,
Yarpaqları barmağa.
Kökləridir ayağı,
Bəs onun başı hanı?

19.11.2023

Cəvahir Tanrıverdi