.....

.....

Tüstüləndi arzular – Ənvər Məsud (şeirlər)

Tüstüləndi arzular – Ənvər Məsud (şeirlər)

Sən hardan biləsən ki

Bilsən bunu söyləmək mənə necə ar gəlir,
İnsanlar cılızlaşıb, sevgilər kiçilibdir.
İndi hər xırda sevinc ürəyimə dar gəlir,
İndi bütün qəm-kədər qəlbimə biçilibdir.

Görənlər dəli bilər, duyanlar dərviş sanar,
Ucbatından gəl, bax ey, köksüm oyuq-oyuqdur.
Sən hardan biləsən ki, ayrılıq oddan yanar,
Sən hardan biləsən ki, həsrət qardan soyuqdur?!

Daha ovuda bilməz dərdlərimi bahar da,
Mənəm səbri dar olan, hövsələsi də gərgin.
Səmalara yüksələn duam da intizarda,
Ümidlərim qaçaqdır, arzularım didərgin.

Göylərə uzanmaqdan əllərim yorğun düşüb,
Yuyulan günahımı gün üzünə sərmədi.
Səndən sonra ömrümə elə bir çovğun düşüb,
Saralan yarpaqlarım bir daha göyərmədi.

Mən oldum ömür boyu usanmadan, bezmədən
Yorğun baxışlarımı yollarından yığmayan.
Mənimki heç əzəldən səninlə düz gəlmədi,
Mən içimə qısılan, sən dünyaya sığmayan.

Ölüm göylərdən bəridir

Sünbül ömrüm dənlə doldu,
Saymadım birdən o yana.
İşim kirkirəlik oldu,
Keçdim xəlbirdən o yana.

Ev tikmədim, evcik qurdum,
Yağmalandı könül yurdum.
Üstə gəldim, böldüm, vurdum,
Çıxdım cəbrdən o yana.

O, verdi, mən də götürdüm,
Qaçdım bu yolu, bitirdim.
Nələr tapdım, nə itirdim
Ah, bu səbrdən o yana?!

Sözüm Tanrının zəridir,
Haqqım alnımın təridir.
Ölüm göylərdən bəridir,
Həyat qəbirdən o yana.

Bir az boylanın

Adamı tanımaq asan iş deyil,
Axtarın, kökünə, zatına baxın.
Pisliyi düşməndən bilməyin, hərdən
Ən yaxın dostların yadına baxın.

Gücün var, dərdindən qorğan, nədir ki,..
Kim anlar, saçıma yağan nədir ki.
Sıldırım nədir ki, yarğan nədir ki,
Siz mənim ömrümün çatına baxın.

Hər kəsə söz qoşan, yapan nakəsin,
Gözləriylə görən, tapan nakəsin,
Qisməti dördnala çapan nakəsin
Altında büdrəyən atına baxın.

Sanmayın, payızdır, mən də solmuşam,
Nə olsun, həsrətlə, qəmlə dolmuşam.
Bəs niyə sevgidə dərviş olmuşam,
Gedin, o insafsız qadına baxın.

Mənə ağız büzən, əyən adamlar,
Qəlbimə toxunan, dəyən adamlar,
Ömrümü-günümü yeyən adamlar,
Nolar, sözümün də dadına baxın.

Yerdə az axtarın, siz az boylanın,
Göz qıyın, uzadın boğaz, boylanın.
Mən öz yerimdəyəm, bir az boylanın,
Göylərin yeddinci qatına baxın.

Tüstüləndi arzular

Biz bir “Yox”dan beşik-beşik doğulduq,
Dünya bizdən məzar-məzar “Var” aldı.
Damla-damla qanımızda boğulduq,
Köksümüzdən tikan-tikan xar aldı.

Eşq Kəbədir, zəvvar-zəvvar dolaşdıq,
Qibləsinə mömin-mömin qol açdıq.
Biz vüsala savab-savab yol açdıq,
Yollarımız günah-günah daraldı.

Ay-ay, il-il oğurlandı vaxtımız,
Zər-zər, tül-tül bəzənmədi taxtımız.
Ləçək-ləçək açılmadı baxtımız,
Qönçə-qönçə qismətimiz saraldı.

Heç bilmədik günah-savab soldu, sağ? –
Payız-payız, xəzəl-xəzəl soldu bağ.
Təpə-təpə dərdlərimiz oldu dağ,
Başımızı lopa-lopa qar aldı.

Nəğmə-nəğmə bəstələndi arzular,
Çiçək-çiçək dəstələndi arzular.
Kösöv-kösöv tüstüləndi arzular,
Ömür-gün də kömür-kömür qaraldı.

Ənvər Məsud