.....

.....

Mirvarid Dilbazinin şeirləri

Mirvarid Dilbazinin şeirləri

AZƏRBAYCANIM!

Torpağı-türbət
Suları – şərbət,
Günəşi məlhəm
Ayrılığı – qəm Azərbaycanım!

Aranı, dağı,
Tərlan oylağı,
Könlüm çırağı,
Qızılgül bağı Azərbaycanım!

Ana nəfəslim,
Qaranquş səslim,
Ellim, obalım,
Dağlar havalım Azərbaycanım!

Qızları dilbər,
Oğulları ər,
Odum, ocağım,
Ana qucağım
Qalsam həyatım,
Ölsəm torpağım Azərbaycanım!

İSTƏSƏYDİM

İstəsəydim səni səndən alardım,
Gözəlləri öz taxtından salardım.
Ürəyimi ürəyinə çalardım,
Sən yanardın, mən baxardım tüstünə.

Ulduz olub öz zirvəmdən enərdim,
Dövrəndəki mələkləri yönərdim.
Al laləyə, qərənfilə dönərdim,
Səpilərdim yollarının üstünə.

İstəsəydim vüsalına yetərdim,
Mən gül olub ürəyində bitərdim,
Orda bülbül fəryadıyla ötərdim,
Mən yanardım, sən baxardın tüstümə.

Ölsəm, bir gün gəl qəbrimin üstünə,
Bircə dəstə bənövşə qoy, bəsimdir.
Baş üstündə bir qaranquş ötəcək,
O da sənə minnətdarlıq səsimdir.

ŞİRİN DİLİM

Saçlarından tel əsəndə,
Telinə qurban olmuşam.
Dilin sözə tələsəndə,
Dilinə qurban olmuşam.

Təzə çıxan süd dişinə,
Qəh-qəhəli gülüşünə.
Tırıp- tırıp yerişinə,
Baxmışam heyran olmuşam.

Yanağının gülü solsa,
Könlün bir an tutqun olsa,
Bir ağrıyla gözün dolsa,
Mən ürəyi qan olmuşam.

Keçib getdi ayım, ilim,
Sən açıldın, qönçə gülüm,
” Ana” deyən gündən dilin,
Bəxtiyar insan olmuşam.

TUFANLA OYNAMA

Dəniz küləklə oynadı,
Vəhşi fələklə oynadı.
Yaşıl çəməndə dalğalar
Bu dib çiçəklə oynadı.

Dəniz, o mavi gözlü qız
Çaşdı tufanla oynadı.
Ürəklə, canla oynadı,
Coşdu içindən qaynadı.

Sən də tufanla oynama,
Dəniz kimi coşma gülüm, ay gülüm.
Coşub içindən qaynama,
Çox deyil bizim ömrün illəri…

Baş götürdü bircə gün;
Bir gün oldu bu toy-düyün.
Biz oturaq, sən səadət,
Dəniz yoruldu büsbütün.

Uçdu ləpəsi aşiqin,
Getdi dəniz küləkləri.
Susdu o mavi gözlü qız,
Susdu o nəğmə səsləri.
Sən də tufanla oynama,
Dəniz kimi coşma gülüm, ay gülüm.
Coşub içindən qaynama,
Çox deyil bizim ömrün illəri…