.....

.....

Səsin şeirindən şeirin səsinə – Elxan Yurdoğlu

Səsin şeirindən şeirin səsinə – Elxan Yurdoğlu

Səsin şeirindən şeirin səsinə

Nəfəs kimi, səs də insana verilmiş böyük nemətlərdən biridir. Özümüz nəfəslə yaşadığımız kimi sözümüz də səslə yaşayır. Sözlərimiz səsin tonunda, intonasiyasında, vurğusunda, hətta bəzən pıçıltısında və hayqırtısında fərqli məna qazana, müxtəlif eyhamlar daşıya bilir. Çap vərəqlərində pərakəndə halında masamın üstünə dağılmış Sevinc Azadlının şeirlərini oxuyanda nədənsə sözlərdən əvvəl səsləri eşitmiş kimi olurdum. Görünür sözündən əvvəl səsini tanıdığım müəllifin duyğu və düşüncələri əvvəlcə səsi vasitəsiylə yaddaşıma yazıldığından alt şüurda bir yerlərdə ilişib qalmış həmin misralar məhz bu şəkildə özünü daha qabarıq göstərməyə nail olur.

 Sevinc Azadlı imzası bir neçə ildir ki, mənə tanışdır. Buradakı imza sözü sizi çaşdırmasın. Yəni, bu adı bir çox şairlərimizin şeirlərini dinləyərkən ekranın aşağı künclərində bədii qiraət edən kimi görmüşdüm. Qeyri-adi səs tembri ilə duyğulu şeirləri müəllifin yazdıqlarına əlavə güc qataraq oxucu yaddaşına ötürən bu səsin özündə bir şeiriyyət var. Bəli, bəli, səsdə şeiriyyət, səsdə şeirlik, poeziya. Bir az da belə deyim, yəni Sevinc Azadlı şeir səsləndirməsə də, normal olaraq adamla üz-üzə danışanda da elə bilirsən bəs şeir deyir. Bu mənada səsi onun ilahi tərəfindən bəxş olunmuş istedadının bir parçasıdır. Nədəndir ki, o səsin şeirliyi görünür Sevinc Azadlını məhz poeziyaya tərəf dartıb gətirib. Səsin şeirindən yola çıxaraq şeirin səsinə tərəf aparıb. Artıq bir neçə ildir biz şeir kimi səsdən səsli şeirlər dinləyirik. Azərbaycanın ən məşhur şairlərindən tutmuş məhəlli çərçivədə tanınan imzaların qələmə aldıqları şeirlər, haqqında bəhs etdiyim Sevinc Azadlının özünəməxsus səsi ilə oxucu görüşünə gəlir.

​İndi isə müəllifin özü oxucularla görüşmək arzusundadır. Məktəbdə oxuduğu illərdən şeirlər yazmağa başlayan Sevinc Azadlı sözün məsuliyyətini yaxşı dərk etdiyindən uzun illərdir yazdıqlarını dəftərlərində, son illərdə isə kompyuterinin yaddaşında saxlayırdı. Üzə çıxarmağa, bir növü, cəsarət etmirdi. Bəlkə də şeirlərini sevə-sevə oxuduğu şairlərdən həya edərək öz söz dünyasında var-gəl etməyə üstünlük verirdi. Buna baxmayaraq hərdən sosial şəbəkələrdə paylaşdığı şeirlərini oxuyanda bu xanımın yaxşı söz duyumu olduğunu görürdüm. Oxucu görüşünə gəlməyin vaxtı çatdığını düşünən Sevinc xanım şeirlərini redaktə etmək və ön söz yazmaq üçün təqdim edəndə tərəddüt etmədən razılıq verməyimin səbəbi də məhz onun şeir kimi səsi və səsindən boylanan şeirlərin bədii ağırlığının olması idi. 

Məmməd Araz demişkən “ilhama sarılmağın, qələm götürməyin siqaret çəkməkdan asan olduğu” bu dövrdə yazdıqlarını şeir adıyla oxucuya sırıyan “şair” işləyənlərin göbələk kimi çoxalmağı və oxucu zövqünü korlamasına baxmayaraq istedadla və ilhamla yazılmış şeir müəllifləri də az deyil. Sevinc Azadlı da ikincilərdəndir. 

“Məktubunu oxudum: oxu məktublarımı” kitabının adı ilk başdan təzadlı bir ovqat yaradır. Kitabın adını açmaq niyyətində deyiləm. Oxucular onsuz da hər şeiri bir məktub olan Sevinc xanımın yazdıqları ilə tanışlıqdan sonra müəllif təqdiminin nəyə dayandığını biləcəklər. 

Sevinc Azadlının yazdıqları janr baxımından da çoxşaxəlidir. Əruz və heca vəznlərində qələm işlətmə istedadını ortaya qoyan müəllifin, əgər müraciət etsə, sərbəstdə də özünü sərbəst hiss edəcəyi qənaətindəyəm. Amma görünür ənənəyə sadiqlik nümayiş etdirən Sevinc Azadlı bu şəkildə hisslərini şeirə çevriməyə üstünlük verir. Hətta onun təqdim etdiyi nümunələr arasında Avropa lirik janrlarından olan sonetə də rast gəlmək mümkündür. 

Aşıq yaradıcılığının ən aparıcı janrlarından biri “Deyişmə”lər sayılır. Sevinc Azadlı da şair həmkarları ilə qarşılıqlı bəndlərlə şeirlər yazıb. Amma maraqlıdır ki, o ədəbiyyatımıza bunu yeni adla təqdim edir ki, məncə son illərdə artan bu nümunələr məhz Sevinc Azadlının ayrıca bölmə başlığına çıxardığı kimi janr təsnifatında diqqətə alına bilər. O, forma etibarıyla deyişməyə bənzəyən nümunələri “Şeirləşmələr” olaraq ümumiləşdirib. Niyə də olmasın. Bir çoxumuz bu cür nümunələr qələmə almışıq. Amma bu, deyişmə deyil, məhz Sevinc xanımın ortaya qoyduğu ad daha optimal variant kimi özünü göstərir: Şeirləşmə. Forma adı baxımından yenilik özü də ədəbi yaradıcılıqda prioritetlərdən biridir. Bu mənada müəllifə, ədəbiyyat nəzəriyyəçiliyi kontekstindən yanaşanda minnətdarlıq etmək olar. 

Onun istər milli duyğularla qələmə aldığı vətənpərvərlik ruhlu şeirlərində, istər ailə-məişət mövzusunda yazdıqlarında, istər dünya və həyat barədəki lirik-fəlsəfi düşüncələrində, istərsə də ən ülvi hisslərin ifadə olunduğu sevgi dolu təəssüratlarında söz boğazdan yuxarıda dayanmır, əksinə sinədən gəlir, sol yandan qopub misralara hopur. 

Verərəm ömrümü mən, adına qurban olaram,
Mənə can bəxş eləyən qadına qurban olaram.
Əlinin ləzzətinə, dadına qurban olaram,
Baxıram yazıq anam halı-pərişan qocalır,
Mənə vermişdir o can, can dediyim can qocalır.

Ana haqqında nə qədər şeirlər yazılıb, bundan sonra da qələm sahibləri bu müqəddəs varlığıtərənnüm etməkdən doymayacaqlar. Hər birinin bu mövzuya özünəməxsus yanaşması olacaq, ammao yanaşmalar hər kəsin ürəyindən xəbər verə biləcək gücdə olacaqmı? Ana haqqındakı hər şeir hərkəsin mənimsəmək istəyəcəyi dəyəri daşıyacaqmı? Bilmirik. Amma yuxarıda bir bəndini təqdimetdiyim bu şeir hamımızın ürəyindən xəbər vermirmi. Bax, şeir budur, müəllifin qələbəsi budur. Oxucu ürəyini fəth etməyi bacardınsa, yolun sonrası o ürəklərdən qopan alqışla nurlanır. 

Bu şeirləri oxuyanda görürsən ki, müəllif bir yerdə “dünyanı yurdunun rənginə boyamağasəsləyir”, başqa bir yerdə “xatirəsi yuxusunu daşlayır”, bəzən “canından artıq sevməyin günaholduğunu söyləyənlərə, dar ağacımı hazırlayın muradıma çatmışam” deyir, bəzənsə kənarda dayanıb“ruhunun bədənindən yarpaq-yarpaq ələndiyinə” tamaşa edir. 

​Sevinc Azadlının bir xarakterini daha çox bəyəndim. O, böyük addımlar atmağa meyillideyil. Addımının boyu qədərincə səbrlə irəliyə doğru gedir. Təvazökarlığından doğan xasiyyətdirdeyəsən. Şeirlərinin ümumi ovqatına da keçib bu cəhəti. Düzdür, bütün şeirlərində Sevinc xanımınözü var, amma “Çəkirəm” adlı şeirinin iki bəndində onun özünü özündən də gizlətməyə çalışdığıtərəfləriylə tapdım deyə bilərəm:

Çox insanlar ələndilər ələyimin içində,
Bir ümid var hər arzumun, diləyimin içində.
Qoyub ömür tərəzisin ürəyimin içində
Sevincimi, kədərimi qram-qram çəkirəm.

Sarvan çəkər, susuzluqdan yorğun olan karvanı,
Niyyət etsəm bağ edərəm, susuz, cadar səhranı.
Nə olsun ki, üzəmmirəm, keçəmmirəm dəryanı,
Qayığımın avarımı aram-aram çəkirəm.

​Bundan o yana əlavə söz demək istəmirəm. Qoy sevimli oxucu bəzən sakit ləpələrində, bəzən çılğın dalğalarında aram-aram üzərək müəllifin şeir dənizinə qərq olsun. Kim bu söz dolumavilikdə özünü suda balıq kimi hiss eləsə, demək ki müəllifin ruhunu duya bilib. 

​Şair həmkarıma isə bundan sonrakı yaradıcılığında uğurlar arzulayır və söz meydanına xoşgəldin, – deyirəm. Yolunuz açıq olsun, Sevinc Azadlı!

Elxan YURDOĞLU,
Filologiya üzrə fəlsəfə doktoru, dosent,
Şair-publisist