.....

.....

Salam, şəhid anası – Mələk Yazar

Salam, şəhid anası – Mələk Yazar

Salam, şəhid anası

Salam, şəhid anası,
Söylə, görüm necəsən?
Gündüzlərin bir yana,
Yatırsanmı gecə sən?
Yoxsa dolub gözünə
Qaranlığın zülməti?
Zindan edib özünə
Çəkirsən bu zilləti.

Söylə, şəhid anası,
Xatirələr qəlbini
Parçalayıb didirmi?
Toparlayıb səbrini
Üsyanların bitirmi?

Söylə, şəhid anası,
Heç düşürmü yadına
Balanın körpə çağı?
Heç laləzar görürsən
Bu xəzan olmuş bağı?
Yenə basıb bağrına,
Layla deyib adına,
“Şirinim, balım” deyib
Doymursanmı dadına?

Söylə, şəhid anası,
Xəyallar aləminə
Gedirsənmi sən yenə?
Sığal çəkib telinə
O körpə əllərini
Alırsanmı əlinə?

Necə xatırlayırsan
Uşaq ikən balanı?
Ondan uzaq tutardın
Hər xətanı, bəlanı.
Yadındamı, dil açıb
Sənə “ana” deməsi?
Ayaq açıb yeriyib,
Sənə tərəf gəlməsi?

Söylə, şəhid anası,
Söylə, qürurlu qadın,
Böyüdümü arzular
Böyüdükcə övladın?
O məktəbə gedəndə
Arxasınca baxardın?
Evə bir az gec gəlsə,
Onunçün darıxardın?
Bəs o əsgər gedəndə
De, öpdünmü doyunca?
Balanı yola salıb
Su atdınmı dalınca?
Dedinmi, salamat get,
Vətəninə qulluq et
Döyüşüb canla-başla
Torpağını azad et?

Söylə, şəhid anası,
Söylə, dözümlü qadın,
O gün necə oyandın
Qara xəbər alanda?
Şəhid oldu övladın,
Necə dözdü ürəyin?
Necə dözdün, dayandın?

Başa qara bağlayıb,
Hönkür-hönkür ağlayıb,
Balanı sorağlayıb,
Sarıldınmı tabuta?
De, vida etmək üçün,
Üzünü görmək üçün,
Son dəfə öpmək üçün,
Əl atdınmı tabuta?

İndi fəxrin, qürurun,
Bir məzarda uyuyur.
Ruhu başının üstdə
Səni səndən qoruyur.
Çünki şəhid balana
Ehtiyacın çox sənin,
Tutunmusan keçmişə,
Gələcəyin yox sənin.

Dinlə, şəhid anası,
Dinlə, xalqın anası!
Şəhid qardaşımızdan
Əmanətsən bizə sən,
Biz də sənin mənəvi
Övladınıq biləsən.

Cənnət ayağın altda,
Dərdimiz köksündədir.
Sənin yerinsə bizim,
Gözümüz üstündədir.

Şəhidin cənnətində
Gül toxumudur, ana.
Sən köçüb getdiyində
Əkiləcək bağrına…

Mələk Yazar