.....

.....

SÜKUTUN QƏHQƏHƏSİ – Zemfira Salmanova (şeirlər)

SÜKUTUN QƏHQƏHƏSİ – Zemfira Salmanova (şeirlər)

SÜKUTUN QƏHQƏHƏSİ.

Duyğular çəkir məni
Bermud üçbucağına.
Arzular doğub, düşür
Həsrətin qucağına.

Təbiət də linç* qurub,
Hökmün verib amansız.
Ilk bahar köçün çəkib,
Bağ qalıb bağibansız.

Daha qumrular ötmür,
Pıçıldamır qovaqlar.
Burda simfoniyadır,
Sızıldayır budaqlar.

Solub çiçəyin üzü,
Dodağında arı yox.
Ömür bir nağıl imiş,
“Biri varmış, biri yox”

Bülbüllər qan-yaş tökür,
Solmuş çəmənzarına.
Çəkib ana təbiət
Beşikdən məzarına.

Ömür dediyin budur,
Susar həyatın səsi.
Tək bircə bəstə qalar,
Sükutun qəhqəhəsi.

İSTƏMİŞƏM

Taki dünyaya doğub surəti – can istəmişəm,
Cismidə nazil ola ruhi – rəvan¹ istəmişəm.

Kafi-nun² aşiqiyəm ta Babamızdan³ bu yana
Zərrəni faş eliyə gövhəri-kan⁴, istəmişəm.

Cümlə xəlq içrə gəzir ismi-şərifim, – Çünki
Sözü divana çəkib, şərhü ‐ bəyan istəmişəm.

Zülmə narazıyam illah, demirəm bəxtikəməm,
Bəxtimi qarə büküb, didəmi qan istəmişəm.

Tüm məşəqqətləri çəkdirdi mənə dövrü – zaman,
Ərşi – əlayə çıxıb bəzmi – məkan⁵ istəmişəm.

Nə ki yerdən, nə ki göydən, cəmi xilqətdən uzaq,
Cümlə vardan yox olub, sirri – nihan istəmişəm.

Sanki qismətdə ilahi, yazıb ah ilə məni,
Zemfira həşrə dözüb, səbrü – zaman istəmişəm.

1 – axan ruh.
2 – ərəbcə “kon” (ol)
3 – Nəsimiyə işarədir.
4 – Tanrıya işarədir.
5 – məclis toplanan yer.

O QƏRİB AXŞAMLAR.

Ələk – vələk edib sənli dünyamı,
Bir şirin xatirə tapammadım ki.
Gözümün yaşında lalələr bitdi,
“Bağrıqan” – dedilər, satammadım ki.

Nə ah çəkə bildim, – külək götürsün,
Nə ağlaya bildim, – yağış gətirsin,
Nə qəhqəhə çəkdim, – dərdim sökülsün,
Sən adlı boşluğu atammadım ki.

Sənsiz qərib imiş, qərib, bu ölkə,
Ruhum dar, dolaşır küçə-bə-küçə
Göydə ulduzunu taparam, – bəlkə
O qərib axşamlar yatammadım ki.

Silmisən röyamdan eşqin rənglərin,
Ağ – qara görünür siluetlərin,
Uzatsam əlimi, tutmaz əllərin,
Yox oldun xəyaltək çatammadım ki.

Sovruldum küləklə, qoşdum yelində,
Yandım pərdə – pərdə kaman telində
Səni dəfn etdiyim könül evimdə,
Külümü külünə qatammadım ki.

Birimiz gündüzdük, birimiz gecə,
Biz necə bərabər yürüyək, – necə?
Hər gecə başımı qoyub gizlicə,
Kəhkəşan telinə batammadım ki,

Pəritək dolaşdım nağıl dilində,
Dəniz şahzadəsi tutdu əlimdən,
Qırx otaqdan keçən səltənətimdə,
Sənsiz yaşamaqdan utanmadım ki,

İLAHİ, DÜNYAYA ŞEİR DOĞULUR!

İlk şeir yazılıb körpə səsində,
İlk nəfəs titrəşib “annə” çağırır.
Sən demə bəşərin səhifəsində,
İlahi, dünyaya şeir doğulur!

Ulduzlar sübhədək keşiyin çəkib,
Göylər cilvələnib şəbnəmin töküb,
Bir şair qəlbinə sancılar çöküb,
İlahi, dünyaya şeir doğulur!

İçimdə hayqırır, susmur bir an da,
Hakimi – mütləqdir ulu cahanda,
Olumla, ölümün hökmü var onda,
İlahi, dünyaya şeir doğulur.

Sanmayın sadəcə hərfdir ancaq,
“Hu” desə zərrədən ümman doğacaq,
Sufidir, hər dində haqqa varacaq,
İlahi, dünyaya şeir doğulur!

Ulu bir məbəddir, iqamətdir o,
Tanrı məqamında şəhadətdir o,
Haqqdır, haqqdan gələn bədahətdir o,
İlahi, dünyaya şeir doğulur!

Gah sülhə çağırır “dur” deyir sənə,
Gah çəkir nişana “vur” deyir sənə,
Gah girib qoynuna “yar” deyir sənə,
İlahi, dünyaya şeir doğulur!

Yığır qan – qadanı qınağa çəkir,
Səbri, dəyanəti sınağa çəkir,
“Göz yaşı” rəsmini yanağa çəkir,
İlahi, dünyaya şeir doğulur!

Gah sevib – sevilir, gah çəkir həsrət,
Mayası əsrardır, təbi məhəbbət,
Ömürlük firqətdir, Leylaya nisbət,
İlahi, dünyaya şeir doğulur!

Körpəmdir, balamdır, yad deyil əsla!
Doğlulub ruhumdan min – min əzabla,
Könlümdən köçürüb gözündə saxla,
İlahi, dünyaya şeir doğulur!

HU–MAN
(Tanrı və insan)

“Ol” deyib süzmüsən bir badə ömür,
“Iç” dedin: bu ömür inayətimdir.
Zərrəndim, torpaqdan bir donluq biçdin,
“Köç” dedin: bir ömür qiyafətindir.

Bir ömür yaşatdın “sən”i bətnimdə,
Bir an yanılmadı hissim, fəhmimdə,
O, məchul qüdrətin əzəmətindən,
“Keç” dedin: bu ömür əmanətimdir.

Bir otaq yaratdın cüt baca oydun,
Bir cüt ulduz dərib səqfinə qoydun,
Bir kitab göndərdin əfvinə saydın,
“Seç” dedin: bu sənə fəzilətimdir.

Köksüm otağıdır ol nuri – Kanın,

Göz yaşım təmizlər yuyar məkanın,
Lütf edib sən verdin dərki-dəhanın,
“Saç” dedin: dünyaya həqiqətimdir.

“Ol”la, “öl” arası bir badə ömür,
İçdim qətrə-qətrə, susuzluq sönmür,
Bu necə bir yoldur geriyə dönmür,
“Ölç” dedin: hər addım şəhadətindir.

İkicə söz imiş ömür kitabı,
“Var”la, “yox” arası bitər hecası.
Olumla, ölümün çəkdin hesabın,
“Aç” dedin: cənnətim bəraətindir.

***

Hüdudsuz kamalın nə mənası var,
Elmin təməlində bir daşı yoxsa.
Sözün də hikmətdən təmənnası var,
Əsri qabaqlayan yaddaşı yoxsa.

Ömür dediyimiz saraya bənzər,
Hər daşın, kərpicin ağılla bəzə,
Yan ötər, göylərdən min bəla gəlsə,
Əgər bir daşında göz yaşı yoxsa.

Dünya dediyimiz bir axar sudur,
Gah coşub bulanır, gah da durulur,
Seçdiyin kor yollar yarıda durur,
Əgər ki bir sonu, bir başı yoxsa.

İnsanıq, yaramız insandan gələr,
Biri dərd yükləyər, biri dərd silər,
Nə yara sağalar, nə dərd əksilər,
Əgər bağırmağa dərd daşı yoxsa.

Ədalət susarsa yol, yolu bilməz,
Şər dilə sarılar, ayrıla bilməz,
Od da tüstüsündən sıyrıla bilməz,
Əgər ruzigartək sirdaşı yoxsa.

Hər sirri haqq ilə çəkdim bəyana,
Şəhadət anımda qarşı dayana,
Bir qələm ağlayar, köçsəm Mövlama,
Susar,- Zemfiratək nəqqaşı yoxsa.