Şərqi Zəngəzurun qərb qapısı – Qubadlı
Qarabağın kənd təsərrüfatı və iqtisadi baxımdan ən əlverişli ərazisi hesab olunan Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayondan 30 min məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdi. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü isə işğalçılar tərəfindən tamamilə dağıdılmış və yararsız vəziyyətə salınmışdı. İşğalçılar Qubadlının tarixi-mədəni abidələri ilə yanaşı, zəngin təbiətinə, flora və faunasına qarşı da ekoloji terror törədərək, meşələri, nadir ağac və bitki növlərini qırıb, yandırmışdılar. 1080 kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 dəyirman, 4 su nasos stansiyası, 120 elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdı.
Qubadlının azad edilməsi bir neçə gün sürən çətin və mürəkkəb hərbi əməliyyatlar nəticəsində mümkün oldu. Çünki işğalçı ordu Qubadlıda güclü istehkamlar qurmuş, şəhərin ətrafındakı yüksəklikləri ələ keçirərək Azərbaycan Ordusuna ciddi müqavimətlər göstərməyə çalışmış, həmin yüksəkliklərdən fasiləsiz atəş hücumları etmişdilər. Lakin müzəffər ordumuzun peşəkarlığı və əzmi sayəsində bu yüksəkliklər düşməndən təmizləndikdən, Xanlıq, Padar və Sarıyataq kəndləri nəzarətə götürüldükdən sonra Qubadlı və 41 kəndi azad edildi. Qubadlı zəfəri rəşadətli Azərbaycan Ordusunun 44 günlük savaşda strateji üstünlüyünü təmin etdi və qələbəni yaxınlaşdırdı.
Qubadlının işğaldan azad olunması həm də Ermənistanın “illərlə malalanmış” cinayətlərinin üstünü açdı. Şəhər azad ediləndən sonra məlum oldu ki, ermənilər Xanlıqda hərbi istehkam, hərbi baza qurublar. Eyni zamanda, xaricdən gələn ermənilər üçün elə xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə salıbar. Bununla belə, Xanlıq kəndində qanunsuz məskunlaşma aparmış, xaricdən gətirilən erməniləri burada qanunsuz yollarla yerləşdiriblər. Bu da əlbəttə ki, müharibə cinayəti sayılır. Cenevrə konvensiyalarına görə, işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur.
Prezident İlham Əliyevin 2021-ci il oktyabrın 25-də imzaladığı “Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Qubadlı şəhərinin Baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında” sərəncamına əsasən, bu gün Qubadlıda geniş quruculuq işləri həyata keçirilməkdədir.
Rayon işğaldan azad olunduqdan dərhal sonra orada bərpa və yenidənqurma işlərinə başlanılıb. Ərazinin minalardan təmizlənmə əməliyyatları ilə yanaşı, infrastrukturun bərpası işləri də əsaslı və müntəzəm şəkildə davam etdirilir.
Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi aparılır. 2023-cü il sentyabrında dövlət başçımız “Yeni Qubadlı‒Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Xudafərin‒Qubadlı‒Laçın avtomobil yolunun 33-cü kilometrliyindən başlayan yeni Qubadlı‒Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi həyata keçirilir.
Ötən müddət ərzində Xanlıq Radio-Televiziya Yayım Stansiyasının mövcud 50 metrlik qülləsindən istifadə olunmaqla 8 TV və 2 radio proqramının Qubadlı şəhəri və rayonun 12 kəndində (Əlibəyli, Qoturbulaq, Xocahan, Qapanlı, Muğanlı, Hal, Xanlıq, Hənzəli, Əfəndilər, Qəzyan, Saray, Yuxarı Mollu) yayımı təmin olunub.
Rayonun azadlığının ilk ildönümündə Qubadlıya səfər edən Prezident Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “Azərenerji” ASC-nin sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarında iştirak edib, Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşərək onlarla birlikdə rayonun dirçəlişi ilə əlaqədar əhəmiyyətli müzakirələr aparıb.
Rayonun azadlığının ikinci ildönümündə Qubadlıya səfər edən Prezident İlham Əliyev Qubadlı rayonunda “Bərgüşadçay” və “Zabuxçay” su anbarlarının layihələri ilə tanış olub, Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub, İşğal və Zəfər muzeylərinin təməlqoyma mərasimində iştirak ediblər.
Həmin gün dövlət başçısı həm də Qubadlı şəhərində ümumi sahəsi 2,6 hektara yaxın olan ilk yaşayış məhəlləsinin, 600 şagird yerlik tam orta məktəbin Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlini qoyub.
Qubadlı azad edildikdən sonra həmin torpaqlarda artıq 7 yarımstansiya inşa olunub. İşğaldan azad edilmiş digər rayonlardakı yarımstansiyalarda olduğu kimi, Qubadlıda da Dördüncü Sənaye İnqilabına uyğun olaraq intellektual enerji sistemi şəbəkəsi konsepsiyası həyata keçirilərək müasir, dayanıqlı, tam rəqəmsallaşdırılmış yarımstansiya yaradılıb.
Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Sovet vaxtında Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat idi. Ancaq inşa olunacaq yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər.
İşğaldan azad edilmiş ərazilərdə gömrük qaydaları və gömrük nəzarətinin tətbiq edilməsi məqsədilə Qubadlı rayonu ərazisində 27 oktyabr 2021-ci il tarixində Cənub Ərazi Baş Gömrük İdarəsinin “Qubadlı” gömrük postu yaradılıb.
Qubadlı şəhəri beynəlxalq hava limanlarının yerləşdiyi Zəngilan və Laçın rayonları arasında yerləşməklə coğrafi mövqeyi və logistik imkanları baxımından strateji əhəmiyyətə malikdir. Şəhər şimal (Kəlbəcər) və cənub (Zəngilan) arasında xidmət, istehsalat şəbəkələrinin bağlantı nöqtəsi olmaqla kənd təsərrüfatı, sənaye sahələrinin birgə inkişaf etdiriləcəyi, innovativ iş yerləri, bağçılıq imkanları üzrə tədris kampusuna malik, eləcə də su mənbələrinə həssas yanaşmaların təşəkkül tapdığı ekoloji dayanıqlı rayon mərkəzi kimi formalaşdırılacaq. Növbəti 20 il ərzində şəhər ərazisinin 505 hektara, əhali sayının isə 14 min nəfərə çatdırılması planlaşdırılır.
Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən şəhərin işğaldan azad edildiyi 25 oktyabr tarixi Qubadlı Şəhəri Günü kimi qeyd olunur.
İndi Qubadlıda həyat yenidən canlanır. Düşməndən təmizlənən ərazilərdə bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Şərqi Zəngəzurun qərb hüdudu olan Qubadlıda ən yaxın zamanda həyat, mədəniyyət, kənd təsərrüfatı, iqtisadiyyat yenidən canlanacaq.
Cavanşir Feyziyev
Milli Məclisin deputatı, fəlsəfə doktoru