.....

.....

Əsl gözəllik – Nazilə Rahibqızı

Əsl gözəllik – Nazilə Rahibqızı

Əsl gözəllik

Fərid çox mülayim xasiyyətli bir oğlan idi.Əzizləri,qohumları onu çox sevirdi.Körpəlikdən bəri eşitmə qüsuru olduğuna görə Fərid məktəbə yaşıdlarından fərqli olaraq gec getmişdi. Səhhətilə bağlı bu problem ona insanlarla ünsiyyət qurmaqda çox çətinlik yaradırdı.Fiziki qüsurlu olmasına baxmayaraq Fərid öz insani keyfiyyətləri,mədəniyyəti,davranışı ilə digər uşaqlardan seçilirdi.Qəlbi o qədər təmiz idi ki,ətrafda heç kəsdə,heç nədə qüsur görmür,gözünə ancaq gözəllik görünürdü.

Sakit və mülayim olmağı nə qədər gözəl keyfiyyət olsa da Fəridə məktəb həyatında bir o qədər də çətinliklər yaradırdı.Hətta o qədər mülayim idi ki, sinif yoldaşları ona tez-tez rişğənd edir,hər hərəkətini lağa qoyub gülürdülər.Çox vaxt elə olurdu ki,Fərid dərsini öyrənib bildiyi halda sinifdə onu danışmağa cürət etmirdi. Çünki gülüş mənbəyinə çevrilmək ona çox ağır gəlirdi.Ona görə də onun özgüvəni aşağı düşür,bilikli,bacarıqlı olmasına baxmayaraq istedadını üzə çıxarmaqdan çəkinirdi.
Sinifdə dostluq etmək istədiyi hər bir şagird bir mahana ilə ondan uzaqlaşır,dost olmaq istəmədiyini açıqca Fəridə bəlli edirdi.Hərdən tənəffüs zamanı şagirdlərin oynadığı hansısa oyuna qoşularkən,uduzduğu təqdirdə Fəridə rişxənd edir,qəlbini qırırdılar.Bütün bunlara baxmayaraq o öz mədəniyyəti və səbrinə sığınaraq onlara heçnə demir,sakitcə gedib öz yerində əyləşirdi.O qüruruna sığınıb biruzə verməməyə çalışsa da uşaqların ona qarşı olan bu münasibətini kiçicik ürəyinə böyük dərd edirdi.
Növbəti dərs günlərindən biri idi. Sinif otağının qapısı açıldı,müəllimə ilə birlikdə sinfə çox sakit görünüşlü,utancaq bir oğlan daxil oldu.
Müəllimə:
— Uşaqlar, tanış olun,sinfimizə yeni şagird gəlib.Adı da Anardır.Xoş gəldin,Anar,gəl əyləş!— deyə müəllimə sinfə təqdim etdikdən sonra yeni gələn şagirdi yerinə yerləşdirdi.
Tənəffüs zamanı Anara ilk yaxınlaşıb “ Xoş gəldin!” edən Fərid oldu.O bu dəfə də öz nəvazişi,sevgidolu qəlbi ilə yenə hər kəsdən bir addım öndə idi.Şagirdlər Anarın dövrəsinə yığılıb tanış oldular.Sonra onu imtahanda imiş kimi sorğu-suala tutmağa başladılar.Şagirdsə utanaraq cavab verir,yeni sinif yoldaşlarının sual yağışından əməlli-başlı sıxılırdı.
Uşaqlardan bəziləri Anarın utandığını hiss edib daha da onu bu duruma salmaqdan sanki zövq alırdı.
Günlər ötdükcə şagirdlərdən bəziləri Fəridə göstərdikləri mübasibəti artıq Anara da göstərməyə başlamışdı.Onun utancaqlığı həmin şagirdlər tərəfindən istehza ilə qarşılanırdı.Bu vəziyyət isə Anarın yeni sinif yoldaşlarına isinişməyinə maneə olurdu.Onu bu sinifdə tək qoymayan yeganə şagird Fərid idi.O bacardıqca Anara dəstək olmağa çalışır,onu sinifdə özünü tək hiss etməyə qoymurdu.
Növbəti dərs günlərindən biri idi.Zəng çölə çalındı.Müəllimə sinifdən çıxan kimi şagirdlər həmişəki qaydada öz aralarında yarış keçirməyə başladılar.Yarışın qaydası isə bundan ibarət idi:şagirdlərin biri lövhədə damalar çəkib orda hansı sözün nəzərdə tutulduğunu soruşur,digərləri isə həmin sözün tərkibində olan hərfləri tapmaqla sözü tam olaraq açmağa çalışırdı.Anar növbəti sözü tam olaraq demək istədiyini bildirdi:
— Mən bildim!Deyə bilərəm hansı sözdür?
Şagirdlərdən biri:
— Sən nə bilirsən ki,bunu da biləsən? Hələ utanmağını yığışdır,ondan sonra danışarsan!—deyə lovğalanaraq kobud şəkildə Anarı təhqir etdi. Şagirdin bu sözündən bütün sinfə gülüş səsi yayıldı.Anar çox məyus oldu.Gözləri doldu.Nə qədər gizlətməyə çalışsa da göz yaşlarını saxlaya bilmədi.
İllərdir özünü hələ də bu sinifdə yad bilən,dəfələrlə şagirdlər tərəfindən qəlbi qırılan,onların rişxəndlərinə uzun müddət səbr edən Fərid həyəcanlı,əsəbi bir halda yumruğunu partaya çırpdı:
— Bəsdirin!…Eşidirsiniz?!… Bəsdirin! Siz necə daşqəlbli uşaqlarsınız! Kimisə zəif gördükdə onu bu qədər alçaltmalısınız? O da sizin kimi insandır.Axı onun da qəlbi var,onun da hissləri var.Siz kiminsə qəlbini qıranda ilk özünüzü onun yerinə qoyun və baxın,hiss edin ki, bu hal sizin özünüzə xoş olarmı? Zəif insanı əzməzlər,ona dəstək olarlar! Bəlkə də o gələcəkdə sizin hamınızdan daha gözəl,xeyirli bir insan olacaq.Amma siz onun özgüvənini qırmaqla ona əsl pisliyi etmiş olursunuz.
Əgər biri utancaqdırsa,bu o demək deyil ki, nə istəsəniz ona deyə bilərsiniz.Bilin ki,utancaqlıq insanın gözəl əxlaqı deməkdir.
Əgər biri mədənidirsə,bu o demək deyil ki,o heç nə demir və heçnə başa düşmür.Bunu bilin ki,əslində mədəniyyət də əxlaqın gözəlliyidir.
Əgər biri fiziki qüsurludursa,bilin ki,onun rəssamı ALLAHdır və onu belə yaradıb.Sizi də elə yarada bilərdi.İnsana qüsuru da gözəlliyi də O verir.Xarici gözəlliyi yaradan Odur,daxili gözəlliyi isə yaradan insanın özüdür.İndi mən sizə bir sual verim:
— Bir hərəkətlərinizə baxın,siz gözəl,qüsursuz yaradılmısınız.Elə isə bəs öz davranışınızla hansı gözəlliyi yarada bilirsiniz? Anar utancaq,abır-həyalı,mədənidirsə bu xüsusiyyətlər onun daxili gözəlliyini göstərir.Kimisə gülüş mənbəyinə çevirməkdənsə öz daxilinizi,öz ruhunuzu gözəlləşdirməyə çalışın!
Hamının “sakit və səbrli” deyə tanıdığı Fəridin bu sözləri sinif yoldaşlarını heyrətə gətirdi.Bu sözlər onları əməlli-başlı düşünməyə vadar etdi.Çünki özünü müdafiə edə bilməyən bu zəif oğlanın digər zəif bir insana özünü sipər etməyi digərlərinə gözəl,əxlaqi bir həyat dərsi oldu.