Asaram özümü göyün üzündən…
Buludların ac it kimi
Elə hürür ki, üstümə,
Məni yağışın tutacaq.
Qapından qayıdır dualarım, İlahi,
Məni qarğışın tutacaq.
Ömrüm il-il tökülür,
Daşlayıblar ömrümü.
Bir ulduzsuz gecəyəm,
Bir kimsəsiz küçəyəm.
Bu dəlisov yağışlar
Xoşlayıblar ömrümü.
Daha əlimi açmaram sənə,
Daha əllərim qoynumda qalar.
Asaram özümü goyün üzündən,
İlahi, ölümüm boynunda qalar!
İntihar edən balıqlar
Mən də gəlmişəm.
Necə ki,
İntihar edən balıqlar
Tilovun ucuna gələr.
Eh! Sənə nə var ki, Tanrı,
İndi durub ölsəm də,
Sənin acığına gələr.
Harda qadıq? Gəl başlayaq,
Başlayaq bitirək ömrü.
Bir mən bilim, bir də sən,
Aradan götürək ömrü.
Yağışdan olsa,
Kəsən deyil.
Ürəkdən olsa,
Susan deyil.
Tanrı, sən məni tanıyırsan!
…Bu qızdan olsa,
Küsən deyil.
Üzü sənə dayanmışam, İlahi…
Üzü sənə dayanmışam, İlahi,
Əllərini ver tutum…
Bu təklik də ürəyimdə
Adam kimi yer tutur.
Mən hər gecə yastığıma
Dağıtdığım
Fikrim, qayğım nə varsa
Gözlərimə toplayıram.
Baxışlarım çaparsa,
Tanrı duyar,
Tanrı alar məktubumu…
Yanağıma dalğa dəyir,
İçim dəniz.
Yıxılmışam, İlahi,
Elə bilmə
Mən dincimi alıram…
Ən uzaq, ən gözəl xatirələrdən
Sevincimi alıram…
Şeir vaxtıdı
Elə dolub ki, gözlərim,
Gözümün bəhər vaxtıdı.
Əllərimin kölgəsində
Daldalanan ürəkçün
Dünyanın şər vaxtıdı.
Kimdi nazımı çəkən?
Arzumun kür vaxtıdı.
Göy vaxtıdı ruhumun,
Ömrümün yer vaxtıdı…
Qoşa-qoşa buludlardı
Pəncərəmdə səs edən.
Küləklərdi ağaclarla
Həzin-həzin rəqs edən.
Göy üzündə Ay doğub,
Ayın da tər vaxtıdı…
Eh! Mən rahatlıq axtarıram,
– Susun, şeir vaxtıdı!
Ölümün nübar vaxtıdı
Bu uzun gecənin qaranlığında
Canıma vəlvələ düşüb.
Bir kəndir özünü asıb tavandan,
Məndən əvvələ düşüb.
Gecədən bir az keçir,
Saat səhərə yaxın.
Nə intihar vaxtıdı.
Ruhum üzü göylərədi,
Ölümün nübar vaxtıdı.
Yoxdu burdan o tərəfi,
Nə günəş, nə də ki, ay olasıdı.
Bir cüt qərənfilə dönüb əllərim
Sinəmin üstünə qoyulasıdı.
İçimdə bir sıxıntı var
İçimdə bir sıxıntı var,
Bir ah çəkdirir adama,
Gəl görəsən!
Buludlar ağ çiçək kimi
Açılıb göy üzündə,
İndi bir yağış yağacaq,
Sel görəsən.
İlahi, hərdən nəfəs al,
Boğuluram bu havada.
Boynum bir nazik ipdədi,
Yıxılıram bu havada.
Anlayıram hər şeyi,
Ürəyimdə əndişə var…
Eh, bu nə ruh düşkünlüyüdü?
Seçim axı həmişə var:
Pis, yoxsa daha pis?
Sən yenə özümüzünküsən, İlahi
Birdən soyuyur adam
Yaşadığı evdən,
Getdiyi yoldan,
Alışdığı adamdan.
Sonra hamı bir-birini
Əvəz etməyə başlayır-
Bəlkə sən də kiminsə
Əvəzi idin,
İndi çıxıb yadımdan.
Vaxt keçir!
Neçə yaşı qocaltmısan
Bu yaşına gəlmək üçün?
İndi anlayırsan ki,
Qılığı olmalıymış insanın
Taleyin xoşuna gəlmək üçün.
Darıxırsan və görürsən ki,
Ən çox getmək istədiyin yer
Uzaqlardı…
Sən yenə özümüzünküsən, İlahi,
Yad öldürsəydi, nolardı?..
Ömrüm-günüm
Ağladım, göz yaşım son sözüm oldu,
Bu tale nə yaman tərs düzüm oldu.
Sənin məndən sonra bir qızın oldu,
Mənim səndən sonra heç.. ömrüm-günüm
Ötdü yığın-yığın dərd ürəyimdən,
Bu sənsiz, bu yalqız, pərt ürəyimdən.
Kimlər keçmədi ki, yurd ürəyimdən
Tək sən qalan oldun, keç, ömrüm- günüm.
Bu eşqin ağrıyan yeriyəm, nəyəm,
Mən sənsiz dəlinin biriyəm, nəyəm?
Bilmirəm ölüyəm, diriyəm, nəyəm?
Məni görər olsan, seç, ömrüm-günüm.
Əllərim üşüyür
Mən özüm “ayrılaq” demişdim onda,
Mən özüm bilirdim belə olacaq.
Uçuq daxma kimi damır gözlərim,
Hələ nə olub ki, hələ olacaq.
Ağladım, gözümü dəniz etdim ki,
Mən sənin sevgini boğum, boğulmur.
Hər axşam gözümə düşən gecəyə
Həsrətin doğulur, yuxum doğulmur.
Soyunum gözümdən göz yaşlarımı,
Göndər ümidini geyim, barışaq.
Axı nə bəhanə tapım görəsən,
“Əllərim üşüyür” deyim, barışaq?
Ta bilmədim məndən sonra nə oldu
Ta bilmədim məndən sonra nə oldu,
O ki qoçaq idi, tez unutdumu?
Mənim ürəyimdən keçənlər belə
Gözümdən oxunan sirrdi, tutdumu?
Yalnızlığın hər üzünü öyrəndim,
Öyrəndim, əməyi boşa getmədi.
…Sayılan, seçilən, bilinən adım
Onun ki adıyla qoşa getmədi.
Hər yandan azalan həvəsdi, nədi?
Mən niyə yarımam, hamı birdisə.
Bu dünyaya öz küncümdən baxıram,
O da belə- nə qədər görünürsə…