Səndən gözəl olmasın
Mən səni neynirəm ki…
Sən olsan da, sevirəm, olmasan da, sevirəm.
Ey dodağı yasəmən, yanaqları qızılgül,
Qorxma payız gələndə,
Sən solsan da, sevirəm, solmasan da, sevirəm.
Sən sev deyə sevmirəm…
Mən səbəbsiz sevirəm, qarşılıqsız sevirəm.
Sizin sevgiləriniz bu gün olur, sabah yox,
Mən sevəndə bir ömür ayrılıqsız sevirəm.
Mən səni neynirəm ki…
Sən olmayan günlərin
Hər günü bir şeirdi, hər günü bir qəzəldi.
Səndən gözəl olmasın, sənsizlik də gözəldi.
Kölgələrin rəqsi
“Sevgi zad boş şeydir”- dediyin yerdə Allahın acığı tuta göydə.
Bir qadın səsi eşidəsən uzaqdan,
Digər bütün səslər boğazında düyümlənə.
Ağzına gələni danışasan …
Heç kim heç nə anlamaya.
Sözün bitsə də,
Gözlərin sevincdən dola.
Qulaqların ətrafda onu axtara.
Üzünü görməmiş səsinə,
Özünü görməmiş kölgəsinə vurulasan.
Yavaş-yavaş başını yuxarı qaldırıb
Qalanları, gedənləri,
Kölgələri kölə edənləri görəsən.
Hansı zalıma vurulduğunu,
Hansının kölgəsində öləcəyini biləsən.
Tanımadığın birinə görə tanıdığın bütün qadınları siləsən,
Sevəndə də şair kimi sevəsən.
Təbəssüm
Nə olub, əsəbi dalğalar kimi
Coşursan, bir kəlmə söz demək olmur.
Elə vurulmuşam təbəssümünə,
Halıma gülürsən, incimək olmur.
Gülüşünü vəsf edərdim, heyif ki,
Mən acizəm, qələm məndən betərdi.
Dodağından gülüş əskik olmasın,
Mənim ömrüm təbəssümün qədərdi.
Ölü adam
Əcəlin də öz vaxtı var,
Öldürməklə adam ölmür.
Sözün də bir söz vaxtı var,
Öl deməklə adam ölmür.
Adam ölür dərd çəkəndə,
Adam ölür qəm çəkəndə,
Adam ölür bir gülüşə
Kirpikləri nəm çəkəndə.
Birdən birə adam ölmür,
Adam ölür ayrılanda.
Adam ölür yuxusunda,
Adam ölür ayılanda.
Əkdiyini biçə-biçə,
İçə-içə ölür adam.
Baş götürüb qaça-qaça,
Küçə – küçə ölür adam.
Qəribə qadın
Sən qəribə qadınsan.
Nəfəsin od kimidir,
Buz kimi görsənirsən.
Sən öz dərdi bir yana,
Hamının dərdin çəkən
Qız kimi görsənirsən.
Sən qəribə qadınsan-
Gözlərində həqiqət,
Dilində yalan yatır.
Ürəyində məhəbbət,
Qoynunda ilan yatır.
Sən qəribə qadınsan.
Yalandan dilin küsüb,
Dodaqların öpüşmür.
Gözlərin açıq qalıb,
Kirpiklərin görüşmür.
Özünü danlamaqla,
Ağlamaqla ötüşmür.
Sən qəribə qadınsan.
Əməlin arzularla
Bir gün üst-üstə düşmür.