.....

.....

“Çiçək tək zərifdir qadın ürəyi” – Nailə Şamilqızı (şeirlər)

“Çiçək tək zərifdir qadın ürəyi” – Nailə Şamilqızı (şeirlər)

“Qadın ürəyi”

Çiçək tək zərifdir qadın ürəyi,
Qəbul eyləməz o hiylə,kələyi.
O qədər səbirli və güclüdür ki,
Dəf edər boranı,qarı,küləyi.

Bir qadın ürəyi deyil oyuncaq,
Sındırsan ömürlük çatı qalacaq.
Adicə bir səhvə yol versən əgər,
Əmin ol,o gül tək qəfil solacaq.

Qadın ürəyinin yoxdur bənzəri,
Ona içirməyin acı zəhəri.
Çalışın qəlbində çat yaratmayıb,
Olasız eşqinin ilki,əzəli.

Qəlbi çox həssasdır,bunu sən də bil,
O,nə torpaqdır, nə daş,nə də gil.
Əgər zərrə qədər vicdanın varsa,
Sən öz ürəyindən xainliyi sil.

Yaşadın..,yaşadın qadın qəlbini,
Zamansız əyməyin onun qəddini.
Qadınsız dünyanın olmaz mənası,
Sevin,əzizləyin,bilin qədrini.

“Sehirli çubuq”

Kaş sehirli çubuq ola,
Yelləyim mən sağa-sola.
Heç bir kəsin ürəyində,
Qoymaram muradı qala.

Yardımsız bir kimsə qalmaz,
Açan güllər bir də solmaz.
Gəlin köçmək istəyənlər,
Heç birisi evdə qalmaz.

Xəstələr də şəfa tapar,
Ac təndirə çörək yapar.
Bütün müsəlman olanlar,
Oruc tutub,namaz qılar.

Bir çubuqla imkansızı,
Zəngin edərdim inanın.
Gözü yaşlı insanların,
Sevinc edərdim hər anın.

Heç bir kəsin ürəyində,
Qalmazdı muradı,kamı.
Çubuğa bir toxunuşla,
Xoşbəxt yaşayardı hamı.

“Dünya yalan deyil”

“Yalan dünya”-demə dünyaya ey dost,
İnsan yalançıdır,dünya neyləsin?
“Zəmanə korlanıb gedir”-deyənlər,
Zaman öz başına külmü ələsin?

Dünya etibarsız deyildir inan,
Alın yazısını yazır Yaradan.
Şikayət etməyək gəlin dünyadan,
Etibarsız olan insandır,insan.

Onsuzda bu dünya çəkdiyin çəkir,
Sükanı düşübdür yaman əllərə.
Onu fırladanlar bəzən unudur,
Dünya gülür onu tərk edənlərə.

Vurulur başına ağır zərbələr,
Daşqınlar,zəlzələ,müharibələr..,
Alıbdır cənginə bütün dünyanı,
Az qala başına corab hörələr.

Bu gün bu dünyanı lənətləyənlər,
Düşünün,dünyanın günahı nədir?
Bir də gördük dünya çıxıb oxundan,
Bezərək hər şeydən dağılıb gedir.