OĞRU
Keçmişimi soruşun,
Kimliyimi soruşmayın!..
Qılıncımı yalan səhifələrində itiltmişəm tarixin
Atalarınızın öyüd yazdığı səhifələrin ötəsində!
Üzümdəki qara maskanı görürsənmi?
Tarix kitabının önsözündə analarınız toxuyub,
Analarınız tarixin hər səhifəsində layla oxuyub
Şirin yatmağınız üçün.
Adımı soruşmayın!
Adım Taun.
Adım tarixin 19-cu səhifəsindəki COVİD-19,
Adım dörd yüz min dəfə sayılan 1919.
Adım tarixin buduna damğalanan insanlıq,
Üstündən qan qoxusu gəlir cavan
Çəkil bir az o yanlıq!
Taq-taq… Salam…
Oğurluğa gəlmişəm, qorxmayın,
Oturun lütfən, oturun, ayağıma qalxmayın,
Pullarınızı sayın
Məndən sonra.
Hər şeyinizi yoxlayın.
Sonra istərsəniz qəzetlərdə yayın
Oğru olduğumu!
Adım şərqdə raket,
Adım qərbdə sevgililərə göndərilən paket.
Adım su cinsindəki sərhəd məftilləri,
Adım o suyun içində bitən vətən gülləri.
Yazın, adımı qəzetlərə yazın…
Taq-taq… Salam…
Oğurluğa gəlmişəm, qorxmayın,
Qorxutmaq istəməzdim, üzürlü sayın.
Gəlmişəm, baxışlarınızı oğurlayam gözlərinizdən,
Dilinizi oğurlayam sözlərinizdən.
Beyninizi oğurlayam başınızdan,
Ömrünüzü oğurlayam yaşınızdan.
Gecənizi oğurlayam ulduzlarınızdan,
Gündüzünüzü günəşinizdən oğurlamağa gəlmişəm.
Keçmişimi soruşun,
Kimliyimi soruşmayın!..
Atamın adı Nadan Bəhlul,
Anamın adı maska toxuyan Qodiva.
Öz adım Koventri şəhərinin əyyaşları,
Öz adım Təbriz şəhərində dilənən qarı.
Adım, dünənin qəzetini bu gün satan ac uşaq,
Adım, dünən qəzetdə fotosu çıxan yanşaq.
Ax… Ax… Adım…
Adımı soruşmayın,
Adımın nə olduğuna qarışmayın…