“Zərif Kölgələr” in növbəti müsahibi gənc rəssam Fatimə Əlizadədir. Müsahibəmizi oxuculara təqdim edirik.
– Fatimə xanım, necə oldu rəssamlığı seçdiniz?
– Bu uşaqlıqdan marağım olan bir sahə olub. Rəsm, musiqi həmişə mənim maraq dairəmdədir. Seçimi isə rəssamlıqdan yana istifadə etdim.
– Siz həm də müəllim kimi çalışırdınız. Azərbaycan şagirdinin incəsənət duyumu necədir?
– Bəli həm də müəllimə kimi çalışırdım. Bu mənim üçün dərin çox mövzudur. Düşünürəm ki, məktəblərdə bu sahəyə nə şagirdlər, nə də valideynlər tərəfindən elə də ciddi yanaşılmır. Bu bizim üçün doğurdan da üzücüdür. Əslində sahə olaraq incəsənət çox mükəmməl bir sahədir. Ruhun qidası budur və düşünürəm ki, ruhumuz nə qədər acdırsa loru dildə desək o qədər də yararsızıq. Necə ki mədəmiz ac olanda enerji baxımından tükənirik, ruhumuz da doyumlu olmalıdır ki, cəmiyyət üçün yararlı olaq. Söhbət təkcə rəsmdən getmir, buna musiqi, şeir, heykəl fərq etməz ruhumuzun ərsəyə gətirdiyi hər bir şeyi aid edirəm. Məktəb mövzusuna qayıtsaq bəzi təhsil ocaqlarında sənətə ciddi yanaşılmır. Bu sahəyə maraq göstərən yaradıcı, əl qabilyəti olan az yaşlı uşaqlar, yeniyetmələr kifayət qədər var, lakin böyük əksəriyyət buna hobbi kimi yanaşır. Halbuki dərsliklərdə şagirdlərin dünya görüşünü artıracaq çox yararlı məlumatlar daxili aləmlərinin rəngarəngliyini üzə çıxaracaq çox tapşırıqlar var.
– Ailənizin sizin rəng duyumunuza, peşə seçiminizə münasibəti necə olub?
– Ailəm uşaqlıqdan rəsm və musiqiyə çox həvəs göstərdiyimi bilirdi. Elə öyrəndiklərimi də, bu barədə fikirlərimi də ilk ailəmlə bölüşürdüm. Rəsmlərimi ( paltar modelləri) mütləq anama göstərirdim və bir neçə dəfə o bu modellərdən özünə paltar tikdirmişdi. Bu mənim üçün kiçik yaşlarımda təbii ki çox böyük fəxr və qürur idi. Atam üçün isə sevdiyi musiqiləri öyrənib mütləq pianoda ifa edirdim və qarşılığında mütləq motivasya edici bir hədiyyə olurdu. Bu sahədə maddi və mənəvi olaraq həmişə dəstəkçim olublar.
– Rəssamlıqla məşğul olanlardan ancaq öz emalatxanasında çəkə bilənlər var, eləsi var ki, ancaq təbiət qoynunda. Bəs sizin üçün yaradıcılıq məkanı nə dərəcədə əhəmiyyət kəsb edir?
– Məncə bu, insandan insana dəyişir. Şəxsi fikrimi desək, mənim üçün məkan çox önəmlidir. Bu hətta mənim əhvalıma görə dəyişə bilər. Elə an ola bilərki evdə, elə an ola bilər emalatxanada və ya tək səssiz yerdə işləyə bilərəm. Bəzən olur musiqi dinləyərək çalışıram, bu mənim ruh halımla bağlı olan birşeydir. Mənim üçün məkandan çox ruh halı önəmlidir. O hala görə məkanlar dəyişiklik göstərir.
– Emalatxanınızı bağlayıb sənətdən uzaqlaşmağınızın səbəb nədir?
– Bu çox qarışıq məsələdir mənim üçün. Tamamən uzaqlaşmış da deyiləm əslində. Sadəcə uzun müddət fasilə verdim. Çox yaxın bir zamanda isə daha yeni ideyalarla və yeni işlərlə sizləri sevindirəcəm.
– Öz işinizin içində nizamsızlıq görürsünüz?
– Məncə yaradıcılıq işləriylə məşğul olmaq enişli yoxuşlu kələkötür bir mənəvi yola könüllü girmək kimidir. Düz yol isə həmişə stabil nəticə verir deyə düşünürəm.
– Bəs gələcək planlarınız haqqında nə deyə bilərsiniz?
– Bu sahəni daha dərindən araşdırmağı, daha çox öyrənməyi düşünürəm. Yeni texnikalarda, dəqiq desək qarışıq texnikalarda tablolar yoxlamağı düşünürəm.




Havar Şəfiyev