BELƏ DÜNYANI NEYNİRƏM
Hər yerdə yol kəsir yolu,
Belə dünyanı neyniyirəm.
Yolu yolkəsənlə dolu,
Belə dünyanı neynirəm.
Adamları ikiüzlü,
Dili teyxa haça sözlü
Üstü açıq, altı gizli
Belə dünyanı neynirəm.
Otları var, acı-şirin
Məskənidir xeyrin-şərin
Addamacıdır bəşərin,
Belə dünyanı neynirəm.
Yolçu-yolda necə olar?
Günü – gündüz-gecə olar.
Yol qurtarar, o, heç olar.
Belə dünyanı neynirəm.
Səfası çox, vəfası yox!
Cəfası çox, səfası yox!
Qadağa çox, rəvası yox!
Belə dünyanı neynirəm.
Haqqdır demir, düz deyənə,
İşıq vermir gözləyənə,
Şərikdir şər söz deyənə,
Belə dünyanı neynirəm.
Bu gəraylı – yeddibənddi!
Birər dərddi, hər bir bəndi
Bu – açılmaz qıfılbəndi,
Belə dünyanı neynirəm.
Bakı, 2015
QARIŞIB
İndi saat neçədi,
Gündüz-gecə qarışıb.
Şeir yaza bilmirəm,
Əruz-heca qarışıb.
Gözə girən qafiyə,
Çəkilibdi qafilə.
Milçək oxşayır filə,
Sözlər necə qarışıb!
Bu necə haydı-küydü?
Bilmirsən yasdı-toydu!
Adamlar bəstəboydu,
Gödək-uca qarışıb.
Göz açandan duyuruq,
Bilsin də qaraguruh.
Mərd olanı əyməz ruh,
Cavan-qoca qarışıb.
Tapılmır ağ varağı,
Yazıb qaralamağı.
Şair neyləsin, axı,
Hamar-haça qarışıb.
HAL-ƏHVAL TUTMAQ
Günün aydın, nə var, nə yox
Oralarda, buralarda.
Azda çox var, çoxda az var,
Oralarda, buralarda.
Çoxun çoxusu haramdı,
Ya hörmətdi, ehtiramdı.
Çox, lap çoxdan haqqı dandı.
Oralarda, buralarda.
Az ilə çox – iki düşmən,
Biri arıq, biri şişman.
O da peşman, bu da peşman,
Oralarda, buralarda.
Biri xeyir, biri şərdi,
Bu sınıxar, o şişərdi…
İkisi də bir bəşərdi,
Oralarda, buralarda.
Durub, soruşma bu nədi?
Bu neynədi, o, neynədi.
Biri-birinin eynidi,
Oralar da! Buralar da!
BAX
Şəhərə yuxarıdan baxmazlar, dadaş!
Külək süpürüb, yağış yuyub damları.
Par-par parıldayır dam-daş
Baxırsan, aşağıdan bax, şəhərə!
Bax, küçələrə, dalanlara,fikirli adamlara
Birtəhər başını girləyir hərə.
Yuxarıdan görünməz bunlar
Şəhəri tanımaq üçün,
evlərin səkilərinə bax!
2003-2015
BİLMƏDİM, AXI
Günü gecə-gündüz, ili ehtiyac,
Ömür imiş demə, bilmədim axı!
İnsan dedikləri yanmış bir ağac,
Kömür imiş demə, bilmədim axı!
Bu şıltaq həyatda biz qalın kitab!
Sual yox, amma, yox suala cavab.
Bu qədər əzaba kim gətirər tab,
Dəmir imiş demə, bilmədim axı!
Dünya özü boyda qapalı qəfəs,
Əsir-yesir olur gələndə hər kəs.
Yerdə, suda, göydə bunca güclü səs –
Səmir imiş demə, bilmədim, axı!
Bu, nə müsibətdi, varmı bir bilən?!
Ya müqəvva imiş yaşayıb – ölən.
Yaşamaq özü də səmadan gələn,
Əmr imiş, demə, bilmədim, axı!
HARAYLI GƏRAYLI
Otaq soyuq, mütəkkə yox,
Hara söykəyim belimi.
Səsimi eşidən varmı,
Kimə uzadım əlimi.
Nəvə şirin, övlad şirin.
Öddən acı həyat şirin.
İstəmədən get, yat, şirin
Kim çağırdı bu ölümü.
Qalmayıbdı taqəti daha,
Qoca zəif, dərd əjdaha.
Məni aparma uzağa,
Zülümdür çəkmək zülümü.
Çox görmüşəm dönə-dönə,
Bu yol haçalandı yenə.
Axı kimin ümidinə,
Qoyum obamı, elimi.
ADAM UNUDULANDA
Yadırğanır, yadlanır – adam unudulanda.
Gözdən düşür, utanır – adam unudulanda.
Qəlbi taqətdən xali, üzü-gözü bürüşür,
Əl-ayağı codlanır – adam unudulanda.
Daha səni sayan yox, hətta, sənin sayən yox.
Öz-özünə odlanır – adam unudulanda.
Küdurət aşıb-daşır, paxıl, hasid qarışır,
Cahil görüb şadlanır – adam unudulanda.
Adam açar itirər, adam ünvan axtarar,
Bu da bir kor dalandır – adam unudulanda.
İnsan dönüb daş olur, daş daşa yoldaş olur,
Unudulmuş adlanır – adam unudulanda.
Unudan bəndələrdə bunca soyuqluq nədən?
Heyrət belə dərdlənir – adam unudulanda.
Bu – adi dərd deyilmiş, bu dərdlər dərdi imiş,
Gəl, gör kimi kim danır – adam unudulanda.
Bu da bəşər oynudur, deyirlər şər oynudur,
Ağda qara yalandır – adam unudulanda.