Ağac və tabut
Sübhün ayazı kürəyimdən iliklərimə sızıb bütün bədənimi üşütsə də məni titrədən soyuq qarşımdakı 60 illik ağacın, gövdəsindən təpəsinə qədər bir tərəfini bürüyən sarmaşığın ağacı havasız buraxmasından qaynaqlanan “ölməsi” idi.
Ağac ölürdü. Yaşaya-yaşaya ölürdü…
Və o ağac üçün yeganə qurtuluş ölməyi idi. Amma belə yox, əzabla can verərək, ağaclığının vüqarını itirərək, nə meyvəyə yarayan, nə gözəlliyi qalan dərdiylə yox, kökündən kəsilərək, yanıüstə aşıb hissələrə doğranaraq, öldüyünü hiss etmədən ölməli idi. Necə ki yaşadığını hiss etmədən yaşayırdı..
Onun körpəliyini, gəncliyini, cavanlığını, ən məhsuldar illərini görməyənlər, indiki halına baxıb həmişə bu vəziyyətdə olduğuni düşünər bəlkə. Bu “ölünün” də bir vaxtlar öz vüqarı ilə meydan oxuduğunu, kölgəsi ilə sərinlik verdiyini, möhkəm budaqlarından asılan iplərlə birilərinə havada süzmək sevincini, birilərinə havasız qalmaq həqiqətini yaşatdığını bilməzlər.
İndi yanından keçənlər onu görməzdən gəlir, hətta yaxınlarında dayanmaqdan belə yan qaçır. Birdən budaqlarından biri qopar, ağırlığının altında qalmasın deyə…
İndi o, yükdən, qarşılığını verməyəcəyi əlavə “xərc”dən başqa heç nə deyildi. Ətrafdakı cavan, meyvə verəcək ağacların yarpaqlarına böcək əleyhinə dərmanlar püskürdüləndə qabın dibində qalan qırıntını əhəmiyyətsiz şəkildə ona tərəf tullayırdı bağban. O dərmanın ünvana yetişib fayda verib-verməyəcəyi ilə maraqlanmadan keçirdi yanından. Cavan ağacların gövdəsinə çəkilən əhəngin vedrəsi həmişə o ağacın dibinə atılardı, bütün bağı belləyib yorulandan sonra, bağban, əlindəki beli o ağacın dibinə basdırıb qamətini düzəldib rahat nəfəs alırdı…
Özünə tərəf gələn insanları görəndə həyəcanlanıb var gücü ilə hərəkətlənmək istəsə də, yarpaqlarını tərpətməyə gücü olmadığını hiss edirdi ağac.
Ağac uşaqları, onun qurumuş kökündən parçalar qopardıb bir-birinə atan, gövdəsini rahatlıqla eşən yeniyetmələri başa düşürdü, axı onlar bu ağacın gözəl vaxtlarını görməyiblər, unudacaqları heç bir xatirələri yoxdur onunla bağlı. Bəs onunla birlikdə böyüyən, kölgəsində yaş alan, yaşıllığında xatirə toplayan insanlar niyə hər şeyi belə tez unutdu?
Ağacın yanında onun qədər tükənməsə də yorulmuş, yarpaqları saralmış başqa ağac ona xəfif-xəfif əsərək dəstək verməyə çalışır, onun bitişini, həzin sonunu kədərlə izləyirdi. Onların çox gözəl və fədakar yaşam yolu keçdikləri o qədər bəlli idi ki…! Amma indi ikisinin də əlindən heç nə gəlmirdi… ikisi də kökündən aşacaqları günü gözləyirdilər. Ən kədərlisi bu idi ki, başqaları da onların bu gününü gözləyirdi və özləri ağacı kəsmədən yaxşılıq nümayişi göstərərək daxillərində olan o gözləyişi gizlətməyə çox da önəm vermirdilər.
Bir də vaxtilə ağacdan qopardılmış qələmələr var idi, artıq başqa bağlarda ağac olub boy atıb meyvə verən ağacın parçaları, onlar da uzaqdan uzağa sərinlik göndərir, havanın təmiz olmağı üçün ciddi cəhdlə nəfəs alıb verir, bununla da çox işə yaramadığını düşünmənin verdiyi kədərlə öz bağı üçün, körpə budaqları üçün yaşamağa davam edirdi.
Bu sabah ağacın olduğu həyətdə həyəcanlı nəsə baş verirdi. İnsanlar təlaşla həyətə girib-çıxır, evdən ağlamaq səsi gəlirdi. Amma bu səs nədənsə zəif, məcburiyyətdən, vərdişdən olan ağlamağa oxşayırdı. Vaxt keçdikcə qadınlar evdə, kişilər həyətdə çoxaldı.
Ağac ətrafda iki-iki, üç-üç yığılmış adamlara baxıb kədərli bir şey olduğunu hiss edirdi. Bahar gəlmişdi, gün isti zolaqlarını yarpaqların üstünə salsa da ağacın bunu hiss edəcək yarpağı cücərməmişdi…
Bir azdan həyətə yük yerində uzun dəmir dayaqlı çadır olan maşın girdi.
Kişilər çadırı qurmaq üçün həyətin ən münasib yerini müzakirə edirdi. Ən yaxşısı bağdan evə doğru gedən yol idi, amma bunun üçün bir az da boş əraziyə ehtiyyac var idi…
Müzakirə uzun çəkmədi. Bağban əlindəki mişarı ağacın qurumuş gövdəsinə çəkəndə evin qapısı açıldı, üzərinə yaşıl örtük çəkilmiş tabut kişilərin çiynində həyətə çıxarıldı.
Tabut həyətdən çıxarkən ağacın gövdəsindən parçalanan qırıntılar ətrafa səpələnirdi…
Şəfa Abdulla