.....

.....

Bəhanə – Gülər Eldarqızı (hekayə)

Bəhanə – Gülər Eldarqızı (hekayə)

BƏHANƏ

– Bu samovar nə olan şeydir ki, bu qiymətə olsun?

– Ay qızım, sən Allah, məni qınama. Dediyim qiymət ən münasib qiymətdir, – deyə sağ əlini astaca sol yanağına vuraraq gülümsədi.

Açığı, onun bu hərəkəti məni açmadı. Bəlkə də samovarı alardım. “Söhbət qiymətdə yox, sövdə­ləş­mə­dədir” deyə düşünərək Təzə bazardan aşa­ğı, 28 may metrosuna tərəf irəlilədim. Həmişə alacağım əşyaları siyahı üzrə qeyd edir, məqamı çatınca alır və evə dönürdüm. Bu gün isə nədənsə evə əliboş, samovarsız qayıtdım.

– Salam!

– Salam! Bayramınız mübarək!

-Sağ olun, sizinlə bahəm! Mən də elə buna görə yazırdım. Bayramınızı təbrik etməyə– virtual olsa da üzüm allandı.

– Təşəkkür!

İllərdir ki, onu izləyirdim. Hamının sevimlisi idi. Zarafat deyil. Çoxlu sayda izləyicisi var idi. Mən də pərəstişkarlarından biri idim. Mən onun nəzərində sıradan biri olduğum halda, o, mənim gözlərimdə bir dünya idi. Məni həyatı sevməyə, düşünməyə vadar edən biri.

Atam deyərdi ki, ən məşhur ulduzların yolu tənhalıqdan keçir. Mənim düşüncələrimə gəlincə, həmişə pozitiv görünən insanlar belə, hardasa, nə vaxtsa özünü tənha hiss edə bilər. Deməli, atamla mənim fikirlərim üst-üstə düşürdü.

Söhbətə samovardan başlamağım təsadüfi de­yil. Mən həyatda bu yaşıma qədər çətinliklə də olsa istədiyimi həmişə əldə etmişəm. Mənim düşüncəmə görə, ümumiyyətlə, həyatdan istədi­yin gec-tez sənin olur. Asan və ya çətin. Fərq etməz. Əsas odur ki, sən nəyisə bütün varlığınla, qəlbinlə arzulayasan. Ona mərhələ-mərhələ çat­mağına can atasan. Və bir gün o mütləq sənin olacaq. Mütləq!

O, bir sənət adamı, tanınmış şəxsiyyət və ən əsası, mənim üçün maraqlı olan bir insan idi və mən bütün varlığımla ona yaxınlaşmağa can atırdım.

– İnsan fanatı olduğu birini sevə bilər?

– Hə, əlbəttə.

– Bəs onu qısqanmağı nə dərəcədə doğrudur?

– Qısqanırsa, pərəstişkarlığı məhəbbətə çevri­lib. Yəni, həddi keçib.

– Bəs insan pərəstişkarı haqqında xəyallar qura bilər?

– Baxır necə xəyallar.

– Şirin… Çox şirin xəyallar…

– Həə, deyəsən sən doğurdan da həddi aşmı­san. Sənin özündən xəbərin var? Sən vurulmusan. Özü də necə! – psixolaqla söhbətim belə olub.

Eh, lap ağlımı itirdim. Axı söhbət samovardan gedirdi. Bəhanə simvolu olan samovardan. Niyə bəhanə? Bu dəqiqə açıqlayacam.

Uzun illərin həsrətindən sonra “xəyalları ger­çəyə çevirmək cəsarət istər” şüarı altında ürəklə­nərək ona bir daha doğum günü təbriki yazdım və Mərdəkan bağlarındakı gözəl bir məkanda bağ evinə samovar çayı içməyə dəvət etdim. Pərəstiş­karı olduğum üçün hər bir xasiyyətinə, sevdiyi fəsil, rənglərə, həyata baxışından, ümumiyyətlə, bütün maraqlarından hali idim və eləcə də çay dəst­gahına xüsusi marağı olduğunu bilirdim. His­siyatım məni aldatmamışdı. Azdan– çoxdan məni tanıdığı üçün etiraz etmədi. Görüşdük.

– Buralar çox gözəldir. Havası təmizdir. Əsl yaradıcılıq məkanıdır.

O, danışdıqca dinləyir, illərin həsrətinin acısını çıxarırdım. İnana bilmirdim ki, onunla üzbəüz otur­muşam. Baxışlarım qəlbimin döyüntülərini ələ vermiş olsa da, özümü toparlamağa çalışır­dım.

– Bəlkə bu gün sizə sadə çay dəmləyim. Qismət olsa, gələn görüşdə samovar çayı içərik. Hava kü­lək­lidir deyə…

Gülərək sözümü kəsdi:

– Əşi, nə fərqi var? Əsas çay olsun!

İki həftə ötdü. Onunla aramızdakı isti münasi­bət, maraqlı, şirin söhbət anlarını unuda bilmir­dim. Onun gəlişi sanki bir yuxu idi. Xoşbəxtlərin çin çıxdığı yuxular.

– Salam!

– Salam!

– Necəsən, dostum?

– Yaxşıyam. Siz yaxşı olun.

Mesajla çiçəklər yolladı.

Özümü ən yüksəklərdə, göyün mövcud olma­yan qatında hiss etdim. Ağladım. Sevinc göz yaşları idi. Az da olsa, rəğbətini qazandığım üçün sevindim. Axı illər əvvəl şəkillərinə baxdıqca dü­şünürdim ki, kaş onun sevdiyi çiçəklərin tək bir ləçəyindən külək təsadüfən mənə yollamış olardı.

– Deyirəm söhbətimiz yarımçıq qaldı… Samo­var!

– Hə. Elədir. Siz gəlin. Mən samovar təşkil edərəm!

Vaxt təyin edib görüşdük. Həmin məkan, hə­min saat! Samovar ala bilməsəm də qonşuya ge­dib bir neçə saatlığa samovarını götürdüm, yaxın dükandan bir kisə kömür də aldım.

Bu dəfə söhbətimiz daha da maraqlı alındı. Nə­dənsə fikirlərimiz üst-üstə düşürdü. Deməli, dü­şün­cələrimdə yanılmamışdım. Rənglərimizdə ox­şar­lıq var idi.

Biz baxışlarımızı bir-birimizdən ayırmadan şirin söhbət etdiyimiz an süfrədəki qaynar çay soyumuş, samovar isə həyətdə günəşin qızmar şüaları altında istiliyini qoruyurdu. Bəlkə də dil açıb danışırdı: “Məni bəhanə edib görüşənlər, məndən bixəbərdir”.

Yox! Mən ondan bixəbər deyildim. Bilirdim ki, həyətdə keşikçi kimi dayanıb. Bilirdim ki, ona qovuşmağımın əsas səbəbkarıdır.

Üçüncü görüşümüz də maraqlı oldu. Amma somavardan söhbət düşmədi. Çünkü biz bir– biri­mizə bağlandıq, isnişdik. Bu, qəribə olsa da belə idi. İlk görüşün bəhanəsi olan samovar mənim həyatımın talismanına çevrildi.


O görüşlərdən illər ötüb.

İndi həyətdə, onunla görüşdüyüm an iki yaşı olan ağacın kölgəsində oturmuşam. Samovar qay­na­yır. Birbaşa qana işləyən hil, mixək və kəklik­otu ilə qarışmış Azəri çayı çaydanın içində dilə gələrək, “məni dəmləyin, məni için” deyirdi.

Amma mənim gözüm qapıda idi. Görəsən illər sonra dönəcəkdimi? Şirin söhbət məkanı saydığı­mız bu Mərdəkan bağları görüşümüzə yenidən şa­hidlik edəcəkdimi? Eh, nə isə. Çayı dəmləyib içdim. Əvvəlki dadı olmasa da bir az dadlı, ətirli idi.

Qapı bərkdən döyüldü…