.....

.....

MAHİR CAVADLININ ŞEİRLƏRİ

MAHİR CAVADLININ ŞEİRLƏRİ

ƏZİZ XATİRƏLƏR
ÜRƏKLƏRDƏ YAŞAYIR

Azər Yusifli Azərbaycan bayrağını Zəngilana sancdıqdan sonra üç igid sərhədçi ilə
birlikdə şəhid düşmüşlər.


VƏTƏN SƏRHƏDdən başlanır.
Gedə biləcəyimiz

son həddən başlayır!

Şəhid sərhədçi balam,
ən müqəddəs dua, ən uca kəlam
şirin xatirələrinin,
yerini verə bilməz!

Səni vəsf edən ən səlis şeir
şəhid ucalığının
sirrini verə bilməz.

Vətən sərhəddən başlayır.

sərhəd vətən olmayanda ,
sərhədlər tən olmayanda
düşmən qapını daşlayır.

Bir vaxt mən itirən sərhədi
mənə qaytaran igid!

Neçə şəhəri kəndi

Şükrətazı, Ağbəndi
zalım, mənfur yağıdan,
zülm,zillət, ağrıdan
şərdən qurtaran igid!

Düşməni qova-qova

izini sova-sova
zəfərə uçan Azər!

Mənim xobəxt anıma

qalibiyyət çələngli
çığırlar açan Azər!

Doğma Zəngilanıma
ay-ulduzlu, üçrəngli
bayrağı sancan Azər!

Vətən sərhəddən başlayır,
“Azərbaycan” “Azər”dən başlayan kimi!
Ən əziz xatirələr
ürəklərdə yaşayır
Azər, Məmmədəli, Xudayar kimi


BÜTÜN AĞRILARIM ÜRƏK TƏRƏFDƏ


Hərdən itirirəm şux yerişimi,
Hərdən sol ayağım solçuluq edir.
Ağrıdan dişimə sıxıb dişimi,
Sağla güc qatıram yolçuluq edir.
Ayaq neyləsin ki, doğram-doğramdı,
Ayaq keçən yollar ağrı-acılı.
Gendən baxan deyir şuxdur, sağlamdır,
Dərinə gedəndə dərdlər açılır.
Vətən darda idi, ürək dərd-sərdə
Bütün ağrılarım soluma düşdü.
Azərbaycan adlı bu şah əsərdə,
Bu Zəfər də ömür yoluma düşdü.
Neynək, ayaq hərdən sözə baxmasın,
Birtəhər yollaşıb nizamlayıram.
Təki ilham məni tək buraxmasın,
Həyatı haqq sözlə düz anlayıram.
Mən azad ölkənin vətəndaşıyam.
Zəfər qazanana nöqsan deyilməz.
Gərək ağrıları içdə daşıyam,
Yerişim şux olsun, qəddim əyilməz!
01 iyun 2024

BİZ BACARMIRIQ


İtirə-itirə gedirik, Allah,
Ağrıdan-acıdan göz açammırıq.

Biz nəyə, nələrə qadirik, Allah!
Tək həyat dərsindən söz açammırıq.
Harda xoş ülfət var, gözəl niyyət var,
Orda iltifat var, mədəniyyət var.
Elə ha deyirik əbədiyyət var,
Səksən yaşamırıq, yüz qocalmırıq.
Minüzlü olan var, hər dəfə ölər,
Qəlbini hədəfdən-hədəfə bölər,
Nadan zər arayıb, sədəfə gülər,
Dikinə qalxırıq, düz ucalmırıq.
Gah qəm bol, gah da ki, kefimiz kökdür,
Yarımız yarıcan, yarımız kökdür,
Faydalı bal-qaymaq, mer-meyvə, kökdür,
Saxtadır yağ, şəkər, duz, – qaçammırıq.
Sərvətimiz olur talan, yeyilir,
Az qane eləmir, kalan yeyilir,
Cəhənnəm adına yalan deyilir,
Harda cənnətimiz, iz açammırıq.
Tanrım, yaş ver, sağlam yaşat bəndəni,
Anlat ad qoyanım Qorqud Dədəni,
Anlat ki, vəhdətdə ruhla bədəni
Yüzü aşmaq olar, biz bacarmırıq.


BU DA BELƏ GİLEY OLSUN


Yurduma yamanca gediş-gəliş var,
Kim səfər üstədir, haqqı-halalı!
Uzaqdan görürəm çox dirçəliş var,
Artsın el-obamın cahı-cəlalı!
Kimə təkəbbürdür, kiminə ad-san,
Mən haqq etmədiyim yolla getmərəm.
Ana yurd, bəsimdir sən ki azadsan,
Yüz gəl-gəl deyənim ola, getmərəm.
Allah qəbul etsin hər ziyarəti,-
Sağ olsun kim cümə namazı qılıb.
Gedənə yaxşı yol, qibtəm yox, qəti,
Heç getməyən var ki, narazı qalıb.
…Bu mən getdiyim yol, bu iz, bu cığır,
Tanrıdan yazılıb ömür taleyim!

Söz deyə bilmərəm şeirdən ağır,
Bu da saymazlara olsun gileyim.


YAZ, QADAN ALIM


Namə göndərmisən, ruhuna əhsən,
Doludur ürəyin, yaz, qadan alım!
Ağac tez bar verər, sevgiylə əksən,
Haqq sözdür dirəyin, yaz, qadan alım!


Düzüb misraları, qoşala bənd-qənd,
Bir cənnət bağ olsun, açıq aynabənd.
Gülsün gül yanağın, ləbin şəkər-qənd,
Nuşdur duz-çörəyin, yaz, qadan alım!


Dünya xöşbəxtisən, xəyal olmasın,
Hər yaşda sevgi var, şübhə qalmasın,
Arzusu gül açsın, heç vaxt solmasın,
Sən tək bir mələyin, yaz, qadan alım!


Əlimdən nə gəlir? Şeirə şeir,
Şair ürəyindən keçəni deyir.
Nə niyyətin varsa, Allahdan xeyir,
Mahir də köməyin, yaz, qadan alım!


SƏNİN KİMİ YAŞAMAĞA NƏ VAR Kİ


Kimə, harda, necə gəldi deyirsən,
Qəlb sındırıb, ürəklərə dəyirsən,
Gah gülürsən, gah inciyib-əyirsən,
Sənin kimi yaşamağa nə var ki?!


Hamı suçlu, bircə sənsən günahsız,
Gah hökümlü, gah da faqır, pənahsız,
Həm umursan, həm olursan tamahsız,
Sənin kimi yaşamağa nə var ki.


Gah acizsən, gah hamıdan üstünsən,
Yadla həlim, doğmalarla küskünsən,
Bilmək olmur nədən, niyə üzgünsən?!
Sənin kimi yaşamağa nə var ki!


Yaxşı baxsan, həyat xoşdur, gözəldir,
Dünyamızı düz əməllər düzəldir,
Elə yaşa, deməsinlər söz gəldi,
Sənin kimim yaşamağa nə var ki!

BU ŞƏHƏRDƏ


Şəhərə heykəllər düzülüb,
iri başlar, göy gözlər,
daş buynuzlu öküzlər,
fınxıran key kəllər düzülüb.
Nə düzümdə millət haqqım,
nə yozumda qayda olub.
Gözün aydın, ulu xalqım,
şəhərin ən uca dağında,
yeni güllər əkilmiş,
yeni asfalt çəkilmiş,
bahalı restoran tikilmiş
müasir “Gənclik bağı”nda
qanadını gərib-yaxan,
ağzından od-alov çıxan
əjdaha da peyda olub.
Qoçlar sinə gərib,
qartallar qanad sərib
bu şəhərin üzərinə.
Daş fiqurlar fırlanıb girir
parkda şəhid balasını gəzdirən
babanın ağlamaqdan
tor olmuş gözlərinə.

İtibdir keçmişi, dünəni,
irsindən yetim şəhərin.
Bir yanda gözəlləri sayrışan,
bir yanda soyunmaqda yarışan,
yarıçılpaq insanları

kiminə nəşə,
kiminəsə ölüm-itim şəhərin!…
Bu şəhərin daş fiqurları,
daşlaşmış tarixindən önəmlidir.
Kasıbları, fağırları,
gözləri nəmlidir,
ürəyi dərd-sitəmlidir!
Bu şəhərdə çalınan havalara
oynamaq çətin.
Tariximə yad olanlara
qarışıb-qaynamaq çətin.
Babam tikən qalalara, divarlara
yad əldən düşən daşların
mənəvi yükünü daşımaq olmur.
Bu şəhərdə yadlar kimi,
özgə adlar kimi
dolanmağı bacarasan.
Qoşulasan avropalı, asiyalı,

koreyalı, çinlilərə
öz-özünlə bacar, – asan!

Mənim kimi mənlilərə
yaşamaq olmur,
yaşamaq olmur!