.....

.....

Mən bir dağa söykənmişdim – Fazil Alıoğlu

Mən bir dağa söykənmişdim – Fazil Alıoğlu

Mən bir dağa söykənmişdim  

Mən bir dağa söykənmişdim,
Zirvəsində dümağ qardı.
Mən bir dağa söykənmişdim,
Ətəyində hüzur vardı.  

Qayğısıyla yaşa doldum,
Kölgəsindən bəhrələndim.
Öz kökümdə abad oldum,
Budaq-budaq şaxələndim.  

Mən bir dağa söykənmişdim,
Əzəmətli, tutarlı dağ.
Mən bir dağa söykənmişdim,
Zəhmi ağır, vüqarlı dağ.  

İnanmazdım, Tanrı əli,
Dağları da yıxa bilər.
Dağ yerindən, daş heykəli,
Susqun-susqun baxa bilər.  

Mən bir dağa söykənmişdim,
Zirvəsində dümağ qardı.
Mən bir dağa söykənmişdim,
Dağ vüqarlı atam vardı.

Gəldi, deyərsiz  

Öləndə, Şuşadan götürün məni,
Qarabağ uğrunda soldu, deyərsiz.
Bir başa Qazağa gətirin məni,
Vaqifin qolunda öldü, deyərsiz.  

Durub qarşılasın Vidadi babam,
Başını dik tutsun qohum, əqrəbam,
Məzara qoyanda, ay elim-obam,
Bu əsgər vətənə quldu, deyərsiz.  

Arayıb gəzmədi tacı dünyada,
El üçün tükəndi gücü, dünyada,
Kamına yetmədi acı dünyada,
Murazı gözündə qaldı, deyərsiz.  

Deyin ağlamasın gül üzlü sonam,
Fazil ona vermiş ruhunu tamam,
Bircə, öldüyümü bilməsin anam,
Son beşik, yanına gəldi, deyərsiz.  

Öləydim

Bilirsənmi, əzizim, nələr keçir könlümdən,
Sənin qumral saçından asılaydım, öləydim.
Hücum çəkə üstümə o, maral baxışların,
Yaraqlı gözlərinə, basılaydım, öləydim.

Bir ehtiyac duymuram, sənsiz olan ağ günə,
Qollarıma qandal at, bağla məni zülfünə,
Öl desən, əsgər kimi tabe olub əmrinə,
Çəkiləydim bir tinə, qısılaydım, öləydim.

Ölümdən betər imiş, sənsiz ömür yaşamaq,
Nə ağır yükdür belə, bu sevdanı daşımaq.
İndi sənə nifrətim, eşqimə olmuş yamaq,
Bu, çətin imtahandan kəsiləydim, öləydim.

Könlünə yol tapaydım, orda sıxılsam belə,
Qəlbinə hakim kəsi görüb, yaxılsam belə,
Kipriyindən asılam, hətda yıxılsam belə,
Gözlərindən düşüncə, əziləydim öləydim.

Dost gəzirəm

Qınamasın dostlar məni,
Ürək kimi dost gəzirəm.
Büdrəyəndə söykənəcək,
Dirək kimi dost gəzirəm.

Dost olarsa dostuna tən,
Bata bilməz hər ağlı kəm.
Qonşudan tez hoya yetən,
Gərək kimi dost gəzirəm.

Qəlbi təmiz, niyyəti pak,
Əqli yetkin, dolğun idrak,
Nə sərmaye, nə də əmlak,
Çörək kimi dost gəzirəm.

Hər dərdimə həyan ola,
Hər halımıı duyan ola,
Qəlbim, sirrim bəyan ola,
Mələk kimi dost gəzirəm.

Boşboğazlıq edən insan,
Deyər- dosta canım qurban.
Verən varmı dostuna, can?
Fələk kimi dost gəzirəm.

Yaşa əsgər.

Yaşa əsgər, yaşa ki, şanlı vətən qoy yaşasın.
Vətənin qeyrətini tam çəkəcək soy yaşasın.

Bizi möhtac eləmə soysuza qurbanın olum,
Sən olan yerdə niyə mərdimazar, zay yaşasın.

Ayıq ol, tədbir ilə kəşf elə dörd ətrafını,
Heç aman vermə, sənə həmlə quran hay yaşasın.

Diqqət et təliminə, boş yerə qan tökmə oğul,
Elə gir-çıx, döyüşə sənlə gedən say yaşasın.

Bu siyasət belədir, əsgər onun alətidir,
Qoru öz millətini, qıyma ki, rüsvay yaşasın.

Analar doğdu bizi, çün vətən uğrunda ölək,
Ölərik, gərçi bizim xalqımız həmrəy yaşasın.

Demə, Fazil nə qədər bağlıdı öz millətinə,
Canı ver yaxşısına, pisləri də söy, yaşasın.

Oxumur

Nə qədər tənbeh edim, yox, bizim oğlan oxumur,
Dolanırsan başına, eyləyir üsyan, oxumur.

Gün ötür, axşam olur, bircə kitab açmağı yox,
Yenə axşam qurulur, məhkəmə-divan, oxumur.

Gecələr gec yatacaq, hər səhər ağlaşma-şüvən,
Gileyi ərşə çıxır, naşükür insan oxumur.

Genetik hafizəsi, dərk eləmək qüdrəti var,
Oxusa alim olar, olsa da imkan, oxumur.

Telefondan asılar, vaxta qənaət eləməz,
Di durub neyləyəsən, əşşi bu şeytan oxumur.

Yeni bir ad qazanıb, centilmendir ləqəbi,
Arabir müəlliməsi tutsa da nöqsan, oxumur.

Tək oğuldur, bacı yox, qardaşı yox, kürlük edir,
Fazilin ərköyünü, göz nuru Ayxan, oxumur.

Dedim

Körpə oldum beşiyində,
Vətən, sənə ana dedim.
Bir əsgərtək keşiyində,
Qeyrətimi sına, dedim.

Bayrağının altında mən,
Qürurlandım, sənə əhsən!
Nişan aldı yağı düşmən,
Canım fəda sana, dedim.

Oğullar şəhid oldular,
Qan tökdülər, qan aldılar,
Aslanların can aldılar,
Çaqqalları qına, dedim.

Namusunu hifs edənlər,
Bayrağını yüksəldənlər,
“Vətən sağ olsun” deyənlər,
Layiqdir ad-sana, dedim.

Dedim unutma onları,
Qaziləri, qurbanları.
Oyat bütün yatanları,
Qılınc girmir “qın”a, dedim.

Əgər Tanrı mənə yarsa,
Dedim getdi, nəyim varsa.
Dinləmirsə, qulaq karsa,
Gərəksiz ünvana dedim.