A güzgü
Gizlət mənim dərd -qəmimi özümdən,
Göstər məni gülə -gülə,a güzgü.
Sevincimi yaşa döndər gözümdə,
Qoy süzülsün gilə-gilə,a güzgü.
Gizlət,nolar,saçımın ağ dənini,
Gülüşümlə qov gözümün çənini,
Gizlət qəlbin yara olan tənini,
Daman qanın silə -silə,a güzgü.
Göstər mənə içimdəki o məni,
Göstər görüm, mənə niyə var kini…
Bağışla “mən”çox üzmüşəm çox,səni,
Gizlət məni,bilə -bilə,a güzgü.
Göstər məni gülə -gülə, a güzgü….
***
Gəl asma öz əlinlə, bu sevgini içindən,
Ayrılıq əzabını, soruş,durna köçündən.
Sonrakı peşmanlığın, faydası olmaz bizə,
Bu Eşqə sayğı göstər, səcdə elə,çök dizə.
Məcnun divanə oldu, tanımadı Leylini,
Allahından istədi, saldı Eşqə meylini.
Ol bu Eşqdə Məcnunum, Leylidən də çox sevim,
Tərki -dünya olum mən, səni gözü tox sevim.
Sonumuzu düşünmə, lap əfsanəyə dönək,
Eşqin səmalarından enək, göylərə enək.
Hər kəs bizdən danışsın, fərqində olmasaq da,
Yaddaşlarda yaşayaq, dünyada qalmasaq da.
Sübut edək hər kəsə, Eşqimiz çox böyükdür,
Bizim kiçik dünyamız, böyük dünyaya yükdür….!
Dəli şeytan
Uyub dəli şeytana, zəncirləri qırasan,
Qanunları tapdayıb, öz möhrünü vurasan.
Siləsən,süpürəsən, yer üzündən sədləri,
Bildiyini edəsən, lap keçəsən hədləri.
Heç olmasa bircə gün, yaşayasan özünçün,
Min əyrini əzəsən, bircə dənə düzünçün.
Sevəsən,seviləsən, ayrılıq da olmaya,
Ürəyində heç arzu nakam olub, qalmaya.
İstədiyin hər şeyi, lap hər seyi edəsən,
Gedəndə də dünyadan, adam kimi gedəsən.
Dəli şeytan deyir ki, ay Arzu uyma mənə,
Allah insan yaradıb, ağıl da verib sənə…!
***
Mən ki, istəməzdim belə həyatı,
Deyəsən dünyaya səhvən gəlmişəm.
İlk gündən eşitdim layla, bayatı,
Yadıma gəlməyir nə vaxt gülmüşəm.
Bəlkə tələsmişəm, ya gecikmişəm?
Səhvən bu dünyaya gəlib çıxmışam.
Hansı sərhədləri yarıb keçmişəm?
Tanrı planında bəlkə yoxmuşam…
Bilmirəm…bilmirəm qayitmaq olmur,
Bu yolun dönüşü bəs niyə yoxdur?
Anamın bətni də qoynuna almır,
Allah da istəmir, qonağı çoxdur…
Qalmışam dünyada yiyəsiz,yetim,
Ömrün həyətində veyil gəzirəm.
Dünya da göz yummur, gözündən itim,
O ögey anamdır, məcbur dözürəm …
***
“Kişilər ağlamaz ” dedin, inandım,
Uşaqdım, ay ata, qanmırdım axı.
Xəlvəti ağlarmış Atalar məgər,
Atamı” yalançı ” sanmırdım axı.
Kasıbın işləri gəlməzmiş çəmə,
Atamın göz yaşı bənd imiş himə,
Yırtılan corabım dərd imiş demə,
Olan ehtiyacı danmırdım axı.
Nə bilim gülüşüm dərmanın imiş,
Küsməyim qəm -kədər fərmanın imiş.
Bu həyat qayğılar xırmanı imiş,
Ərköyün balandım,yanmırdım axı…
Atalar nə çəkir qanmırdım axı….
Arzu Əyyarqızı