.....

.....

Faiq Hüseynbəylinin şeirləri

Faiq Hüseynbəylinin şeirləri

***

Oxudum, mənimçün şeir yazmısan,
Şeir də gözəldi, sən də gözəlsən.
Tilsim yaratmısan, sehir yazmısan,
Sehir də gözəldi, sən də gözəlsən.

Sənsiz yaşamadım, sənsiz ölmədim,
Sənli fikirlərin ruhu, canıyam.
Sənsiz sabahların şairi mənəm,
Eşqinlə alışan söz insanıyam.
Təklik yoldaşımdır, təklik həmdəmim,
Gecələr xəyalım, səhərlər qəmim –
Səhər də gözəldi, sən də gözəlsən.

Fikirdən danışdım, fikir sən adda,
Bürüyüb ətrin tək bəndi-bərəni.
Mən köhnə xəyalda, köhnə inadda,
Eşqdi də, dəyişər könül verəni.
Yaxşı ki, sən varsan, varsansa nə qəm?
Amma fikrin ki, var, ayrı bir aləm,
Fikir də gözəldi, sən də gözəlsən.

Səbr Tanrıdandır, Tanrı gözəllik,
Bilirəm, insanı səbri yaşadır.
Ruhunu göylərə əmanət verən
İnsanın nəşini qəbri yaşadır.
Ölsə də ümidlər, solsa arzular,
Sənə yetişməyən dualarım var,
Zikr də gözəldi, sən də gözəlsən.

Sən ki, bir qiymətli daşımsan mənim,
Ömürsən – yolumsan, yaşımsan mənim.
Bütün fəsillərin yaşadığımsan,
Baharımsan mənim, qışımsan mənim…
Yaqutdu, Zümrüddü daşımın adı.
Sənin şəkillərin yaddaşımdadı,
Şəkil də gözəldi, sən də gözəlsən.

Tikanlar var idi, çəpərkimiydi,
Əfi ilan idi, zəhərkimiydi –
Yürüdüm yolları, canıma batdı.
Dərimi soydular, qanım sıçradı,
Zahidin barmağı qanıma batdı.
Bilsən nələr oldu, ax, nələr, nələr,
Bu saxta fərmanlar, mühakimələr…
Hakimlər, vəkillər qərar söylədi,
Adın çəkiləndə çiçəklər açdı –
Vəkil də gözəldi, sən də gözəlsən.

Bütün ilğımların sonunda varsan,
Sanki bir çələngsən, gül butasısan.
Getmə o dalğalı dənizə tərəf,
Amandı, qayıt gəl, gəl… batasısan.
Qayıt ki, süslənsin susan təbiət,
Özünü göylərdən asan təbiət.
Çeşmələr quruyub gözündən, qayıt,
Ay suda qırılan səhəngim mənim.
Qayıt gül ətirlim, çələngim mənim,
Əklil də gözəldi, sən də gözəlsən.
Mən səni sevmişəm, sənə aşiqəm,
Ey iki aləmdə şahidim mənim.
Sevgi həqiqətdi, sevgi uğruna,
Canından keçənim, şəhidim mənim.
Səndə tükənmişəm, səndə bitmişəm,
Sən sonsuz sərhəddim, hüdudum mənim.
Tək səni istədim ürək dolusu,
Təkimsən, birimsən, vahidim mənim,
Təkbir də gözəldi, sən də gözəlsən.

***

Yenə rəml atıram, fala baxıram,
Qara saçlarımda dəni görürəm.
Dost kimdi, düşmən kim… kimi-kimsəni,
Ən yaxın, ən uzaq… “ən”i görürəm.

Açılıb bəsirət gözlərim daha,
Ümidi buraxmaq olmaz Allaha.
Sevgilər satılır ucuzdan baha,
Bahadan ucuzdur kini, görürəm.

Kimdi süddən çıxan o təzə qaşıq?
Hanı zülmətləri yaran nur, işıq?
Bütün fikirləri qarmaqarışıq,
Bütün izahlarda “yəni” görürəm.

Haqqını əlindən durub alırlar,
Hiylələr, tələlər qurub alırlar.
Bütün sahələri vurub alırlar,
Hündürü, uzunu, eni görürəm.

Yenə oxuyuram bu tilsimləri,
Kimləri görürəm, baho, kimləri…
Şaqraq gülüşləri, təbəssümləri,
Görürəm saxtadı, süni görürəm.

Bircə sən qalmısan, əzizim Maya,
Maya şərti addır burda formaya…
Sanki səpilmisən bütün dünyaya,
Haraya baxıram səni görürəm.

***

Doğrulardı adamlar,
yalanlardı adamlar.
Dünyanın yaddaşında
qalanlardı adamlar.
Adamlardı ilanlar,
ilanlardı adamlar.
Hər daşın altında bir ilan yatır.

Ayaqlar yorğun düşüb,
baş danışır dərdini,
Balıqların diliylə
quş danışır dərdini.
Adamlar daşa dönüb,
daş danışır dərdini.
Hər daşın altında bir ilan yatır.

İzlər düşüb yolların
ağına-qarasına.
Fikrin əlindən gedək
dünyanın harasına?
Ağırdı söz yarası,
duz basıb yarasına-
Hər daşın altında bir ilan yatır.

Ömrün xoş məqamında,
Şirin çağında yatır.
Həqiqətlər solunda,
Yalan sağında, yatır.
Yatır papaq altında,
Fil qulağında yatır,
Hər daşın altında bir ilan yatır.

***

Həsrət nəğməsiylə, qəm havasıyla,
Baxışlar yollara düzülər gedər.
Dözməz intizara, ayrılıqlara,
Ürəklər yerindən üzülər gedər.

Yüklənər yalanın suçu gerçəyə,
Bütün xəyalları ucu gerçəyə…
Öyrəşər sərtliyə, acı gerçəyə,
Dodaqlar xoş sözə büzülər gedər.

Kim bilir, bəlkə də nələr nələrdi,
Yollar qayıdaydı, gedən gələrdi…
Arzudu, istəkdi, xatirələrdi –
Buluddan buluda süzülər gedər.

Baxtına, şansına yük olan adam,
Həyatı gözünnən tökülən adam…
Sözün qüdrətinə söykənən adam,
Ağrılar, acılar söz olar gedər.

İnsanı ruzisiz, quşları dənsiz,
Tanrımı yaratdı heçdən, “nədən”siz…
Ayaqlar baş olub, başlar bədənsiz,
Ayaqlar yollarda iz olar gedər.

Bu zülmət gecənin səhəri yoxdur,
Yoxdur həqiqətin təpəri, yoxdur…
Kimsənin kimsədən xəbəri yoxdur,
Ürəklər daş olar, buz olar gedər.

Göy ilə, yer ilə bitişər ömrü,
Sonuna əliboş yetişər ömrü…
Zamanın yanından ötüşər ömrü,
Bax, insan beləcə əzilər gedər.

***

Xoş gəlmisən bu dünyaya,
Yenidən doğulan adam.
Söz ilə dirilib gələn,
Səs ilə yox olan adam.

Yığılar hamı başına,
İşıq tut kor yaddaşına.
Yıxılar damın başına,
Dünyası dağılan adam.

Tanı ilmə-naxışından,
Dünyanı bir baxışından.
Yolun eniş-yoxuşunda,
Ürəyi dağ olan adam.

Əyilməz ömrün qürura,
Olanlar gec olur sonra…
Əl açdın günəşə, nura,
Gecələr sıxılan adam.